12px14px16px18px

“Sarı Odalar”ın İradəsi

Nərmin HÜSEYNZADƏ
02:58 / 16.10.2010


Dünən Azərbaycan Yazıçılar Birliyində, tanınmış publisist, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın “Sarı Odalar” bədii publisistik kitabının təqdimetmə mərasimi oldu. Bir sıra yazıçı, şair və jurnalistlərin qatıldığı tədbirdə ictimai-siyasi xadimlər, millət vəkilləri iştirak edirdilər. “Mən burda çoxdandır görmədiyim dostlarımı gördüm. Bu məni sevindirdi. Çox yaxşı haldır ki, bu adamlar vaxt ayırıb bura gəliblər və bu da onların İradə xanıma olan dərin sevgi və sayğısından xəbər verir” sözləriylə çıxışa başlayan AYB-nin katibi Rəşad Məcid İradə Tuncayın yaradıcılığı barədə danışdı. Kitabda toplanan yazıların ayrı-ayrı vaxtlarda “Ədalət”də və “525-ci qəzet”in səhifələrində işıq üzü gördüyünü qeyd etdi. R.Məcid vurğuladı ki, bu kitabda Osmanlı tarixinin ən müxtəlif məqamlarından tutmuş, son yüzilliklərdə ətraf ölkələrdə baş verən mühüm hadisələrədək xalqımız üçün önəmli məqamlara işıq salan yazılar, həmçinin böyük sənətkarlar barədə esselər yer alıb. Bu kitabın üstünlüyü ondadır ki, hər hansı uzaq dövrlərdən yazılmış esselərdə də bu günə aid eyhamlar, tarixin müəyyən qatlarının bugünümüzlə əlaqəli məqamları oxuculara çatdırılır və onları inandırır. “Sarı Odalar” kitabında toplanan esselərin publisistika sərhədlərini aşaraq bədii ədəbiyyata yaxınlaşdığını deyən Rəşad Məcid onu da əlavə elədi ki, bu gün bədii ədəbiyyat adına quru publisistik dillə yazılar yazılsa da, onlarda bədii üslubdan əsər-əlamət olmadığı açıqca görünür. Amma İradə xanım öz esseistika üslubu ilə bədii əsərlər səviyyəsində yaza bildiyini sübut edib.
R.Məcid çıxışının sonunda İradə xanımın AYB-yə üzvlüyü ilə bağlı da “məsələ qaldırdı”. O, Moskvada tədbirə qatılması səbəbi ilə bu mərasimdə iştirak edə bilməyən AYB sədri, xalq yazıçısı Anarın İradə xanıma təbriklərini çatdırdı. Sonra AYB sədrinin müşaviri Rauf Aslanov da bu təbrikə qoşularaq, İradə xanıma bir dəmət gül təqdim etdi.
Tənqidçi Vaqif Yusifli isə çıxışına publisistika barədə fikirləri ilə başladı: “Publisistika bir sıra sahələrlə yaxından bağlıdır. Tarix, ədəbiyyat, fəlsəfə ilə bağlı fikirləri bu janrda ifadə etmək olar. Son illərdə publisistika ilə davamlı məşğul olan azsaylı müəlliflərdən biri də İradə Tuncaydır. Düzdür, bir sıra şair və yazıçılarımız da ara-sıra publisistika ilə məşğul olurlar. Amma İradə xanım bu janrla davamlı məşğul olan qələm adamlarındandır. Son illər istər ədəbi tənqid, istərsə də bədii publisistikada regionçuluq, dostbazlıq hissləri hökm sürür. Ancaq İradə xanımın yazılarında daha çox insanın daxili aləminə nüfuz etmək bacarığı və meyli hiss olunur. O, azərbaycançı publisistdir və ayrı-ayrı hadisələrə, müxtəlif şəxslərə obyektiv yanaşır”.
Vaqif Yusiflidən sonra söz alan AYB-nin katibi, ədəbiyyatşünas Arif Əmrahoğlu İradə Tuncayı ilk olaraq televiziya ekranlarından tanıdığını dedi: “Sonralar mən onun yazılarını “Ədalət”də, “525-ci qəzet”də oxudum. İradə Tuncayın yazılarını oxuyanda yadıma rəhmətlik Aydın Məmmədovun məşhur bir fikri düşür. Aydın müəllim deyirdi ki, elə yazarlar var, bir tezisi götürüb uzun bir məqalə yazırlar. Elələri də var ki, bir məqalədə 50 dənə tezis ata bilirlər ortaya. İradə xanım bu cür yazarlardandır. O, dərin savada, güclü istedada malik yazardır”.
Yazıçı-dramaturq, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli çıxışının əvvəlində kitabın zahiri görünüşü haqqında fikirlərini bölüşdü: “Kitab mənim də çox sevdiyim sarı kağızda, nəfis tərtibatda çap olunub. Kitabda cəmi bir hərf səhvi gördüm (Bu məqamda müəllif Tuncay yerdən replika səsləndirdi: “Özüm bir neçəsini tutmuşam. Nə qədər diqqətlə oxusam da, diqqətimdən yayınanlar olub”). Belə bir deyim var: “Ədəbiyyat faktsız jurnalistika, jurnalistika faktlı ədəbiyyatdır”. Məncə, publisistika ən çətin janrdı. Bu kitab son günlər mənim stolütü kitabıma çevrilib. Belə bir kitab yazdığına görə İradə xanıma minnətdarlığımı bildirirəm”.
Daha sonra söz millət vəkili Məlahət İbrahimqızıya verildi. Məlahət xanım çıxışında dedi ki, gözəl kitablar tələsik oxunmur: “Sarı odalar” kimi kitab cümlə-cümlə, diqqətlə oxunmalıdır. Ümumiyyətlə, İradə xanımın nəinki kitabına, hər bir məqaləsinə, hər bir essesinə ayrılıqda təqdimat keçirilməlidir”.
M.İbrahimqızı millət vəkillərindən Azay Quliyevin də təbrikini müəllifə çatdırdı.
Şair-publisist Qulu Ağsəs isə İradə xanımı əməlli-başlı “terrorçuluğa” səslədi: “Bu yaxınlarda Üsamə bin Ladenin müsahibəsini oxudum. Müsahibəni alan jurnalist onu terrorçu yox, inşaatçı-mühəndis kimi təqdim etmişdi. Mən arzu edirəm ki, Azərbaycan yazıçıları da belə güclü olsunlar, avtoritet olsunlar və hamı onlardan qorxsun. Mən belə düşünürəm ki, publisistika da ədəbiyyatdır. Onların arasında sərhəd qoymaq olmaz”.
Tanınmış publisist Etibar Babayev də diqqətçəkən bir çıxış etdi. İradə Tuncayın yazılarını ancaq səhərlər oxuduğunu deyən Etibar bəy: “İradə Tuncayda hamıdan bir az var. Bir az Napoleon, bir az Siseron, bir az Yuli Sezar, amma hamıdan çox İradənin öz dünyası var. İradənin iç dünyası dərin və poetikdir” – dedi.
Professor Gülrux Əlibəyova tədbirdə səslənən publisistika, bədii ədəbiyyatla bağlı fikirlərə münasibətini açıqladı və müəllifə yaradıcılığında yeni uğurlar arzuladı.
Yazıçı Nahid Hacızadə çıxışına, İradə Tuncaya onun haqqında yazdığı yazılara görə minnətdarlıq etməklə başladı: “İradə mənim haqqımda da bir neçə məqalə yazıb, mən buna görə ona minnətdarlığımı bildirirəm. O bizə Məmməd Araz yadigarıdır”. Sonra Nahid müəllimlə İradə xanım arasında maraqlı bir dialoq yaşandı: N.Hacızadənin “İradə, sən adi adam deyilsən” cümləsinə İradə xanım “Bilirəm” deyə cavab verdi.
Teleaparıcı Nərgiz Cəlilova İradə xanımla bir yerdə işləməyin verdiyi məmnunluqdan, güvənc hissindən danışdı, ona yeni müvəffəqiyyətlər dilədi.
“Təhsil” nəşriyyatının baş redaktoru, yazıçı Mustafa Çəmənli İradə Tuncayın publisistikasındakı az sözlə böyük mənalar ifadə etmək gücündən danışdı və kitabdan bəzi nümunələr oxuyaraq öz fikrini əsaslandırdı.
Söhbət “Təhsil” nəşriyyatından düşmüşkən, tədbirdə İradə Tuncay və Aqil Abbas kitabın ərsəyə gəlməsində bu nəşriyyatın direktoru Bəhruz Axundovun təkidinin böyük rol oynadığını qeyd etdilər və kitabın belə nəfis şəkildə çap olunması üçün ona minnətdarlıqlarını ünvanladılar.
“Olaylar” qəzetinin baş redaktoru, yazıçı Yunus Oğuz İradə Tuncayın yaradıcılığını mütəmadi izlədiyini və bir müddət yazılara ara verərkən narahatlıq keçirdiyini və bunu müəllifin özünə də söylədiyini qeyd etdi. Y.Ocuz bu yazıların Azərbaycan jurnalistikasında xüsusi yeri olduğunu söyləməklə yanaşı, dərc edildiyi qəzetlərə də nüfuz gətirdiyini bildirdi.
Jurnalist Əlövsət Bəşirli fikrən 1967-ci ilə qayıdaraq, İradə xanımın atası, xalq şairi Məmməd Arazla ilk tanışlığı barədə xatirələrini dilə gətirdi. O, İradə xanımın yazılarını mütəmadi və diqqətlə oxuduğunu, ailə üzvlərinə də oxutdurduğunu, bu yazılarda Məmməd Araz istedadının, Məmməd Araz publisistikasının davamını gördüyünü söylədi.
İstedadlı gənc şair və publisist Aysel Əlizadə İradə Tuncayı özünə yaxın sirdaş və dost hesab etdiyini bildirdi: “İradə Tuncay qeyri-ənənəvi adamdır. İradə xanımın tədbirində qeyri-adi çıxışlar etmək lazımdır. Onun yazılarında hədsiz intellektuallıq və istedadla yanaşı, çox böyük səmimiyyət var”. A.Əlizadə İradə Tuncayın Nobel mükafatına layiq bir qələm sahibi olduğunu dedi və çıxışını belə bitirdi: “Tarix sizin haqqınızı verəcək, İradə xanım!”
Çıxış üçün söz alan yazıçı-publisist, millət vəkili Aqil Abbas öncə həyat yoldaşına minnətdarlığını bildirdi:: “İradə xanım, çox sağ ol ki, 32 ildir, mənim kimi bir adama dözürsən”. İradə xanımın cavabı da maraqlı oldu: “Aqil, elə sən də sağ ol ki, mənə dözürsən”.
Mərasimə qatılanların hər birinin üzünün ifadəsindən və davranışlarından onların tədbirdən xoş təəssüratlarla ayrıldıqları aşkar hiss olunurdu.
Nərmin HÜSEYNZADƏ




Bu yazı ( 710 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar