12px14px16px18px

UNUTMAĞA KİMSƏ YOX...

Kamal ABDULLA
01:34 / 25.09.2010


Əvvəli ötən şənbə saylarımızda

Mirzə Pirqulu kağızı görən kimi rəngi dəyişdi. Əliqumral yüzbaşı onu diqqətlə süzüb söylədi:
– Hələ bir bax, bu rəsmlər mağaranın dörd tərəfinə çəkilib durublar.
Mirzə Pirqulu həyəcanlanmış idi və kağıza çəkilmiş rəsmlərə diqqətlə nəzər yetirib belə bir sual verdi:
– Bu işarətlər... onlar mağara içində nə cür, yuxarıdan aşağı düzümləniblər, yoxsa... yan-yana?
Əliqumral yüzbaşı səfər yoldaşına baxdı. Cavabı səfər yoldaşı verdi:
– Mağaranın yuxarı tağına tərəf, əlini qovzasan güclə çatar, yana yan bütün mağaranın dörd divarı boyu düzləniblər.
Əliqumral yüzbaşı gözlərini ümid və ehtirasla yenidən Mirzə Pirquluya dikdi:
– Mir Həsən ağa. Mən bilirəm ki, dəqiq bilirəm, bu işarətləri səndən başqa bir kimsə oxumaz. Oxuya bilməz. Nə deyirsən? – Yüzbaşı pıçıltıya keçdi. – Nə tapsaq sənin payın xüsusi olacaq.
Mirzə Pirqulu Əliqumral yüzbaşının sözlərinə heç fikir vermədi, mizin üstünə başını ki əymişdi və hələ də diqqət və maraq içində kağıza səliqə ilə köçürülmüş bu işarətlərə baxırdı, vücudunu qəfildən geri çəkdi, yox, nə isə, elə bil, onun vücudunu geri itələdi. Gözlərini bir məchul nöqtəyə zilləyib durdu.
– Hə, nə deyirsən? Özün getmək istəmədin ki, ora. Mənə söz verdin, əgər bu kağızı gətirmiş olsam, sən onun sirrini çözəcəksən. “Sirlərin sərgüzəşti” əsərini sən yazmısan. Amma... Budur sirlərin əsl sərgüzəşti. Qızılın yeri, xəzinə!.. Burda, burda xəzinənin yeri dəqiq göstərilib durub. Çöz bunu, Mir Həsən ağa, çöz...
Əliqumral yüzbaşı danışdıqca vəcdə gəlir, bütün vücudu əsir, gözləri par-par yanır, az qala hədəqəsindən çıxırdı.
Mirzə Pirqulu isə sakit idi. Yenə yüzbaşının dediyi həyəcanlı sözlərə bir məhəl qoymadı, üzünü onun səfər yoldaşı gəncə tutub bu dəfə də belə soruşdu:
– Mağaranı bəs necə tapdın?
Gənc həvəslə cavab verdi:
– Bizim kəndin bir böyrü dağa dirənib. Dağ döşü ilə qonşu kəndə gedən cığır bu mağaranın yanından keçir. Dar bir ağzı var, süngür ağacları, tamam kol-kos tutub ağzını, heç kim onu görməyib, amma içi genişdi. Bir qoca canavar oranı özünə məskən edibmiş. Qoyun-quzudan hərdən gəlib ondan-bundan aparırdı. Mağaranın içi sonradan gördük, sür-sümüklə dolu... Pusqu qurduq, canavarı oxladıq, qanı axa-axa sürünüb mağarada gizləndi. Qanının izi ilə tapdıq...
– Qurdlar qızılı, mən hardasa eşitmişəm, hiss edirlər, hiss etməz olurlarmı?! – Əliqumral yüzbaşı öz-özünü və birinci növbədə Mirzə Pirqulunu guya daha çox həvəsləndirmək üçün əminlik və ümid ilə əlavə etdi.
Mirzə Pirqulu:
– Bəli, qərib əhvalatdı, – deyə hələlik yalnız bunu söylədi və yenə başını işarətlərə tərəf əydi. Əliqumral yüzbaşı tələsik şamdanı o baxan tərəfə sürüşdürdü. Çox-çox uzaqda qurdmu uladı, köpəkmi hürdü – bu bilinmədi.
– ...qərib əhvalatdı...
Mirzə Pirqulu yuxusundaca bunu istədi və bu yerdə onun yuxusuna hardansa gəlib bir qoca canavar girdi. Bu haman mağaranı özünə məskən seçən, qanı axa-axa ora sığınan canavar idi. Canavar otağa necə daxil oldu, qonaqlar bundan duyuq düşmədi, otağa daxil olub keçib otağın bir küncündə mavikərpic sobadan (yuxunun bu parçasında sobanın kərpicləri yenə də mavi rəngə boyanmışdı) sol tərəfdə qarnı üstə yerə sərildi. Onu elə bu zaman gördülər. Canavarın böyrünə bir ox batmışdı və oxun ucu hələ də yaranın içində idi, başı sınmışdı. Bu yaradan zəif-zəif döşəməyə qan axırdı. Canavar yerə sərildi, başını ehmalca qabaq pəncələrinin üstünə qoydu, gözlərini qırpmadan yazıq-yazıq otaqdakılara baxmağa başladı. Hərdən mırıldanırdı. Canavara nə heyrət edən vardı, nə də ondan vəhmlənən, qorxan...
– İnanmırsan, bax, bu canavar eynən o dediyim canavardı. Şahidlik eləmək üçün gəldi. – Əliqumral yüzbaşının səfər yoldaşı qanı axan canavara nəvazişlə baxdı.
– İnanıram, amma əvvəlcə bunun yarasını sarıyaq. Qanı axır. Allahın heyvanıdı, savab olar. – Mirzə Pirqulu dedi.
– Hansı yarasını? – Əliqumral yüzbaşı cəsarətlə qalxıb yerindən getdi canavarın düz yanına, əlini onun başına sürtdü, tüklərini tumarlamağa, qulağının dibini qaşımağa başladı. – Hanı yara? Yoxdu, yoxdu bunun bir yarası. Varmı? Yoxdu!
Yara həqiqət yox olmuşdu. Qan izləri də artıq görünmürdü.
– Yaxşı. Bəli, bu bir yaxşı iş oldu. Savab iş oldu. – Mirzə Pirqulu Əliqumral yüzbaşının bu hərəkətindən razı qaldı və gedib bu da çöməldi düz canavarın qənşərində oturdu. Baxdıqca doymadı, baxdıqca baxdı canavarın gözlərinə. Canavarın gözləri parıldamağa başlamışdı. Özünə gəlirdi. Canavar, elə biləsən, öz doğma məskəninə gəlib yetişmişdi, bir dili yox idi, yoxsa ki, otaqdakılarla az qala söhbət də edəcəkdi. Gözünə baxanın düz gözünə baxırdı. Onu tumarlayanın əllərinə ləhləyə-ləhləyə başını sürtürdü və bu zaman zəhmli və iti dişləri ağzında par-par yanırdı.
Mirzə Pirqulu bir xeyli bu cür diqqətlə canavar ilə baxışdı, sonra gəlib yenə keçdi öz yerinə. Əliqumral yüzbaşı da canavarı son dəfə əzizlədi, əlində qana bulaşmış ox ucu vardı, onu mavikərpic sobanın düz içinə, alovların arasına atdı, sonra o da qayıtdı öz yerinə.
Mirzə Pirqulu bu yerdə diksinib yuxudan yenə ayıldı. Başını mütəkkədən qaldırıb pəncərəyə diqqət etdi. Pəncərə çöl tərəfdən əsl ağ pərdəyə bürünmüşdü. Qar hələ də yağırdı. Mirzə Pirqulu yatağında ora-bura çöndü, su içməyi yox idi, bayıra çıxmağı yox idi. Bir ah çəkdi “Göylərin qarı, yağışı qurtaran deyil, qüdrətinə şükür, xudaya..” və yenidən gözlərini yumdu. Yuxusunun davamı bu dəfə belə gəldi.
... Mirzə Pirqulu bütün vücudu ilə mizə və, əslində, mizə yox, mizin üzərindəki üstünə cürbəcür işarətlər çəkilmiş kağıza tərəf əyilmişdi.
Bu kağıza çəkilmiş işarətlər qəribə şəkillərə bənzəyirdi. Bu şəkillər müxtəlif canlı və əşyaların, bəzi halda, lap elə biləsən, rəssam tərəfindən çəkilmiş rəsmlərindən ibarət idi. Bir başqa halda bunlar rəsm də deyildilər, eləcə xətlər və cızıqlar idilər.
Mirzə Pirqulu bu əyri və düz cızıqları və həm də gah insanlara, gah heyvanlara bənzəyən rəsmləri çox diqqətlə, bəlkə bir-bir nəzərdən keçirirdi. Otaqda bir sükut hökm sürürdü. Alovun qırmızı dilləri yaşılkərpic sobanın içində gizlənib qalmışdı. Artıq çölə-bacaya qaranlıq gəlib var gücü ilə çökmüşdü. Qar hələ də ağappaq, yavaş-yavaş yağırdı. Yuxarıdan aşağı, aşağıdan yuxarı yekə qar dənəcikləri çətirlə enib qalxırdı. Hərdən pəncərənin dibindən nə idisə “vıy” eləyib külək kimi keçirdi. Hərdən də uzaqdan qurd ulamasına, köpək zingiltisinə bənzər vahiməli, boğuq səslər idi, gəlib yetişirdi otaqdakıların qulağına.
Mirzə Pirqulu yerində bir də qurcuxdu. Sinəsindən gəlib ağzından bir inilti çıxdı. Amma tezcə də sakitləşdi...
– Hacı ağa, nə deyirsən?! – Əliqumral yüzbaşı bu zaman səbrsiz bir halətdə soruşdu.
– Çox, çox qərib bir yazıdı bu.
Mirzə Pirqulu dediyini, elə bil, öz-özünə söyləyirdi və xınalı saqqalını əzizləyə-əzizləyə tumarlamağa başladı, kağızın rəsmlərini seyr edib gözlərini yumaraq dərin fikrə getdi...
– Hacı ağa! Hacı Mir Həsən ağa! – Əliqumral yüzbaşı gənc səfər yoldaşına əli ilə anlaşılmaz işarələr verib, sonra əlini miz üstdən uzadıb Mirzə Pirqulunu yavaşcadan dümsüklədi.
– Mirzə... Mirzə... – Əliqumral yüzbaşının səfər yoldaşı da Mirzə Pirqulunu yenidən söhbətə qaytarmaq ümidilə asta səslə çağırdı.
Mirzə Pirqulu isə, nəhayət, fikri özünə qayıtdı, və o heç nəyə, heç kimə məhəl qoymadan ahəstə-ahəstə danışmağa başladı, belə dedi:
– Mən həyatım sürəci bu cürənə yazını görməmiş idim. “Sirlərin sərgüzəşti”ni yazdığım zaman ustadım mövlanə Mir Həşim Dərdəçarə deyərdi ki, Allah onun ruhuna rəhmət eləsin...
– Allah ona rəhmət eləsin.
– Allah qəni-qəni rəhmət eləsin. Behiştlik olsun...
– Ustadım deyərdi ki, bəli, naməlum və qaranlıq bir məsələnin üzərinə işıq salmaq istirsənsə ilk əvvəl o naməlumun içindəki təkrar məqamlarını axtarıb tapmaq gərəkir. Sonrası xeyli asandır. Bağlı qapıya açar salınar, qapı açılar, bunun açarı təkrardır.
– Bəs sal açarı da, tap da, Mirhəsən ağa, bu kağız, bu da təkrar! Niyə durmusan?.. Tap da bə... – Əliqumral yüzbaşı getdikcə daha çox səbrsizləşirdi, kağızı az qala qamarlayıb Mirzə Pirqulunun gözünə soxacaqdı.
– Burada təkrar... əlbəttə ki, vardır. Burdakı təkrar edilmiş şəkillər... – Mirzə Pirqulu Əliqumral yüzbaşıya, onun kağızı az qala qamarlamaq istəyən əlinə altdan-altdan ehtiyatla, amma qətiyyən qorxusuz-hürküsüz baxıb etinasız tövrlə üzün çöndərdi səfər yoldaşı olan gəncə və dedi:
– Bu şəkillər eynən çiçək ləçəyidi ki durub. Bax, bax hələ bura...
Əliqumral yüzbaşı sakitləşdi. Mirzə Pirqulunun dodaqlarına zərif bir təbəssüm qondu. Kağızdakı rəsmlərin içərisində çiçəyin ləçəyinə bənzəyənləri bir-bir bu gəncə barmağı ilə nişan verməyə başladı:
– Baxırsan, buna, çiçəkdi ki, var. Hər üç, ya dörd işarətdən sonra təkrarən bu çiçəkdi gəlir, baxırsan?!..
Eynən onun dediyi kimi idi. Rəsmlərdən hərdən ikisindən, hərdən üçündən, ya da az bir halda dördündən sonra bir çiçək rəsmi idi, çəkilmişdi kağıza – işarətin alt tərəfinə. Belə ki, yazıya zənlə baxan bir şəxs onun başa-baş çiçəklə dolu olduğunu hökmən sezməli idi. Yazı başdan-başa çiçəklə dolu idi.
Əliqumral yüzbaşının gənc səfər yoldaşı ilk dəfə görürmüş kimi bu çiçək rəsmlərinə gözünü maddım-maddım zilləyib qalmışdı. Güc ilə bu sözləri ancaq deyə bildi:
– Bu çiçəkləri... mən indi ilk dəfədi ki, gördüm. Necə mən bunları sezə bilmədim?! Həqiqətdə də çiçəkdilər bunlar... Əlbəttə, görünür, bunları rəsmə çəkəndə... özümdən bilhassə xəbərsiz olmuşam. Amma... Necə olub ki, onları görə bilməmişəm?! Necə olub?! Sirri müəmma...
Sonra Əliqumral yüzbaşının ona xeyli sərt baxdığını görüb gənc yazıq-yazıq dediklərinə bunları əlavə elədi:
– ... bu çiçəkləri görsə idim belə, mən bu yazını oxuya bilməyəcəkdim.
– Bilmək istərsən, – Mirzə Pirqulu gəncə xitabən dilləndi. – Bu yazını elə mən özüm də oxuya bilməyəcəyəm. Bunun bir başqa sehri var. Bəlkə... Amma yox!..
Mirzə Pirqulu sözünü yarımçıq kəsdi. Yazıya dikib gözünü, fikrə getdi və eləcənə dinməz qaldı.
Əliqumral yüzbaşı ümid dolu bir baxışla bunun son sözündən dördəlli yapışmadımı, yapışdı:
– Bəlkə, yəni?..
– “Bəlkə” elə bəlkədi, yüzbaşı. Bəlkəni əkiblər, bitməyibdi, bilmirsən?! – Mirzə Pirqulu sərt-sərt dedi (“artıq bəsdi!”) və başını narazı bir halda yellədi.
Canavar dırnaqları ilə döşəməni cırmaqlayıb qaşıdı. Bu yerdə yuxu yenə qarışdı. Mirzə Pirqulu elə yuxudaca nəfəsi az qaldı kəsilə və bu dəfə əməlli-başlı zarımağa başladı...
Yuxunun içində isə zarıyan canavar idi. Bu canavar bir qəribə canavar idi. Gah zarıyırdı, gah ləhləyirdi, gah mırıldanıb dururdu, gah da dırnaqları ilə döşəməni deşirdi, gahdan isə başını köpəklər kimi qabaq pəncələrinin üstünə qoyub yazıq-yazıq artıq ancaq Mirzə Pirquluya baxırdı. Ahənrubə kimi onu öz yanına dartırdı. Qəfildən sarı göz bəbəkləri qapı kimi açılıb Mirzə Pirqulunu içəri dəvət elədi. Mirzə Pirqulu elə yuxudaca yavaşdan bir “bismillah” deyib durub getdi canavarın qənşərində bir daha çöməldi yerə, sonra özü özündən gözləmədiyi bir cəsarətlə “bu yaşımda mənim etdiyimə bax...”, canavarın gözlərinin deşiyindən içəri keçib o tərəfə (içəriyə) daxil oldu və özünü bu zaman bir qaranlıq mağarada gördü.
Bu haman tərif edilən mağara idi. Dörd bir yanı da çiçəkli yazı ilə dolu idi. Yazı xətti yazı idi, mağaranı dörd tərəfdən kəmər kimi dolaşırdı, elə bil çölə, gün işığına çıxmaq, üz tutub durna qatarı kimi uçub gözdən itmək istəyirdi, bacarmırdı, mağara onu içindən buraxmırdı. “Bu qədər ki, mən bu dünyanı tanıyıram, bu qədər ki, dünya məni tanır, bu cürə gözəlliyi mən heç yerdə görməmişəm, hələ mənim bu işarətlərin batinindən xəbərim yoxdu. Bunlara nəfəs dəyə bilməz, yoxsa, bu zərif çiçəklər dağılar, bunlara əl dəyə bilməz...”
Mağaradan çölə çıxmaq və ətrafa göz gəzdirmək özü istəmədi (halbuki bu bir yuxu idi, istəsəydi bunu da edə bilərdi; Mirzə Pirqulunun şöhrəti bir tərəfdən yuxu yozmağında idisə, o biri tərəfdən Mirzə Pirqulu öz elminin zirvəsinə də yaxınlaşmış bir mərifət sahibi idi, belə ki, yuxuları idarə etməyi mükəmməl öyrənmişdi).
... Mirzə Pirqulu canavarın gözünün içindən çıxıb yaşılkərpic sobalı otağa geri qayıdanda xeyli zəif düşmüşdü. Elə bil, mağarada nəyinisə qoyub qayıtmışdı. Çöməlib otura bilmədi, eləcə arxası üstə yerə uzandı. Güc ilə bu sözləri dedi:
– Oxuya bildiyim yalnız bu oldu: “yadıma salmağa bir kimsə qalmadı dəxi...”
Mirzə Pirqulu bu sözləri deyib rahat-rahat köksünü ötürdü.
Əliqumral yüzbaşı bir az qaldı bağırsın, amma Mirzə Pirqulunun gözlənilməz, qəfil zəhmli baxışı bu bağırtını bir pıçıltıya çevirdi:
– Bəs hanı burda yazılan xəzinə?.. – Yüzbaşının sözü də yarımçıq qaldı və o, nifrətlə gözünü dikdi öz səfər yoldaşının üzünə.
Gənc səfər yoldaşı günahkar-günahkar başını dikmişdi yerə və baş qaldırıb Əliqumral yüzbaşı tərəfə baxmağa belə cürət etmirdi.
Mirzə Pirqulu onları qüssəli-qüssəli seyr etdikdən sonra (yuxuda bu, bir xeyli zaman apardı), yenə köks ötürüb, ah çəkdi və bundan sonra daha səssiz qaldı. Mirzə Pirqulu elə yuxunun içində gözlərini yumub bu iki nəfərin olmadığı bir başqa yuxuya getdi. Bu onun ahıl vaxtlarında alışdığı, məqam-məqam özünün qurduğu sevimli yuxusu idi. Yuxuda bir dərə vardı – başdan başa yaşıllığa bürünmüş, çiçəyi çiçəyini, bülbülü bülbülünü nəvazişlə çağırdığı bir dərə. Burada ilin hər bir fəslində ilıq bahar havası gül-çiçəyin ətrinə qarışıb adamı məst edirdi. Şırhaşır axan bulaqların başında qalın yarpaqları günəş şüasını özündən zorla buraxan minillik ağacların sərin altında müdrik elm və fəzilət sahibləri əyləşib ədəb və ərkanla sual verib, cavablar alar, söhbət və məhəbbət edərdilər. Hər dəfə Mirzə Pirqulu orada – öz sevimli yuxusunda peyda olanda bu şəxslər onu ehtiramla salamlayıb deyirdilər: “Xoş gəldin, Mirzə, sən bizim Sehrbazlar dərəsinə xoş gəldin...” Söhbət yenidən başlardı, bu şəxslər indi də Mirzə Pirquluya acgözlüklə suallar verirdilər, cavablar alırdılar. Mirzə Pirqulunun ən çox sevdiyi sual bu idi: “Gəldiyin yerlərdə nə var, nə yox, Mirzə?” Yuxunun bu yerində Mirzə Pirqulunun ürəyi qısılır, gözləri yaşarırdı.
... O biri gün dinməz-söyləməz səhər yeməyini yeyib (artıq günortaya yaxın bir vaxt idi) atlarına minib Əliqumral yüzbaşı öz gənc səfər yoldaşı ilə yenə də quşbaşı yağan qar lopalarına qərq ola-ola gəldikləri yol ilə geri döndülər. Həyətdə külək vıyıldayırdı. Başında araxçın, əynində qalın kürk Mirzə Pirqulu onların arxasınca həyətin taxta qapısını birtəhər çəkib bağladı, cəftəsini keçirdi. Sonra bir ləhzə qapıya kürəyini söykəyib hərəkətsiz qaldı, yağan qara, küləyin hansı deşikdənsə özünü içəri soxan ürəküzən vıyıltısına qulaq verdi. Soyuq bıçaq kimi kəsirdi. Mirzə Pirqulu durduğu yerdə eləcə üşüyə-üşüyə, buğlu havanı sinəsinə alıb verə-verə bir ləhzə nəfəsini dərdi. Sonra bir yerə baxdı, bir göyə baxdı – bir-birinə qarışmış ağ rəngdən başqa heç nə görmədi. “Allah, min şükür, Allah min şükür...” ayaqlarının altına sürüşməmək üçün diqqət edə-edə (bir əli də saqqalında) qar basıb bağlamış cığırla (üstündə bir-iki ləpir!) evinə qayıdıb girdi, qapını arxasınca bərk-bərk bağladı.
Bu zaman Əliqumral yüzbaşı artıq Zəncirli yola çıxmışdı, atın yüyənini çəkib arxadan gələn səfər yoldaşının onunla bərabərləşməsini gözlədi. Gözləri soyuqdan və üzünə macalsız vuran qardan yaşarmışdı, ağzından nəfəsi buğ kimi çıxıb atının ağzından çıxan buğa qarışırdı. Yol yoldaşı yetişdi. Üzünü yana çöndərmədən yüzbaşı dedi:
– Elə sabah gedib Şahın topçu dəstəsinə qoşalassan. Sənin yerin qoşundur. Daha məni aldadıb yoldan çıxara bilməzsən... – Atın yüyənini boşaltdı. – Yox bir, sehrbazların xəzinəsi belə gəldi, sehrbazların sərvəti belə getdi... Bunları sən deyirdin, sən, sən! İntəhası...
Nə düşündü, nə düşünmədisə daha sözünün dalını gətirmədi. Mirzə Pirqulunun ağsaqqallı, nurani surəti gözünün qarşısında gəlib durmadımı, gəlib durdu. “Eh” eləyib atını mahmızladı.
Əliqumral yüzbaşının gənc səfər yoldaşı qəlbində sonsuz qorxu və ahü-nalə müqəssir adamlar kimi (atı da eləcə müqəssirmiş kimi ancaq ayağının altına baxırdı) başı sinəsində, fağır-fağır qulaq asmağında idi.
At meydanına çatanda hər iki süvari ağappaq qar heykəllərə dönmüşdülər, bircə ağızlarından buğ idi, çıxırdı.
QUZĞUN DIMDIYININ ÜSTÜNDƏ ÖZ-ÖZÜNDƏN IŞIQLANAN
DAŞ ÜSTÜNDƏ OTURMUŞ BƏHRAM KIŞI VƏ F.Q.
– Qəribə mağaradı. Mən həyatımda birinci dəfə idi, mağaraya girirdim. – F.Q. fikirli-fikirli, nəhayət ki, üzücü xatirələrdən əl çəkib (bu dəfə də yadına məktəb illəri, cavan yaşında bir-bir dünyasını dəyişmiş məktəb yoldaşları gəlib düşmüşdü) Bəhram kişinin yanına “qayıtdı”.
– Mağaradı da... – Bəhram kişi özü də, elə bil, haradansa qayıtdı. F.Q.-nin səsini eşidib özünə gəldi. – Naxışları eynən çiçəkdi, doğrudan da çiçək ləçəkləridi. Tarixi sən bilən beləcənə çiçək-çiçək düzərlər bir-birinin yanına?! – Bəhram kişi sual vermirdi, beləcənə F.Q. ilə, bir az da özü-özü ilə söhbət edirdi. F.Q. də sözünü bəzən Bəhram kişiyə deyil, özü-özünə ünvanlayırdı; belə ki, əslində, Quzğun dimdiyinin üstündə indi iki Bəhram kişi, iki də F.Q. var idi, biri gözə görükürdü, o biri gözə görükmürdü, sükuta qərq olmuşdu, ancaq eşidə bilirdi.
– Bozlar nəhəng itdi... – F.Q.-nin nədənsə Bozlar gəlib gözü önündə canlandı. “Qaranlıqda bu, adamı cırar. Baskervillərin itidi”.
– Bozlar başqa köpəkdi. Köpək deyil, Bozlar vəfalı dostdu, mənim hər sözümü anlayır. Adam var, anlamır.
“Məsələn, Mübariz müəllim...” F.Q. təbəssümünü zorla saxladı.
– Bilirsən, anasını bunun gözü qabağında, nəydi ki, körpə, bambalaca küçük idi, mən vurmuşam. Qurd idi, qancıq... Bozlar canavardan dönmədi. Odu ki, heç kimə mən qoymasam, isnişməz. Mənimçün həyatını verər, kimi istəsən, parçalar.
F.Q. diqqətlə qulaq asırdı. “Belə-belə işlər, Baskervillərin iti, belə-belə işlər. Sən Mübariz müəllimdən, demə, daha anlayışlısan...”
Bəhram kişi F.Q.-yə baxıb başını yellədi və istər-istəməz o da Mübarizi xatırlayıb gülümsədi. F.Q. dodağını dişlədi. “Yenəmi beynimdən keçəni anladı. Allah, Allah, adamın bu yerdə sirri də ola bilməz. Ürəyi oxuyurlar.”
F.Q. yazı barədə, onun oxunması ilə bağlı təklif etdiyi “açar” barədə düşünmək istəyirdi, amma bilmirdi ki nə düşünsün. “Şübhəsizdir ki, unikal yazıdı, heç bir başqa yazını xatırlatmır, hardansa gəlib, hardansa gətiriblər. İndi bunu dur, elan elə, yalançı millət qəhrəmanları çöküb otursun boğazına.”
F.Q. mağarada Bəhram kişinin onu yazıya, naxışlara əl vurmasını təlaş içində əngəlləməsini xatırladı. “Bəlkə burda da nəsə bir sirr var?!” O biri F.Q., ( bayaqdan bəri bir kəlmə də söyləməmişdi) nəhayət, dilə gəldi: “Nə sirr olacaqmış?! Bəlkə durub deyəsən, Bəhram kişi bu naxışları özü çəkib, sonra küy salıb camaatı töküb bura? İndi də səndən qoruyur ki, əl vurarsan, naxışların təzə olduğu aşkar olar, yoxsa beyninə bu gəldi?!” O biri görükməyən F.Q. bunları görükən F.Q.-nin qulaqlarına pıçıldadı və “xırp” səsini kəsdi.
– Bəhram dayı, bu yazılar əməlli-başlı sirdi. Mən bu dərəcədə bilməzdim. – F.Q. beyninə girmiş nahamvar fikirlərdən özü də utandı, Bəhram kişi ilə istədi ki, ciddi bir söhbət qursun, bir növ “günahını” (bir qədər əvvəl onun nə isə gizlətdiyini düşünürdü) yusun.
– Elədi, sən fikir verdinmi, balası, səndəki şəkillərə həm bənzəyirdi, həm də bənzəmirdi. – Bəhram kişi naxışların surətini nəzərdə tuturdu.
– Düz deyirsən, qəribədi. Gəl indi buna açar tap.
– Necə yəni açar tap?
– Uzun məsələdi bu açar məsələsi, bir dəfə danışaram. – F.Q. bu sözü işlətdiyinə elə o dəqiqə peşman olsa da üzündə tələsik bir təbəssüm “qayırıb” o təbəssümlə Bəhram kişiyə baxdı, nəydisə Bəhram kişinin sifətində, diqqətini çəkdi və bu dəfə də onun yadına Birləşmiş Elmi Şuraların müzakirələri – Böyük kitabxananın qiraət zalı və xüsusilə də, qiraət zalının qapısının sağ tərəfində, divardan asılmış yalançı bir qəfəsə nə zamansa dürtüşdürülüb salınmış yalançı Tutuquşu (canlı deyildi, müqəvva idi) gəlib düşmədimi, gəlib düşdü.
Redaksiyadan: Görkəmli yazıçı Kamal Abdullanın “Unutmağa kimsə yox” romanını tam həcmdə bu yaxınlarda çapdan çıxacaq kitabından oxuya bilərsiniz.
Kamal ABDULLA




Bu yazı ( 420 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar