12px14px16px18px

İntiharın başqa şəkli

Anar YUSİFOĞLU
03:30 / 18.01.2011
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Ya göründüyün kimi ol, ya da olduğun kimi görün”
 
                                                                       Cəlaləddin Rumi
 
Avropada tanışı olmayan insanlarla ovqatını bölüşmək, salamlaşmaq ənənəsi var. Orda elə bir komplekssiz cəmiyyət var ki, tanımadığın insana salam verə, xoş əhvalla “gözəl havadır” deyib ötə bilirsən. Avropa cəmiyyətinə “qonaq olanda” adamın ilk diqqətini çəkən məhz münasibətlərdəki bu sərbəstlik olur. Bizim cəmiyyətin nümayəndələrinə bir az qəribə gələn hadisədir...  Mən Avropada bu ənənənin hardan qaynaqlandığını bilmirəm. Ancaq bir insanın gün çırtlayanda tanımadığı şəxsdən müsbət enerji almasından yaxşı nə ola bilər ki! Təəssüf ki, biz yaşadığımız cəmiyyətdəki “tərəfdaşlarımızdan” bu enerjini ala bilmirik. Bunun səbəbi məni həmişə düşündürür.  Aldığımız enerji işdə, ailədə, qarşılaşdığımız insanlarla münasibətdə özünü büruzə verir. Fiziklərə inansaq, enerji yox olmur, bir şəkildən başqa şəklə düşür. Deməli, biz qəbul etdiyimiz impulsu mütləq ya ətrafımıza ötürürük, ya da iş əmsalına çeviririk. Nəticə etibarilə bizdəki mənfi enerjinin dağıdıcı xüsusiyyəti işimizə, ətrafımıza hakim kəsilir. Neqativ yük daşıyıcısı olmağımızın bir səbəbi milli kompleksimizdir. Birinin küçədə qarşılaşdığı şəxsin üzünə gülümsəməsini dəlilik əlaməti hesab edirlər. Nə qədər qaşqabaqlı olsaq, bir o qədər tənədən uzaq olacağımızı düşünürük və əslində olmadığımız şəkildə görünürük, özümüzü təcrid edirik. Özünü qılaflamaq, təcrid etmək yalnız özünəinamsızlığın nəticəsidir. Özünə inanan şəxs kimsədən çəkinmir, özünü rahat ifadə edir, daha səmimi olur. Ətrafdan özünü qoruma instikti isə nəticədə özünəvurğunluq xarakterini gücləndirir ki, bu da sözün tam mənasında xəstəlikdir. Özünə vurğunluq, özünü ətrafından bir baş üstün tutmaq cəhdi, eqoizm insanı içindən yeyir. Allah kimsəni kimsədən üstün və ya əskik yaratmayıb, hamının yeri, məqamı Haqq tərəzisində eynidir – yəqin bu tərəzinin çəki etalonuna şübhəniz olmaz.   Özündənrazılığın Tanrı dərgahındakı əcrini mömünlər daha yaxşı bilər, amma maddi aləmdəki əvəzi də var. Eqoistlər – heç vaxt öz istedadını, qabiliyyətini qorumaq imkanında deyillər, heç vaxt sona qədər xeyirxah da ola bilmirlər: onları ya imkanlarından üstün iddiaları, ya da qeyri-səmimilikləri gec-tez məhv etməlidir. Eqoizm daxilə düşən qurddur – xərçəng kimi nə vaxtsa sənin axırına çıxacaq!
 Bunlar görünən komplekslərimizdir. Qəribəlik bilirsiz nədədir? Biz özünəvurğunları, eqoistləri daha çox diqqətdə saxlayırıq. Çünki eqoizm maddiyyatın, özünəinam mənəviyyatın təzahürüdür. Biz madiyyatı və eqoizmi daha yüksəkdə tuturuq. “Dəryaca ağlı olub, yoxsul olana gülürük”, imkanlının ağzından çıxan sözlərin dürr, inci olacağını düşünürük və elə hesab edirik ki, yerə tökülən bu “dürr” və “inci”ni ona daha yaxın olmaqla dənləyə, ciblərimizə doldura bilirik. Həzrəti Əli deyirdi ki, “baxma kim danışır, bax, gör, nə danışır”! Bizsə baxırıq kim danışır, onun nə danışdığını bizim üçün elə də əhəmiyyəti yoxdur...
Əslində, bu kompleksin arxasında böyük bir faciə dayanır. Biz eqoistə diqqətimiz, marağımızla onu daha çox eqoistləşdiririk, onun “mənəmlik” xəstəliyinin dərinləşməsinə səbəb oluruq. Nəticədə həmin insanın məhvini sürətləndiririk! 
Yaxşı hal deyil – bir insanın tədricən ölməsini bu qədər diqqətlə, bu qədər yaxından seyr etməzlər!
Bir insanın özünəvurğunluqla özünəqəsdinə bunca şərait yaratmazlar.
Bəlkə, özümüzü özümüzdən qorumağımız yetər, bir az da özümüz özümüzü qoruyaq, hə? 
 Anar YUSİFOĞLU
Lent.az
 
 



Bu yazı ( 507 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar