12px14px16px18px

45

Hikmət SABİROĞLU
01:20 / 08.01.2011
 
Doğum tariximi yaxşı bilən Azər Qaraçənli dovşan ilinin ilk günündə 45 yaşımın tamamlanacağının fərqinə varanda simsar qəzetlərdən birinin adını çəkib “Beş-altı suallıq müsahibə pis olmaz” dedi. Cavabım “Bəlkə özüm nəsə yazdım” oldu. İndi görürəm ki, yazı elə müsahibə kimi alınacaq, həm Azər deyən olacaq, həm mən deyən.
“Beş-altı suallıq bir müsahibə”də məndən 45 yaşı nə hisslə qarşıladığımı soruşa bilərdilər...
“III Sektor” jurnalında çalışdığım vaxtın söhbətidir. Baş redaktor Vahid Qazinin qonaqları gəlmişdi – özbək, qırğız, tacik QHT-çiləri. Onları bir həftə Bakıda yola vermək – görüşlərə aparmaq, şəhəri gəzdirmək, dükan-bazarda müşayiət eləmək mənim boynumda idi.
Səfərin son günü Vahid qonaqlıq verdi. Sağlıq demək növbəsi Saşaya – özbək balası Aleksandr Qamirova çatanda üzünü yüzillik dostuma tutub məni təqdim elədi: “On ne vıros, Vaxid, on ostalsya bolşim rebyonkom”.
2005-ci ilin yanvarında olub bu əhvalat. Onda “böyük uşağın” 39 yaşı vardı. İndi, 45 yaşın astanasında qulağıma Saşanın səsi gəlir. Yaxınların anlamağa çətinlik çəkdiyi adamı bircə həftə içində duya bilmiş Saşanın səsi. “Sən heç böyümədin ki, sən elə uşaq qaldın” deyir.
Atamın 45 yaşını xatırlayıram. Dördüncü sinifi bitirirdim, ilk dəfə imtahan verib “5” almışdım. Yadımdadır, atamı sevindirmək üçün axşama qədər darvazada gözlədim, amma gəlib çıxanda “5” almışam”ı eşitmirmiş kimi ötdü.
Cəmi iki dəqiqə sonra sınmağımın yersiz olduğu bilindi – insult keçirdi atam, əl-ayağı qurudu, dili tutuldu. Demə, özünü evə zorla çatdırıbmış.
Yataqda heysiz-hərəkətsiz, lal-dinməz uzanmış 45 yaşında ataya 11 yaşında oğul necə baxar? Qulluq etmək demirəm. Baxmaq deyirəm. Çarpayısının qırağında oturub baxırdım.
O çarpayının qırağında oturub atamın əlini ovuşdurmağım da yadıma gəlir. Bu, ölüm yatağında olan 59 yaşlı atanın əlini ovuşduran 25 yaşlı oğul idi, amma 11 yaşında oğul ata əlindən necə yapışarsa, elə yapışmışdı.
İndi mənim əlimi 15 yaşında oğlumun əli isidir, 45 yaşlı ata olduğumu xatırladır o əl.
Amma 45 yaşımın içindəcə mən neçə yol balaca bir uşaq kimi olmuşam. Gün olub, ayaqlarım 17 yaşımda titrəyən kimi titrəyib. Həyatda çox bərkə-boşa düşmüş, neçə ağrıdan keçmiş 45 yaşında bir kişi niyə o günə qalır axı? Bu sualı mən də özümə çox verirəm – axı niyə həyat mənə çox şey öyrətsə də, uşaq kimi sevinməyi, bir də uşaq kimi sarsılmağı tərgitdirə bilmir?
Elə jurnalistikada da “böyük uşaq” olmuşam. Arxiv yığmasam da, yazılarımın çoxunu xatırlayıram. Boynuma alıram ki, siyasi yazılarımın çoxunda sadəlövh olmuşam. Azərbaycan gerçəkləri, dünyanın gerçəkləri – mənəviyyatsızlığın miqyası üzə çıxdıqca çox pərişan oldum. Son illər siyasətdən yazmamağımın tək səbəbi bu pərişanlıqdır.
Həmişə azadlığın dəyər olduğu yerlərdə çalışmışam. Mən rahat adam olsam da, heç də hər yerdə özümü rahat hiss edən adam deyiləm – hər yerdə və hər adamla işləyə bilmərəm. Azadlığın və mənəviyyatın dəyər olmadığı yerdə olmamışam, yoxam, olmaram.
Yazı-pozu ömrümün çox hissəsi redaktədə keçib. Hərdən “Niyə yazmırsan” soruşan, “Az yazırsan” gileyi edən dostlara deyirəm ki, “Mən yazan yox, pozan jurnalistəm”. Davamlı yazdığım vaxtlar az olub. Həm də ona görə ki, çətin yazıram, bəzən beş-on cümləlik yazıya ölüb-dirilmək lazım gəlir. Tək könül yazılarını, məsələn, bitməyən “Qarabağ söhbətləri”ni, yarımçıq qalan “Silinməyən məktublar” silsiləsini yox, bəzi siyasi yazıları da ağlaya-ağlaya yazmışam.
Mənə yazmağı məsləhət bilməyən dostlar da var. Azər Rəşidoğlu hər yazımdan sonra mesaj göndərir: “Yazma, manyaksan, yazma” deyir. Şəkilçəkən Elxandan yazıma da belə dedi. Azəri qınamasam da, deyim ki, yazılarımla daha çox öz qanımı içirəm.
Əlimdən yazı-pozudan başqa bir şey gəlmir. Buna bəlkə də utanmaq lazımdır, amma belədir. Bir də uzağı xeyir-şər adamı kimi, dostcanlı adam kimi nəyəsə yaradığımı deyirlər.
Dünyanın virtual dost azarına tutulduğu zəmanəmizdə mən real dostlarla nəfəs alıram. Dostları ən böyük sərvətim sayıram. Onları itirmək çox ağırdır.
Bir də ən çox qorxduğum dostların düşmənçiliyidir. Azər Qaraçənli dostların düşmənçiliyindən yazmışdı bir vaxt: “Onlar bir-birlərinə o qədər pislik eləməyə çalışırlar ki, yaddaşları büsbütün ədavət xatirələriylə dolsun, keçmiş xatirələr dərin bir quyuya düşsün və daha heç vaxt oyanıb hissləri tərpətməsin”.
Mənim dostlara ayrı münasibətim var – ədavət xatirələrini yox, ilıq xatirələri üstün tuturam hər vaxt.
Bəlkə də bu, uşaqlıqdır. Amma “böyük uşaq” olmaq mənə çox iztirab gətirsə də, bu tövrümə vəfalıyam. Peşman deyiləm bu vəfaya...
 
30 dekabr 2010-cu il 
 Hikmət SABİROĞLU
 
 



Bu yazı ( 389 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar