12px14px16px18px

Misir müəllim

Nizami CƏFƏROV
01:09 / 02.10.2010



Misir müəllimdə məni məftun edən, hər şeydən əvvəl, onun təvazökar səmimiliyi (və ünsiyyətcilliyi!) olub – Universitetin prorektoru, rektoru olanda da, bu gün Təhsil naziri kimi də Allah ondan bu böyük istedadı heç zaman əsirgəməmiş, yəqin, bundan sonra da heç zaman əsirgəməyəcəkdir. Ancaq həmin təvazökar səmimiliyin (və ünsiyyətcilliyin) arxasında işgüzarlıq (və qətiyyət!) dayanmasaydı, Misir müəllim həyatda bu qədər böyük mövqe (və nüfuz) qazana bilməzdi.
Professor Misir Mərdanov hansı vəzifədə çalışıbsa, orada isti bir mühit yaradıb, ən əsası, aşağıları yuxarı çəkib, yuxarılarda aşağılar barədə obyektiv təsəvvür formalaşdırıb. Və daxilindən gələn zəngin kənd (milli!) kübarlığı ilə hər cür saxta, süni “kübarlıq”dan həmişə yüksəkdə dayanıb.
Misir müəllimin hadisələrin necə cərəyan edəcəyini qabaqcadan bilmək, düzgün mövqe tutmaq istedadını mən birinci dəfə özümün dekan seçkimdə gördüm. Gərgin bir vəziyyət əmələ gəlmişdi Bir neçə ağsaqqal professor seçkidən əvvəl rektor Murtuz Ələsgərovda belə bir rəy yaratmaq istəyibmiş ki, guya fakültədə mənim elə bir nüfuzum yoxdur, iki-üç ildir müəllim işləyirəm, çoxu heç tanımır. Seçki keçirmək üçün fakültəyə gəlib müəllimlərlə görüşəndən on-on beş dəqiqə sonra prorektor Misir Mərdanov Murtuz müəllimə deyib ki, burada məsələ həll olunub, Nizami keçəcək
Onda məni heç əməlli-başlı tanımırdı, ancaq fakültədə kimin hansı nüfuza malik olduğunu yaxşı bilirdi. Bilirdi ki, mənim əleyhimə olan beş “aktiv” ağsaqqalın arxasınca beş nəfər belə getməyəcəyi halda, lehimə olan üç ağsaqqalın arxasınca yüz nəfərdən çoxu gedəcək.
Misir müəllimin həm prorektor, həm rektor kimi idarəçilik məharətinin bir sirri də burada idi. Və nazir olaraq fəaliyyətində də bütün proqnozlarında, ehtimallarında riyazi dəqiqliyə əsaslanır Azərbaycanda Misir Mərdanovdan daha böyük riyaziyyatçılar, şübhəsiz, var, ancaq təsəvvür edə bilmirəm ki, biliyini həyata onun qədər məharətlə tətbiq edən ikinci bir riyaziyyatçı olsun.
Mövlanə Cəlaləddin Rumi deyir ki, hər kəsin elmi öz bildiklərini başqalarına nə dərəcədə anlada, həyatda nə dərəcədə istifadə edə (və faydalana) bilrsə, o qədərdir. Kitab-dəftər içində itib-batan, başını qaldırıb həyatın reallığına nəzər yetirməyən və ətrafında cərəyan edən hadisələrin mahiyyətinə varmağa çalışmayan (ancaq biliyinin “miqyası” ilə öyünən!) alimlərə dədə-babalarımız “alimi-biəməl” deyiblər. Həmin alimi-biəməllər min il bundan əvvəl də vardılar, bu gün də az deyillər. Onlar bir işin qulpundan yapışmaq əvəzinə iş görəni “tənqid etmək”dən belə çəkinmirlər. Belələrinin boz üzü hərdən (hərdənmi?) Təhsil Nazirliyinə (və nazirinə) qarşı da yönəlir.
Misir müəllim hansı vəzifədə çalışmağından asılı olmayaraq heç vaxt opponentlərini əməkdaşlığa çağırmaqdan, onlarla məsləhətləşib optimal yol tapmaqdan çəkinməyib. Elə ki, opponentlərinin məntiqsiz, məzmunsuz iddiaları ilə qarşılaşıb, onda da mənasız intriqalara vaxt ayırmadan sadəcə “özü bilər, Allahı bilər” deyib. Və əsas odur ki, düz yola qayıdanlara könül evinin qapılarını həmişə, böyük bir səbrlə (və taybatay!) açıq saxlayıb.
Onun bir üstünlüyü də normativlərə yalnız o ana qədər riayət etməsidir ki, həmin normativlər həyati gücünü saxlamış olsun. Ümumiyyətlə, Misir müəllim üçün həyatilik, insan taleyi hər şeydən yüksəkdir. Böyük alman şair-mütəfəkkiri demişkən:
Dostum, nəzəriyyə quru bir şeydir,
Həyat ağacısa daim yaşıldır.
Rektor olanda belə bir göstəriş vermişdi ki, yaşı yetmişi keçmiş bütün müəllimlər təqaüdə göndərilsin. Özü də xüsusi qeyd eləmişdi ki, bu cür müəllimlər filologiya fakültəsində daha çoxdur. Mən də yaşı yetmişdən yuxarı olanların siyahısını hazırlayıb rektorluğa göndərdim. Xeyli adam idi. Gözlədim. Xəbər çıxmadı. Bir gün tamam başqa bir işlə bağlı qəbuluna gedəndə məsələ ilə maraqlandım. Özünü çox ciddi tutub:
– Yaman da siyahı tutubsan. Elə birinci adamın adını oxuyandan sonra atdım o tərəfə, – dedi.
– Misir müəllim, Solmaz xanımı deyirsiz? Onun yetmiş beşdən çox yaşı var.
Sözümü kəsdi:
– Ayə, sənin bu Solmaz xanımın bizim binada yaşayır. Hər səhər həyətə düşüb, mənnən bərabər beş yüz metr qaçır. Onu təqaüdə göndərmək olar?..
– Onda neyləyək? Bizim fakültədə ən yaşlısı odur,- deyib susmaqdan başqa çarəm qalmadı.
Misir müəllim rektor olanda nazirlikdən gələn ən rəsmi sərəncamlara da o zaman ciddi yanaşır, icrasını tələb edirdi ki, həmin sərəncamlar reallığı əks etdirsin, təhsilin təkmilləşməsinə həqiqətən xidmət eləsin. Heç vaxt formalizmə getmir, uzun-uzadı iclaslar keçirmir, dekanlıqlara gündə bir əmr göndərmirdi. Fakültələri dekanlar, kafedraları isə kafedra müdirləri idarə edirdilər. Ancaq harada nə hadisə baş verdiyini hamıdan yaxşı bilirdi.
Fakültəmizin müəllimlərindən biri elə işlədiyi kafedradaca qəflətən vəfat etmişdi. Həkim çağırdıq. Rektorluğa məlumat verdik. Misir müəllim özü gəldi, həkimlərin rəyini öyrəndi. Biləndə ki, iş işdən keçib, məni qırağa çəkib dedi:
– Bu fağır bilsəydi ki, axırı belə olacaq, dünən jurnalistika fakültəsinin tələbələrindən pul yığmazdı.
Bir dəfə xüsusi komissiya yaratmışdı ki, dekanlıqlarda sənədləşmə işinin vəziyyəti yoxlanılsın. Bu sahədə böyük məharəti olan, bəs deyincə prinsipial bir müəllim həmin komissiyaya rəhbərlik edirdi. Yoxlama göstərdi ki, filologiya fakültəsində sənədləşmədə xeyli pərakəndəlik var. Və rektorluqdakı iclasda bu barədə məlumat veriləndə komissiya sədri təklif elədi ki, filologiya fakültəsinin dekanlığında çalışan metodistləri sənədləşmə işi tamamilə qaydasında olan filan fakültəyə təcrübə keçməyə göndərək. Misir müəllim mənə baxanda ayağa durub zarafatyana etiraz elədim:
– Qorxuram, bizim metodistlər o fakültədə sənədləşmə ilə yanaşı, başqa “təcrübələri” də mənimsəsinlər.
Çoxları nə dediyimi dərhal anlamadı, ancaq Misir müəllim özünəməxsus düşüncə çevikliyi (və həssaslıq) ilə:
– Komissiyanın geniş rəyini verin, özləri işlərini qaydaya salsınlar, – dedi, – bəzən həddindən artıq səliqəli sənədləşmənin arxasında nə isə gizlənir.
Misir müəllim həmişə detalları ona görə araşdırır ki, mahiyyəti müəyyənləşdirsin. Və məsələnin mahiyyəti məlum olandan sonra ikinci, üçüncü dərəcəli məsələlərə vaxt itirmir.
Rektor olanda da elə idi. Dəfələrlə şahidi olmuşam ki, ona müraciət edən, ancaq nə istədiyini əmməlli-başlı çatdıra bilməyən əməkdaşların dolaşıq “nitq”ini üç-beş dəqiqə dinlədikdən sonra “sən bunu istəyirsən”, yaxud “sənə bu lazımdır” deyib. Hətta elə də olub ki, məsələn, kafedra müdiri olmaq uğrunda “mübarizə aparan” birinə bu barədə heç düşünməyən başqa bir layiqli adam haqqında “əslində, yer onun olmalıdır” deyib. Və sonra da əlavə edib: “Canın üçün”.
Misir müəllim zarafatı sevən, sözünü zarafatla deməyi bacaran (müdrik!) insandır.
Universitetin Bədən tərbiyəsi kafedrasının müdiri yeri boşalmışdı. Həmin kafedranın dosenti olan bir dostum məndən əl çəkmədi ki, rektordan xahiş edim, onun müdir seçilməsinə kömək eləsin. Bilirdim ki, bu, mümkün deyil. Çünki dostum öz sahəsində nə qədər bacarıqlı olsa da, idarəçilik qabiliyyəti, demək olar ki, yox idi. Xətrinə də dəymək istəmirdim. Öz yanında Misir müəllimə zəng elədim. Başladım dostumu tərifləməyə, rektor heç nə demədən dinlədi, elə ki məqsədimi bildi:
– Nizami, sən rektor olsan, onun kafedra müdiri olmağına razılıq verərdin?- deyə soruşdu. Sual o qədər səmimi idi ki, mənim də səmimi olmaqdan başqa çarəm qalmadı:
– Mən yox. Nə bilim, dedim, bəlkə siz razı olacaqsız, – dedim.
Bununla da söhbət qurtardı.
Filologiya fakültəsinin bir müəllimi barədə məlumat gəldi ki, dərsdə öz fənnindən danışmaq əvəzinə müxalifətçi təbliğat aparır, ona görə də cəzalandırılmalıdır. Misir müəllim məsələnin böyüməsinə imkan vermədi. Müəllimi həbsdən çıxartdırdı, başa saldı. Və hərdən də məndən soruşurdu ki, Kipiyani neyniyir?.. Ağlı başına gəlib, ya yox?..
Bir üstün cəhəti də apardığı iclaslarda çıxış edəni dinləməklə yanaşı iclas iştirakçılarının az qala hamısını görə bilməsi, hər kəsi “nəzarətdə” saxlamaq bacarığıdır. Kimin harada əyləşməsi, kimin kimlə ünsiyyəti, yaxud ziddiyyəti, hər bir kəsin reaksiyası. Bunların heç biri onun diqqətindən kənarda qalmır. Özü çıxış edəndə isə böyük bir auditoriya ilə elə sıx münasibət yaradır ki, elə bil beş-on yaxın adamı ilə söhbət edir. Müxtəlif toplantılarda rəyasət heyətində onunla yanaşı əyləşəndə Misir müəllimin bu məharətinin dəfələrlə şahidi olmuşam.
Bir dəfə onunla kiçik bir münaqişəmiz oldu. Dekanlıqda idim, xəbər gəldi ki, rektor fakültədədir, başının dəstəsi ilə auditoriyaları yoxlayır. Yuxarı qalxanda üzbəüz gəldik. Nədənsə yaman hirsli idi. Məni görəndə salam-kəlamsız:
– Müəllimləriniz hardadı, niyə dərs keçilmir? – dedi.
Qeyri-müəyyən cavab verdim:
– Elə şey ola bilməz.
Lap hirsləndi:
– Gəl bura, – dedi, – auditoriyalardan birinin qapısını açıb içəri girdi. Tələbələr əyləşmişdilər, müəllim isə yox idi. Vəziyyətdən çıxmaq üçün tələbələrdən soruşdum ki, nə dərsidir? Dedilər, Yusif Seyidovun mühazirəsi bitib, indi seminar məşğələlərinə bölünməliyik. Belə hallar olurdu. Mühazirə müəllimi seminar müəllimləri ilə birlikdə gəlib hər qrupun müəllimini tələbələrə təqdim etməli idi. Beş-on dəqiqə gecikirdilər. Tələbələrə dedim ki, gözləyin, müəllimləriniz indi gələcək. Mənim bu cür heç nə olmamış kimi rahat davranışım (və özümdən asılı olmayaraq bir əlimi şalvarın cibinə qoymağım) rektoru tamam hövsələdən çıxardı:
– Əlini cibindən çıxart! – dedi.
Mən bunu şüurlu eləməmişdim. Ancaq bu sözdən sonra auditoriyanın qarşısında əlimi cibimdən çıxartsaydım, gərək dekanlıqdan gedəydim. Tövrümü pozmadan:
– Misir müəllim, gedək,- dedim. Hirslə auditoriyadan çıxdı. Geriyə baxmadan:
– İşləyə bilmirsiz, – deyib gedəndə borclu qalmaq istəmədim:
– Yaxşı işləyirik, – dedim.
Bəlkə də, mənim sözlərimi eşitmədi, eşitdisə də, cavab vermədi.
Birtəhər olmuşdum. Məsələnin rəsmi tərəfi – rektorla söz güləşdirmək hələ bir yana, həmişə hörmət gördüyüm (və hörmət elədiyim) bir insanla birdən-birə bu cür münasibətin yaranması heç yaxşı iş deyildi. Dərsə gecikən müəllimləri tənbeh edəndən sonra dekanlığa düşüb qanıqara oturmuşdum ki, dostum Vüsət Əfəndiyev zəng elədi:
– Nə baş verib? Rektorun xətrinə niyə dəymisən?
– Heç özüm də bilmirəm nə oldu.
– Gəl gedək, üzr istə!..
– Yox, – dedim, – pis çıxar.
Nə mənim üzr istəməyimə ehtiyac oldu, nə də Misir müəllim bu məsələyə qayıtdı. Bir-iki gündən sonra yenə də görüşdük. Eyni səmimiyyətlə. Elə bil, heç nə olmamışdı.
Misir müəllim o şəxsiyyətlərdəndir ki, bu dünyaya problem yaratmaq üçün yox, mövcud problemləri həll etmək üçün gəlib. Və hirsini yaxın hesab etdiyi adamın üstünə tökməkdə də tamamilə haqlı idi. Sonra öyrəndim ki, fakültəyə gələnə qədər artıq qanını qaraldıblarmış.
Nazir təyin olunanda Universitetdə bu günə qədər, yəqin ki, heç kimin yadından çıxmayan bir çıxış elədi. Həm özü kövrəldi, həm də Universitet əməkdaşları. Kollektivi, Universiteti sevmədən belə bir çıxış eləmək mümkün deyildi.
O, prorektor, rektor kimi nə qədər yerində (və güclü) idisə, nazir kimi də elədir, hətta daha miqyaslı, daha işgüzar və daha məhsuldardır. Mən çox məmnunam ki, belə bir prorektorum, belə bir rektorum olub, belə bir nazirim (və həmişə ağsaqqallığına ehtiyac duyduğum böyük qardaşım) var.
Nizami CƏFƏROV




Bu yazı ( 588 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar