12px14px16px18px

Zamandar

II QİSMƏT

KAMAL ABDULLANIN 60 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ

01:32 / 20.11.2010
 
 
 
 
Zamandar sözünü bu yazını yaza-yaza uydurdum. Belə söz varmı, yoxmu, bilmirəm. Mən rast gəlməmişəm. Amma məncə, bu söz yazımın bugünkü qəhrəmanına, məclis dilində desək, səbəbkarına – Kamal Abdullaya çox uyğun gəlir. Dəyərli Kamal müəllimin yubileyi ilə bağlı bu yazının bəzi hissələrini qaralaya-qaralaya düşünürdüm ki, onun həm bədii, həm elmi yaradıcılığını üçün ümumi birləşdirici cəhət nədir? Deyəsən özümə görə bir cavab tapdım. Bunu sizinlə bölüşmək istəyirəm.
Bilinən bir həqiqət var ki, elmi-pedaqoji fəaliyyətlə bədii yaradıcılığı paralel davam etdirən yazıçıların yaradıcılığı üçün sintez xasdır. Bunun dünya ədəbiyyatında saysız örnəyi var. İlk ağıla gələnlər Umberto Eko, Orhan Pamukdur. Çağdaş Azərbaycan ədəbiyyatında bu modelə uyğun gələn, yəni hər iki xətti paralel davam etdirən əsas yazıçı Kamal Abdulladır. Lakin sizinlə bölüşmək istədiyim bu sintez məsələsi, paralel yaradıcılıq modeli deyil. Kamal müəllimin arda-arda bir neçə romanından sonra hekayələr kitabını oxuyub bitirəndə özümə belə bir sual verdim : “Qismət, elə indi paltarını geyinib şəhərdə dostlarla görüşməyə gedərkən, yolda hansısa tv-nin müxbiri səni saxlayıb soruşsa: “Kamal Abdullanın kitablarını oxuyanda elə bir hiss varmı ki, o sizi tərk etmir?” – nə cavab verərsən? Yəqin ki, tv müxbirlərindən biri bu sualı küçədə mənə versə, sevincim təəccübə qarışardı və həyəcandan özümü itirib susardım. Bakıda bütün vəziyyətlərə hazır olmaq lazımdı deyə, bu sualı bir neçə gün düşündüm. Tapdım da. Mən qarşıma heç vaxt çıxmayacaq o müxbirə belə cavab verərdim: Keçmiş zaman hissi.
Kamal müəllimin müsahibələrindən birinin başlığına çıxan bir cümləsi var: “Nostalji hər kəsin qəlbində var“. Bu nostalji, ötüb keçmiş zaman hissi Kamal Abdullanın, demək olar ki, bütün əsərləri üçün xarakterikdir. Qəribəsi odur ki, onun təkcə bədii yox, həm də elmi əsərlərində həmin hiss var. Mən isə bu nostalji hissini bir qədər başqa cür anlayıram. Nədənsə mənə elə gəlir ki, Kamal Abdullanın yaradıcılığındakı nostalji hissi klassik ötüb keçənlər üçün darıxmaq duyğusundan ziyadə, bugün narazı olduğu nələrəsə görə dünənləri redaktə etmək istəyidir. Kamal müəllim elə bil hər şeyin başlanğıcına, start xəttinə qayıtmaq istəyir. Zamanlararası səyahət etmək istəyir. Elə bil sirli şəkildə sabahlardan xəbəri var deyə dünənlərdəki işlərə düzəliş etmək istəyir.      
Yazdığı kitabların adlarına ötəri bir nəzər kifayətdir ki, ordakı zaman səyyahlığını görək. “Gizli Dədə Qorqud”, “Sirr içində dastan”, “Əvvəl axır yazılanlar”, “ Ruh”, “Yarımçıq əlyazma “, “ Tarixsiz gündəlik”, “ Sehrbazlar dərəsi”, “Dilçiliyə səyahət”, “Mifdən yazıya”, “Unutmağa kimsə yox...”. Bütün bu adların arxasında, məncə, nəhayətsiz bir zaman hissi, konkret olaraq söz ilə ifadəsi qeyri-mümkün sirli, ovsunlu həqiqətləri yazının birbaşa məntiqi ilə yox, havasıyla, aurasıyla ötürmək cəhdi var. Kamal müəllim tarixin saralmış, daşlamış, bəzən də çürüyüb dağılmış qədim əlyazmalarının, daş tabletlərinin sirrinə vaqif olmaq istəyir. Yəqin buna görədir ki, Kamal Abdullanın adı gələndə mənim ağlıma həm də sarı-qəhvəyi rənglər gəlir. Kitablarının üzünə daha çox bu rəngləri məqbul sayan Kamal müəllim üçün, məncə, bu rənglər təkcə poliqrafik zövq məsələsi deyil. Bu rənglərdə həm də bir qədimlik, ululuq məsələsidir. Sarı-qəhvəyi rənglərin assosiasiyası hər zaman olmasa da, əksər hallarda dürlü-dürlü müharibələrdən, sevgilərdən, ayrılıqlardan, itkilərdən və əsrlərdən keçib gəlmiş əlyazmaların rəngidir. Bu əlyazmalar bəzən yarımçıq olur və Kamal Abdulla o yarımçıqlığı tamamlamaq istəyir. Bu əlyazmalar bəzən tarixsiz olur və Kamal Abdulla onların tarixini müəyyələşdirmək istəyir.
Onun hekayələrində də sadaladığım zaman məsələsi çox aşikardı. Təkcə “Parisin seçimi”ni xatırlamaq kifayətdir. Yenə eyni hiss, yenə zamanın dərinliyə baş vurub nəticələri dəyişmək cəhdi. Troya haqqında mif yaranandan ta bugünədək hər yeni oxucuda, tədqiqatçıda yenidən təkrarlanır. Hər filmdə yenidən Paris ən gözəl kimi Afroditanı seçir. Troya şəhəri məğlub olur.
Bütün bunlara dəlicə vurğun olan, mifin qəhrəmanlarını doğmaları kimi sevən, onlara yaxınları kimi acıyan bir ürək,əsrlərin intəhasızlığından günümüzəcən gəlmiş bütün pünhanların sirrini aşikar eləmək istəyi,yarımçıq əlyazmaların davamını yazmaq cürəti, tarixin tarixsiz vərəqlərinə tarix qoymaq arzusu və dilin yarandığı zamana – OL zamana qədər qayıtmaq istəyən fantastik bir düşüncə!
Kamal Abdullanın adını yazıb tire işarəsi qoysaq, tiredən sonra yazılası çox söz var.
O, məncə, zaman maşınını kəşf etmək istəyənlərdən biridir. Amma bu dəfə iş bir qədər fərqlidir. Kamal Abdulla fizikanın qanunları ilə yox, sözün-dilin qaydaları ilə bunu etmək istəyidir.
İşığın sürətinə yaxınlaşıb zamanı dayandırmaq arzusuyla alışıb-yanan bəşəriyyətin bu arzusunu Kamal müəllim sözlə etmək istəyir. İşığın sürətinin qabağına sözün, düşüncənin sürətini qoymaq istəyir.
Beynimiz keçmişi həmişə yaşlı bir qoca cildinə salır. Keçmiş buna görə çox vaxt tarixlə, hesablana bilinənlə assosiasiya olunur. Bizə həmişə gəlir ki, bu qocanın saralmış, bürüşmüş şəxsiyyət vərəqinə baxıb yaşını, doğulduğu yeri təyin edə bilərik. Gələcək isə gümrah, gözləri parlaq, işıqlı bir gənc kimi beynimizin qaranlığından işıqlanır. Və nədənsə gələcəyə ad da vermək istəyirik.İstəyirik ki, onu adı Ümid olsun. Beləcə keçmiş olub-bitmiş həyatlarla, xatirələrlə bizdən arxada, gələcək işıqlı üzü ilə qeyri-müəyyən variantlarla bizdən irəlidir hissinə qapılırıq. Çünki biz istənilən halda yalnız indiki zamandayıq. Bütün tarix kitabları, məncə, həm də bunun sonucunda yazılıb. Yəni şüurlu ya da şüursuz içimizdə həmişə zamana sahib çıxmaq, onu kontrol etmək istəyi var. Tarix elmi məncə bu acizliyimizdən yaranıb. Biz “olub-bitib” dediyimiz hadisələri müxtəlif əsrlərə görə müxtəlif dövrlərə bölmüşük və kitablar yazıb o dövrləri o kitabda paraqraflara ayırmışıq. Acizliyimizi kitablaşdırmışıq. Mən nədənsə dəhşətli bir əminliklə hiss edirəm ki, Kamal Abdulla bütün bunları daha dərindən, daha yaxşı bildiyi üçün tarix kitablarındakı tarixdən kənarda olan başqa bir tarix hiss ilə yaşayır. Nə olsun ki, Kamal müəllim Bakı Slavyan Universitetinin rektorudu və vəzifəsinə görə gündəlik qayğılarla yüklənib. Hansısa sənədlərə qol çək, möhür bas, bu böyük orqanizmin hər nöqtəsinə göz qoy, idarə et, həm də fərdi yaradıcılıqla məşğul ol, mifləri araşdır və sairə. Çağdaş işgüzar insan tipinin məşğulluğu, vaxtsızlığı içində Kamal Abdulla, məncə, tamam ayrı bir zamanda yaşayır. O da hamı kimi küləkli havalarda buludların hərəkətinə baxanda, stəkana su süzəndə axıb gedən zamanı hiss edir, amma bu zamanı, məncə, o hamı kimi başa düşmür. Onun zamanı bir arxeoloqun zamanında da fərqlidir, məncə. Bu daha çox açıq kosmosda olub yerə qayıtmış kosmonavtın hiss edə biləcəyi zamandı.
Kamal müəllimin kitablarındakı zaman hissinə bürünüb “çitrakuta-çitrakuta işvaaraa“ sözlərini təkrarlasaq, görən, zamanlararası səyahət bizə qismət olarmı? Görürsünüzmü mən də zamanı kontrol etmək istəyindən qaça bilmirəm. Normaldı. Çünki mən də sevmədiyim, o aciz tarix hissiylə təhsil almışam.
Zaman qarşısında acizliyimizi heç qədimlərdə axtarmaq gərək deyil. Hamımızın evində çox güman ki, 3-5 il öncəyə aid doğum günü, toy-nişan videokasetləri, diskləri və təbii ki, həmin vaxtlarda çəkilmiş şəkillər də var. Disklərdən birini dvd-yə salıb baxın. Sevmədiyiniz görüntü olanda pauzanı basın. Düzəltməyə çalışın cəmi 3 il öncəki sevimsiz zamanı. Olmadı? Əlbəttə, olmadı. Biz aciz tarix və zaman hissiylə təhsil almış adamlar hamımız gücsüzük. Gücümüz o video görüntüləri yalnız irəli-geri verməyə çatır. Zamanı bir az ayrı cür düşünməyin zamanı çatıb. Kamal müəllim son romanının adı elə bu barədə SOS siqnalıdır. Bu siqnal meqafonlarla çığırıb deyir ki, bizim vərdiş etdiyimiz zamanda daha unutmağa kimsə qalmayıb. Və bu çox dəhşətli bir tənhalıqdır. Hamını unutmuşuq.
Zaman dayıyla Zəmanə xala bütün əsrlərin ölümsüzləri kimi bizdə qısqanclıq doğurur. Onlar hər şeyi görüb, hər şeyi bilirlər,deyəsən hər şeyi də görəcəklər. Onlar həmişə bizdən çox biləcəklər, bizdən yaşlı olacaqlar, amma həm də həmişə bizimlə həmyaşıd. Ana bətninin qaranlığından çıxan kimi ciyərləri oksigeni, gözləri işığı tanıyan çağa da onların övladı olacaq, qarşıda günləri tükənməkdə olan üzü qırışmış, dişi tökülmüş, beli bükülmüş ahıl da. Onların – Zaman dayıyla Zəmanə xalanın şifrəsi çözülməmiş xatirə dəftərini, minilliklər boyunca tutduqları gündəlikləri Kamal Abdulla çözmək istəyir. Bəyaz qalmış yerlərini özü yazmaq istəyir. Folknerin yazıçının məğlubiyyətini əslində onun qələbəsi hesab etdiyi fikriylə yanaşsaq, çox güman ki, Kamal müəllim də məğlub olacaq. Lakin bu məğlubiyyət qeyri-mümkünlüyə cəhdin gözəlliyi kimi heç vaxt unudulmayacaq.  
Mənə elə gəlir, başqa zamanda və ya zamanı başqa cür yaşadığına inandığım Kamal müəllimdən soruşsam ki, bu 60 il necə keçdi, o, ağayana duruşunu pozmadan gülümsəyə-gülümsəyə belə deyəcək: “Hansı 60 il, oğlum?”      
II QİSMƏT



Bu yazı ( 574 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar