12px14px16px18px

Siz

Anar YUSİFOĞLU
00:45 / 05.10.2010
 
 Müəllim adına ithaf
 
Onun haqqında xatirələrim çoxdur, lap çox. Haradan başlayım? Lap əvvəldən, ilkin olanlardanmı?
Yadımda qalan ilk söz budu ki, atam məni ona tapşıranda “əti sənin, sümüyü mənim, necə istəyirsən, rəftar elə, məsuliyyəti sənin boynuna” – dedi. Uşaq ağlımla belə başa düşdüm ki, bu adam mənim üzərimdə atamdan sonra hökm edəsi İkinci şəxsdir və boynuna məsuliyyətim qoyulan bu şəxsin dediklərini qeyd-şərtsiz yerinə yetirməliyəm.
İlk dəfə ondan eşitdim ki, hələ 900 il əvvəl yaşamış Mahmud Kaşğari türklərin özlərindən böyüyə, yaşlı və ixtiyara “siz” deyə müraciət etdiyini yazıb.
Hörmət əlaməti olaraq “siz” müraciəti ünvanladığım ilk şəxs oldu O! Sonra bu tərbiyə özümdən böyüklərin hamısına münasibətimin mayasına çevrildi.
İlk dəfə O dedi ki, türk atlısı özündən yaşlı adam görəndə ona heç vaxt at belində salam verməyib, dərhal atdan düşüb, üzəngini qoluna keçirib, ixtiyarla hal-əhval tutub, sonra ata süvar olub.
Meşədən odun gətirməyə gedəndə, ya nobat qabağına çıxanda mindiyim atdan ilk dəfə Ona salam vermək üçün düşdüm; sonra kənd ixtiyarlarının hamısıyla hal-əhvallaşmağımın yeni dövrü başladı.
Adamın birinci Allahının atası olduğunu, cənnətin isə ananın ayaqları altından başladığını ilk dəfə Ondan öyrəndim: Ata və Ana qorxum sevgi və məhəbbətə çevrildi. Bu sevginin hörmət payından Ona da, el-oba böyüklərinə də pay düşdü.
Peyğəmbərimizin “Mən elmin şəhəriyəm, Əli onun qapısıdır” sözünü ilk dəfə Ondan eşitdim; Onu həmən qapıya gedən Yolun nişanverəni, bələdçisi kimi müqəddəsləşdirdim.
Hə, O, mənim gözümdə dünyanın bütün sirlərini bilən, bütün elmlərdən hali olan, hamıdan və hər kəsdən ağıllı, savadlı və ədalətli biri, az qala, bütləşdirdiyim canlı müqəddəslərdən idi. O qədər ki, Onun çörək yediyini, ot çaldığını, odun qaladığını, taxıl biçdiyini, un üyütdüyünü, həyat yoldaşıyla dalaşdığını... təsəvvür etmirdim. Çünki O, heç kəsə bənzəmirdi.
Onun olduğu məclisə girməyə cəsarət etməzdim; yanında Allahın hüzurundaymış kimi qollarımı cütləyib, başımı aşağı salırdım, ağzından çıxanları hava kimi ciyərlərimə, su kimi canıma çəkirdim, tapşırdıqlarına can-başla əməl edirdim; Çöldə, bayırda, evdə həmişə onun nəzarətini hiss eləyirdim, hətta fikirlərimi, düşüncələrimi də bildiyinə bir qırıq şübhəm yox idi. Ona görə yanlış düşüncələri anında beynimdən qovurdum, Onun xoşuna gəlməyən iş tutmaqdan çəkinirdim, qorxurdum ki, məndən küsər. Hamı kimi mən də Ona oxşamaq, onun kimi olmaq istəyirdim.
Axı, O, mənim MÜƏLLİMİM idi!..
 
lll
 
...İndi də el-obaya üz tutanda – evdə olanda da – Onun və ixtiyarların yanından elə-belə, kənardan-kənara salamlaşıb ötmürəm: mütləq maşından düşüb salam verir, xeyir-duasını alandan sonra yoluma davam edirəm.
İndi də Onun və ixtiyarların oturduğu məclisdə özümü yığışdırıram, yenə də Onu dinləyir, yenə də Ondan öyrənirəm.
İndi də ən ədalətli adam, ən gözəl ziyalı, ömrünü yolumuzda şam kimi əridən şəxs kimi baxıram Ona.
İndi də Ona oxşamaq istəyirəm, amma daha onun kimi müəllim olmaq arzusunu çıxarmışam başımdan.
Çünki hər adamın MÜƏLLİM ola bilməyəcəyini anlamışam; çünki müəllim olmaq üçün hamıdan yaxşı insan olmağın gərəkdiyini elə Ondan öyrənmişəm.
Mənsə Ondan yaxşı ola bilmərəm.
Axı, İbrahim müəllimdən yaxşı insan yoxdur!!!
P.S. Bu gün – Müəllimlər günündə İBRAHİM YUSİFZADƏNİN simasında ümumiləşdirdiyim bütün müəllimlərimi təbrik edir, əllərimi çubuqlaya-çubuqlaya elmin qapısını üzümə açan bu böyük insanlara “əlləriniz var olsun!” deyirəm!
 
LENT.AZ
 
Anar YUSİFOĞLU
 



Bu yazı ( 539 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar