12px14px16px18px

Yusif müəllim, Məmmədəli, Məhəmməd, Tofiq... və Əhəd

12:35 / 18.09.2010 Yusif Seyidov mənə dərs deməyib, ancaq onu öz müəllimlərimdən biri hesab edirəm. Hər şeydən əvvəl ona görə ki, qrammatikanın bir sıra məsələlərini, xüsusilə söz birləşmələri sahəsini onun ümumtürkoloji miqyaslı araşdırmalarından öyrənmişəm... İkincisi, mənim opponentim olub, ilk elmi işlərimə xeyirxahlıqla yanaşıb. Sonralar da bu xeyirxahlığını heç zaman əsirgəməyib... Və üçüncüsü, Yusif müəllimlə mənim aramda həmişə elə böyük səmimiyyət olub ki, onun düşündüyünü mən, mənim də düşündüyümü o, bir kəlmədən anlamışıq, uzun söhbətə, nəyisə geniş izah etməyə ehtiyac olmayıb... Mən dekan olanda hərdən Yusif müəllimin maraqlı təklifləri olardı. Özü də bilərdi ki, onları həyata keçirmək nə onun, nə də mənim imkanım daxilindədir. Təəccüblə baxdığımı görüb gülər, sonra da əlavə edərdi: “bəs onda necə eləyək?” Deyirdim ki, Yusif müəllim, gözləyək. Deyirdi: “Nə vaxta qədər?..” “Köhnə kişi”lərdən olduğuna görə Universitetdə həmişə hamı onu tanıyıb, hörmət edib, məclislərdə başda əyləşib. Və indi də belədir. Çox şadam ki, özünün çoxcildliyini tərtib etməyi, elmi redaktorluğunu mənə etibar etdi. Ancaq bu işdə də “kiçik” bir xəta çıxdı. Qırx- əlli il bundan əvvəl yazdığı məqaləsinə elə bir “cümlə”- çıxarış əlavə elədi ki, böyük bir qanqaraçılığı çıxdı... Yusif müəllimin xətrinə gərək dəyməyəsən, təsadüfən dəymisənsə, gərək peşimanlığını hiss edə, günahından keçə, yoxsa iyirmi- otuz ildən sonraya qalsa da, əlindən bir xata çıxacaq. Çünki o nə qədər böyük alim olsa da, həm də çox böyük bir ürək adamıdır. Yusif müəllim məhsuldar işləyən, oxuyub yazan, yalnız dilçilik sahəsində yox, ədəbiyyatşünaslıq, siyasətlə bağlı maraqlı fikirlər irəli sürən enerjili bir tədqiqatçıdır. Və görünür, elə bu enerji çoxluğunun nəticəsidir ki, onun qarşısıalınmaz bir xüsusiyyəti də var: Universitetdə hansısa kafedranın, müəllimin, heç olmasa, bir laborantın fəaliyyətini yoxlamaq (özü də əsaslı şəkildə!) həvəsini heç zaman gizlədə bilmir. Ona belə bir iş tapşırılanda xüsusi hazırlaşır, elə bir yoxlama aparır ki, “obyekt” tamamilə tərk- silah olur. Və mənim bildiyimə görə, Yusif müəllim yeganə professordur ki, əgər Bakıdadırsa, dərs oldu- olmadı, hər gün Universitetə gəlir, gedəndə isə rastına çıxan, kiminsə səhlənkarlığı ucbatından auditoriyalarda, dəhlizlərdə yanılı qalmış lampaları da söndürür ki, bütün həyatını bağışladığı bu müəssisəyə ziyan dəyməsin. Həyatdan ləzzət almağı bacaran, bu yaşında da məclislərə yaraşıq verən Yusif Seyidov incə zarafatlardan da qaçan deyil. Hətta bu zarafat onun özünə yönəlsə belə... Danışır ki, bir dəfə bərk xəstələndim. Kafedradakı müəllimlərdən biri canıyananlıqla mənə dedi ki, Yusif müəllim, bizim bir tanış da bu xəstəliyə tutulmuşdu, həmişə filan dərmandan içirdi. Mən də soruşdum ki, nəticəsi necə oldu? Dedi: “Öldü”... Dedim: “Daha o dərmanın nə xeyri oldu ki?” ...Bir dəfə də Gəncədə gecə gözəl bir bağda gəzişə-gəzişə söhbət edirdik. Vasim Məmmədəliyev, Yusif Seyidov, Tofiq Hacıyev, bir də mən. Söhbətin axırı, həmişə olduğu kimi, gəlib çıxdı lətifə danışmağa. Əvvəl bir az ədəblilərini danışırdıq. Bu məqamda mənim bir ziyalı, ədəbiyyat həvəskarı kəndçim də gəlib bizə qoşuldu. Gəncədə yaşayırdı, eşidib gəlmişdi. Böyük alimlərlə tanış olmağından fəxr duyur, getmək istəmirdi. Tədricən lətifələrin ədəb səviyyəsi aşağı düşməyə başladı. Mən də həvəslənib bir-iki biədəb (ancaq mənalı!) lətifə danışdım. Gülüşdülər. Tofiq müəllim də istədi ki, belə bir şey desin, ancaq kənar adamın olduğunu xatırlayıb söhbəti dayandırdı. Yusif müəllim mənim bayaq həddimi aşmağıma işarə edib gülə-gülə: – Tofiq, danış, heç nə olmaz, Nizaminin kəndçisidir,- dedi. Və o qədər zərif dedi ki, hamıdan qabaq özüm uğunub getdim. Belə bir sözü ancaq yüksək dil duyumu olan bir insan deyə bilərdi... Universitetdə böyük nüfuzu olan bu alimi, eşitdiyimə görə, yerliçilik, ya da başqa bir zəmində müəyyən intriqalara qoşmaq istəsələr də, alınmırmış; çünki işin lap həlledici məqamında onun heç nəyə güzəştə getməyən humanizmi, içdən gələn obyektivliyi hər şeyi vurub dağıdır, camaatın “zəhmət”i hədər gedirmiş. Yusif müəllimin elmi səviyyəsi heç zaman mübahisə obyekti olmayıb, ancaq xarakterinə gələndə ziddiyyətli fikirlər söylənir: “liberaldır” deyənlər də var. “yox, prinsipialdır” deyənlər də... Mənə isə elə gəlir ki, onda bu cəhətlərin hər ikisi mövcuddur: o məsələ ki, vacib deyil, Yusif müəllim liberallıq eləyir, o məsələ ki, vacibdir, bircə addım geri çəkilə bilər, ikinci addım mümkün deyil. Filologiya fakültəsində illər boyu dekanlıq uğrunda mübarizə getmişdi. Niyə? Ona görə ki, qəbul imtahanı var idi... Və yazı imtahanına düşən fəal müəllimlər özləri ilə bir neçə rəngdə qələm götürürdülər ki, tapşırılan uşaqların səhvlərini qaydaya salsınlar. İmtahanların getdiyi təxminən bir aylıq müddətdə Universitetin həyətində kimi istəsən görə bilərdin, su satandan fala baxana qədər. Elə müəllimlər də olurdu ki, yüksək qiymət yazılmalı olan işi oxumurdular, “beş”dən, “dörd”dən yazıb atırdılar o tərəfə. Və “yuxarı”dan göstəriş olanda kimsə gəlib o yazını yoxlayanda turp əyri bitirdi... Ona görə də rektor tez- tez deyirmiş ki, yazı imtahanına savadlı müəllimləri salın. Bu bir də ona görə lazım imiş ki, tapşırılan uşağa yazdığı mövzudan bir- iki kəlmə diqtə eləyə bilsinlər. Görkəmli professorlardan biri tamamilə yad bir uşağı dayısı nəvəsi adı ilə qəbul etdirmək istəyirmiş. Qəbula düşən müəllimlər bilirlər ki, belə deyil. Uşağa qiymət yazandan sonra həmin görkəmli professor təşəkkür eləməyə gəlir. Təsadüfən oradan keçən abituriyentlərdən birini göstərib deyirlər ki, uşaq budur. Professor şübhə yaratmamaq üçün tanımadığı uşağa diqqətlə baxıb: – Ə, gözləri necə də dayımın gözlərinə oxşayır,- deyir. “Gözləri dayısının gözlərinə oxşayan” uşaqlar bizimlə də oxuyurdular... Sonra da oxudular... Və mənim dekan olduğum illərdə də oxuyurdular. İnanmıram ki, hələ neçə illər oxuyub qurtara bilsinlər. Nə mənə, nə də Universitetin dilçi müəllimləri sırasına bir yerdə daxil olduğumuz Məmmədəliyə, Məhəmmədə, Tofiqə qəbul imtahanına düşmək qismət olmadı, ancaq Əhəd bu işin ləzzətini, deyəsən, aldı... ...Aspirant vaxtı yataqxanada bir qaldığımız dostum Məmmədəli Novruzov (onda hələ Qıpçaq deyildi) mənim dekan seçkimdə qabağa düşmüşdü. Tək o yox, Məhəmməd Məmmədov da, Tofiq Müzəffəroğlu da... Ancaq Məmmədəli bu məsələ ilə “strateji səviyyədə” məşğul olur, hərdən mənasız bir adamı tutub gətirirdi ki, üç gündür bununla məşğulam, sənə səs verəcək. Deyirdim, Məmmədəli, bu adamdan mənim xoşum gəlmir. Hirslənirdi ki, ə, guya mənim xoşum gəlir, qoy öz tərəfimizə çəkək, səs versin... Tez- tez də deyirdi ki, Nizami, bax, birdən elə bilərsən dekan seçiləndə səndən vəzifə istəyəcəm, mənə lazım deyil. Mən qeyri-rəsmi məsləhətçi olacam, aha!.. Və əllərini əllərinə sürtüb bu “aha!..”sını bir daha təkrar edirdi. Mən Məmmədəlini həmişə çox istəmişəm, özünü “vunderkind” sayan vaxtlarda da, tamamilə təvazökar vaxtlarında da... On-on beş ciddi məqaləsi çap olunmuşdu, hələ də laborant idi, namizədliyini də çox gec müdafiə elədi... Mən “Yeni Turan”ın baş redaktoru olanda Məmmədəlini də işə götürdüm. Bir dəfə maaş paylananda dedi ki, Naxçıvandan qohumlarım gəlib, mənim gələn ayımın maaşını da indi ver. Verdik. Gələn ay maaş gələndə Məmmədəli hamıdan qabaq gəldi... Dedik ki, Məmmədəli, sən maaşını keçən ay almısan. Dedi, ə, siz nə danışırsız?.. Bir ay əvvəl də adama maaş verərlər. Mən Cəhriliyəm, məhkəməyə verəcəm; baxmasalar, BMT- yə yazacam. Mənim pulumu verin... Və aldı. “Yeni Turan”a bir- iki elə məqalə yazmışdı ki, həmin məqalələrə görə maaş ərəfəsində qəzeti bağladılar. Bundan xəbərsiz gəlib yenə məvacibini istəyəndə hamımız gülüşdük. Məsələni biləndə özü də güldü. Mən dekan olanda ilk məsləhətlərindən biri o oldu ki, “filan müəllim uşaqları incidir, elə bir savadı da yoxdur; eşitdiyimə görə, xırda alverlə məşğuldur. Qoy dəqiqləşdirim, sənə imzasız bir şikayət məktubu yazacam, çağır onu danla, özünə yağışsın”... Həmin müəllimi mən də tanıyırdım, bilirdim ki, məzmunsuz adamdır. Dedim, dəqiqləşdir görək nə məsələdir. Bir- iki gündən sonra gəldi ki. hər şey aydındır. Hardansa iki yüz- üç yüz litr tut arağı gətizdirib satmaq istəyir, ona- buna təklif edir... Dedim, a kişi, adam da tut arağını satarmı?.. Dedi, elə bədbəxtdi da!.. Heç nisyə də vermir... Bir az fikirləşəndən sonra dedim ki, Məmmədəli, tək araq söhbəti olsa, maraqlı olmaz, sən yazarsan ki, həm də İran darağı satır... Məmmədəli təəccüblə mənə baxanda əlavə elədim ki, biz Astarada “zbor”da olanda “sovtransavto” şoferləri İrandan xırdavat gətirib camaata ucuz qiymətə satırdılar, o cümlədən də ətirli daraqlar... Ona “İran darağı” deyirdik. Məmmədəli uğunub getdi...Bilirdim ki, şikayət məktubu- filan yazası deyil; yazsaydı, doktorluğunu yazardı. Heç bir gün çəkmədi, “obyekt” çox həyəcanlı şəkildə mənə yaxınlaşıb dedi ki, sizinlə söhbətim var, ancaq təklikdə... Özümü gülməkdən zorla saxlaya- saxlaya “buyur” dedim, “nə məsələdir?..” Dedi ki, sizə məndən şikayət məktubu yazıblar, sizdən əvvəlki dekana da yazmışdılar, yoxlayıb gördü ki, qəsd işidir... Dedim, a kişi, narahat olma, oxuyub gördüm ki, mənasız şeydir, atdım getdi. Cəsarətləndi... “Yox, bu işə son qoymaq lazımdır, məni provakasiya edirlər. Guya mən İrandan daraq gətirirəm”- dedi. Dözmədim... – Bəs araq necə? Tut arağı. Susdu. Cəsarəti (və savadı!) çatmadı desin ki, İran araq ixrac eləmir, o da ola tut arağı... Bir neçə gün gəlib- getdi ki, mənim nə qərar qəbul edəcəyimi müəyyənləşdirsin. Axırda Məmmədəliyə dedim ki, sən allah, bu işi qurtar, məni işdən- gücdən qoydu. Dedi: – Hələ dayan, bu elə tərbiyəsiz iş tutur ki, gərək cəzasını axıra qədər çəksin. İndicə onu görüb başa saldım ki, şikayət məktubu iki nüsxə olub; biri dekandadır, biri rektorda... Dekan belə işlərə ciddi baxan deyil, ancaq sabah rektorluq onu məcbur edə bilər. Sən get kitabxanaçılıq fakültəsinin dekanından da bir arayış al ki, oradakı dərslərini həmişə vaxtı vaxtında demisən. Doğrudan da, bir az keçmişdi ki, katabxanaçılığın dekanı dostum Xəlil İsmayılov mənə zəng elədi. – Nizami, sizin bir müəllim mənim yanıma gəlib arayış istəyirdi. Başa düşmədim. Nə arayışdı? Gülmək məni tutdu. Uzun sözün qısası, Məmmədəlini tapıb dedim ki, ayə, bu işi qurtar, o, onsuz da düzələn deyil. ...Məmmədəli Qıpçaq artıq xeyli vaxtdır ki, elmlər doktoru, professordur, istedadlı türkoloqdur. Onun bir söhbətini də xatırlayıram; danışır ki, tələbə vaxtı bir dəfə Universitetin dəhlizində siqaret çıxartdım ki, çəkəm. Baxdım, spiçkam qurtarıb. Gördüm ki, o başda yaşlı bir adam siqaret çəkir. Qaça- qaça gəldim yanına, əlimdəki siqareti damağıma qoyub dedim: – Olar? İnsanıq da. Siqaretini ağzından çıxarıb tutmalı idi ki, mən də yandırım... Gözləmədiyim halda dedi: – Olmaz. – Niyə? – Çünki sən tələbəsən, mən müəlliməm. Kor- peşiman geri qayıdıb spiçka axtarmağa gedəndə kənardan bizi seyr edən tələbə yoldaşım qarşımı kəsib soruşdu: – Həsən Şirəliyev sənin qohumundu? – Yoox. – Bə nə şirin- şirin söhbət edirdiniz? Dönüb Həsən Şirəliyevə baxdım, o Həsən Şirəliyevə ki, nəinki tələbələr, müəllimlər də ondan tük salırdılar. Necə qaçdığımı bilmirəm, onda gördüm ki, dəhlizin o bir başındayam. ...Keçən əsrin 90- cı illərində Universitetdə Azərbaycan dilçiliyinə yeni nəsil gəlirdi. Onlar, əsasən, Əlövsət Abdullayevin, Yusif Seyidovun, Fərhad Zeynalovun, Tofiq Hacıyevin tələbələri idilər: Məmmədəli Novruzov, Məhəmməd Məmmədov, Tofiq Müzəffəroğlu (Hacıyev), mən... Və Əhəd Cavadov... ...Bir az ağır vaxt idi. Siyasi təxribatlar gözlənirdi. Ona görə də hər bir fakültədə bütün sutka boyu növbəçilik təşkil olunmuşdu. Ən ağırı gecə növbəçiliyi idi. Saat 12- dən 8- ə qədər. Məmmədəli belə məsləhət elədi ki, gecə növbəçiliyinin birinə də Əhəd Cavadovu nəzərdə tutaq. Hiss etdim ki, burada nə isə xatalı iş var, yoxsa Məmmədəli boş- boşuna belə müdrik təklif eləməzdi. Əhəd cədvəllə tanış olanda yüz cür bəhanə gətirdi, işin axırına çıxmaq üçün mən də “cədvəl dəyişə bilməz” dedim. Axırda Əhəd çox qəribə bir xahiş elədi: – Olarmı səhər saat 8- dən gəlib gecə saat 12- yə qədər durum?.. Dedim: –Baxarıq... Məmmədəli bunu eşidib gəldi. Gördüm gülür. – Nədi? – Bə sən bilmirsən, Əhəd gecə qorxur. Sən allah, bir az da məcbur elə, gecə qalsın, hələ görək nə olur. Dedim Məmmədəli, bir- iki istedadlı dilçi yetişir, onları da dəli eləyib çöllərə sala bilmərik. Get işinlə məşğul ol... Əhəd dərslər qurtarandan sonra kafedrada orta məktəb şagirdlərini Azərbaycan dilindən qəbula hazırlaşdırırdı. Bir dəfə nə isə lazım oldu, kafedranın qapısını açıb içəri girəndə gördüm ki, Əhəd müəllim elektrik peçinin üstünə qoyduğu qazanı qarışdıra- qarışdıra, başını da qaldırmadan, soruşur: – Qrammatik hallar hansıdır, məkani-qrammatik hallar hansıdır? Buğlanan qazandan otağa yayılan ləzzətli yemək ətri isə uşaqları elə hala salıb ki, əliflərini yanılıblar. Başını qaldıranda dedim: – Əhəd müəllim, bu şəraitdə o suala cavab vermək mənim üçün də çox çətindir. – Neynəyim,- dedi- Allah köməyin olsun, səhərdən dilimə bir şey dəyməyib. ...Mən uşaqların məktəbdənkənar hazırlaşdırılmasının əleyhinə deyiləm. Ancaq üç ilə- beş ilə öyrənilməsi nəzərdə tutulan proqramı bir ildə öyrətmək böyük psixoloji- intellektual təzyiqdir ki, hətta Universitetlərə qəbul olduqdan sonra bu, özünü hiss etdirir; tələbə məlumatı biliyə çevirməkdə, müstəqil mühakimə yürütməkdə çətinlik çəkir... Ancaq bu söhbətin Əhəd müəllimə heç bir aidliyi yoxdur. Və Əhədi, Tofiqi, Məhəmmədi, Məmmədəlini niyə çox istəyirəm? Çünki onlar yalnız valideynlərinin deyil, böyük müəllimlərinin (və dilçilik elminin) də övladları ola bildilər.
Nizami CƏFƏROV


Bu yazı ( 536 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar