12px14px16px18px

İnamın şəkli

Anar YUSİFOĞLU
01:28 / 31.12.2010
“Çağ” Öyrətim Şirkətinin rəhbəri Ənvər Özərən jurnalistləri yeni tədris binası ilə tanış olmağa dəvət etmişdi. Getdim, mübaliğəsiz desəm, avropalı məktəblilərin belə həsəd aparacağı şəraitlə tanışlıqdan məmnunluq duydum.
Söz yox, Ənvər Özərən media nümayəndələrini dəvət etmişdisə, demək, özünə arxayın idi, biz də yüksək səviyyəli bir bina görəcəyimizə şübhə etmirdik. Ona görə də, səmimi desəm, gedişimi şərtləndirən səbəb yeni texnologiyalarla təmin edilən şəraitli bina görmək istəyi deyildi. Zatən, son illər Azərbaycanda arxitektura və memarlıq baxımından gözəl binalar tikilir və belə yeniliklərlə kimsəni təəccübləndirmək olmaz.
Məqsədim türk təhsil sisteminin qazandığı uğurların səbəbini öyrənmək, “nailiyyət sirrinə” açar tapmaq idi.
Şagirdlərlə görüş, dərsi izləmək imkanımız olmadığından qanım qaraldı, bina hələ uşaqların istifadəsinə verilməmişdi. Ancaq gözləmədən “sirr qapısı” özü özünü göstərdi.
Direktorun otağından savayı bütün otaqlarda izləmə kameraları vardı. Yəni tədris otaqlarının hamısını müşahidə etmək mümkündür, təkcə direktordan başqa.
Səbəbini soruşdum. Ənvər bəy dedi:
– Biz təyin etdiyimiz müdirə inanmasaq, hansı uğur qazana bilərik, axı?!
Vəssalam – sirr bircə cümlədə ifadə edildi: İnam!
Doğrudan da, işçinin özünü güvəncdə hiss etməsindən gözəl nə olar bilər ki?! Xüsusilə yaradıcı adamlar ruhu sakitlik olmadan işləyə, öz potensiallarını gerçəkləşdirə bilərlərmi?
Özünün daim nəzarətdə olduğunu bilən adam psixoloji olaraq ən azı şüuraltı təsirin altına düşür ki, beləsinin fərdi istedadının üzə çıxacağından söhbət gedə bilməz. O, ən yaxşı halda “cızılmış çevrə”nin içində qramofon kimi zəhlə tökməkdən başqa heç nəyə yaramır.
Musa Yaqub lirik biçimdə bu özünəinamı lakonik ifadə edib:
Bu şeytan fikirləri çıxar başımdan,
Könlüm bu əzabı çəksin nə qədər?!
Özüm qurtararam öz savaşımdan
Vallah, daş üstə də çiçəyim bitər
Könlüm sən tərəfdən arxayın olsa!
Ürəyi və beyni qurd kimi içindən yeyən xofun, düşmən axtarışının, qeyri-səmimi münasibətin yaranmasının bir səbəbi də güvəncdə olmamaqdır. Təsəvvür edin, iş tökülüb qalıb bir tərəfdə, sən tərəddüdlərin içindəsən, “könlün arxayın deyil”, özünü izləmə kamerasının önündə “canlı yayımdakı” kimi hiss edirsən, az qala, qalstukunun əyriliyi də səni məşğul edir. Belədə hansı uğurlu və istedadlı layihə ortaya qoymaq olar?
 
lll
 
Türkiyə səfəri zamanı həmkarlarımla məktəblərlə tanış olmaq imkanı yarandı, orada fikrimi indi də məşğul edən şüarı oxudum: “Ağıl, sevgi və başarı”. Deyəsən, uğurun başqa sirri də elə budu! Çünki ağılla, yüksək intellektlə bünövrəsi qoyulan bir iş sevgiylə, inamla, səmimiyyətlə davam etdirilirsə, hədəfinə – başarıya, uğura yetişəcəyi də şübhəsizdir. Bir də, “yaxşı kadr – uğurun yarısıdır” deyiblər...
Bu düsturu da təbii olaraq öz üstümüzə transfer etdim və 5 il öncə İsmayıl Ömərovun mediada çox hallandırılan bir açıqlaması yadıma düşdü. İ.Ömərov “mənim ən böyük layihəm kollektivimdir” demiş, iş mühitini açıqlamış, səmimiyyətini ortaya qoymuşdu. Bizdə də kameralar yoxdu – rəhbərlik bütövlükdə kollektivə inamını açıq-aydın göstərir. Və görünür, İctimai Televiziyanın qısa müddətdə qazandığı çox böyük nailiyyətlərin də arxasında məhz bu “uğur sirri” – Özünə və Ətrafına İnam dayanır!
Nəticə də var – İctimai Televiziyanın hədəfi loqosunda əksini tapıb.
 
lll
 
Hər işdə klassik düşüncə tərzimizə uyğun “üç əlamət” axtardığımdan, türk məktəblərinin uğurunda sonuncu amili tapmağa çalışdım. Tapmadım. Əvəzində türk məktəblərinin təhsilimizdəki simasını gördüm.
Bu sima – istedadın, qabiliyyətin yaratdığı İnamın virtual şəklidir.
Xeyli vaxtdı bunu düşünürəm: “Hər kəsin siması onun istedadından və qabiliyyətindən doğan İnamının virtual şəklidir. İnamın virtual şəkli necə də gözəldir”!
LENT.AZ
 
Anar YUSİFOĞLU
 



Bu yazı ( 383 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar