12px14px16px18px

...dənizə gedək?!

Anar YUSİFOĞLU
02:57 / 16.10.2010


80-ci illərin sonlarında fransalı alimlər bir sınaq keçirmişdilər. Rep və milli musiqinin dayanmadan səsləndiyi iki ayrı otağın hər birinə bir ədəd yumurta qoymuşdular. İki həftədən sonrakı nəticə maraqlı idi. Milli musiqinin səsləndiyi otaqdakı yumurtanın tərkibi dəyişməmişdi. Amma rep musiqisinin guppultusunu “dinləyən” yumurta çürüyüb, qaralmışdı...
Alimlər bu “əməliyyatı” sonra insanların da üzərində sınaqdan keçirdilər. Bəlli oldu ki, qarmaqarışıq səs yığınından və guppultudan ibarət olan musiqi gənclərdə aludəçilik yaradır, amma bu “narkotik” onların beyin hüceyrələrini məhv edir, düşünmə qabiliyyətini kütləşdirir, təcavüzə meyli artırır.
Nəticə o zamankı Fransada şok yaşatmışdı. Demokratik dəyərləri ilə tanınan Fransada yad və bayağı musiqi rəsmən qadağan edilmişdi, milli estradanın geniş yayılması üçün tədbirlər görülməyə başlanmışdı...
lll
... Bu araşdırma ötən həftə taksidə yadıma düşdü. İşə gəlmək üçün əyləşdiyim taksinin sürücüsü gedəcəyimiz ünvanı soruşandan sonra radionun səsini qaldırdı. Cır səslə qışqıran birisi “Nə sizə gedək, nə bizə gedək, iki dənə ceyran götürüb dənizə gedək” kimi sözləri olan bir “mahnı” oxuyurdu.
Sürücü elə ləzzətlə qulaq asırdı ki... Adam elə bil özünün ən ciddi sosial, ya da sağlıq probleminin həlli ilə bağlı açıqlamaya qulaq kəsilmişdi. Hər halda bu da bir cür xoşbəxtlikdi.
lll
Musiqi insanın düşüncəsinə, ruhuna, ovqatına, yaşam tərzinə təsir edir. İnsanların normal istirahətindən tutmuş fərdi potensialının üzə çıxmasına, şəxsiyyətinin formalaşmasına qədər hər önəmli keçiddə öz sözünü deyir. Çünki musiqi Sözlə Ahəngin birliyidi, deməli, insanın İçinin təzahürüdü. Onu Böyük Ürəkli, Böyük İdeallı insanlar yaradanda musiqi də bəşəriləşir, bütünləşir, merkantil maraq və hisslərin girovu olanların qələmindən, barmağından süzüləndə məhəlliləşir, mütiləşir, miskinləşir...
Musiqi həm mənəviyyat, həm də mənəviyyatsızlıq, həm əxlaq, həm də əxlaqsızlıq, həm döyüşkənlik, həm də məğlubiyyət simvoluna çevrilə bilir. Musiqi tarixiliyi, yaddaşı, sevgini... qorumaq üçün çox az vasitələrdəndi. Musiqi təkcə oxumaq üçün, diringi havaların sədası altında toy mağarında qol götürüb oynamaq üçün deyil.
lll
Bəlkə də İrəvan çoxdan bizim üçün Yerevan olardı, əgər “İrəvanda xal qalmadı” olmasaydı, Sovetin Kirovabad deyib yalnız düşüncəmizdə yaşatmaq istədiyi, amma nail olmadığı Gəncə adını bizə həm də “Gəncədən gəlirəm, yüküm xurmadı, Gəncənin yolları burma-burmadı” mahnısı unutdurmadı. Biz Arazı da mahnılarda yaşatdıq, Təbrizi də, İrəvanı da, Dərbəndi də, Borçalını da. Biz bu gün də “Qarabağ şikəstəsi”, Xanın “Şuşanın dağları başı dumanlı” sədası ilə təsəlli tapmırıqmı? Biz faciəli tariximizi həm də “Yanıq Kərəm”lə danışmırıqmı?
Musiqi böyük silah olmasaydı, düşmənimiz torpaqlarımızla yanaşı, həm də anlamını, mənasını bilmədiyi “Sarı gəlin”in, “Ay laçın”ın, “Uzundərə”nin davasını eləməzdi. Musiqi böyük savaşların pıçıldayan silahıdı! Səssiz, amma gülləsi ürəyi deşən silahdı! Bu hərb meydanında da belədi, sevgi savaşında da, mənəviyyat davasında da!
lll
Və indi düşünürəm. “O mənim olmalıdır, olmalıdır”, “İki ceyran götürüb, dənizə gedək” kimi söz yığınları, heç bir məna ehtiva eləməyən toplu bu şəhərin küçələrini necə başına götürə bilir? Bunlar niyə yaradılır, niyə yayımına icazə verilir?
Lütfən, kimsə “qulaq asan var ki, o mahnılar məşhurlaşır” “arqumenti” ilə “silahlanmasın”. Sosiologiya adlı bir elm var. Ağıllı adamlar yüz illərdir ki, cəmiyyəti, onun idarə olunması mexanizmini, nə istədiyini öyrənirlər. Hətta nəticəyə də gəliblər: xalqın aparıcı qüvvəsi, lokomotivi əhalinin ən yaxşı halda 10 faizini təşkil edir. Bu 10 faiz dövləti qurur, idarə edir, milli düşüncəni yaşadır, adət-ənənələrin keşiyində durur, milləti aşınmadan qoruyur, onun tarixini öyrənir və öyrədir, xalqı ayaqda saxlayır. Bütün cəmiyyət ideal formada naqisliklərdən xali ola bilməz! Cəmiyyətdə hər çeşid insan, hər zümrənin təmsilçisi var və olmalıdır da. Amma onlar cəmiyyətin yönləndirici qüvvəsi olmamalıdırlar və olmurlar da.
lll
Aşınmanın qarşısını almağın yolları barədə düşünməkdə, müzakirə eləməkdə gecikmişik.
Əslində səsyazma studiyaları heç bir halda bayağı, səviyyəsiz, söz yığınından ibarət “mahnı diskləri” buraxılmasına imkan verməməlidirlər.
Televiziyalarda bədii şuraların yenidən bərpa olunmasına ehtiyac var.
Şou proqramlara ciddi nəzarət olması çox vacibdir.
Xəbər saytlarında mənasız şou-xəbərlərin şok effektindən imtina edilməsi yaxşı olardı.
Televiziyalarda milli musiqinin təbliği yorucu, usandırıcı verilişlər səviyyəsindən çevik, dinamik, hər yaş və intellektual səviyyənin qəbul edib baxacağı formata salınması pis olmazdı. Biz bunun effektini iki il öncə keçirilmiş muğam müsabiqəsində gördük. Həmin müsabiqə davam etdiyi müddətcə ölkənin mədəniyyət gündəmində başqa heç bir məsələ birinci dərəcəli ola bilmədi. Deməli, sadəcə kiçikdən böyüyə hamının rəğbətini qazanacaq formatları tapmağa ehtiyac var.
lll
Yazının əvvəlində demokratik Fransanın təcrübəsindən yazdım. Elə o təcrübənin özü də göstərir ki, bayağı musiqinin yığışdırılması üçün sərt tədbirlərdən istifadə olunmasında pis heç nə yoxdu. Bu nə demokratiyanın boğulmasıdı, nə də insan haqlarının pozulması. Bu, genefondun qorunması, milli aşınmanın qarşısının alınması, xalqın gələcəyinin sığortalanmasıdır.
lll
...Milli musiqi həm də ruhun qidasıdı. Ruhunuza sağlıq!
LENT.AZ
Anar YUSİFOĞLU




Bu yazı ( 547 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar