12px14px16px18px

Qırmızı ayaqqabımın xatirəsinə...

Nərmin Hüseynzadə
01:35 / 09.09.2010

Yadımdadır,balaca idim. Qonaqlarımız gəlmişdi Gürcüstandan. Mənə bəzəkli saat almışdılar. Xasiyyətimdən xəbərsiz olduqları üçün çatan kimi saatı qoluma bağlamışdılar. Mən isə heç vaxt da itirmədən qollarımı dirsəyə qədər suya salmışdım.Quyumuzdakı qurbağanı tutmağa çalışırdım. Saatın qolumda olmasını heç vecimə də almamışdım. Elə ilk gündəcə xarab olmuşdu. Atam açıb günün altına qoydusa da, işləmədi... Həmin gün anam bacımla mənə qırmızı ayaqqabı almışdı. Ayaqqabılarımız, demək olar ki, eyni idi. Bircə fərq onda gülün mənimkindən bir dənə çox olması idi. Bu da, təbii ki, mənim tərəfimdən normal qarşılanmamışdı. Ölçü fərqləri olduğu üçün dəyişə də bilmirdik. Bir gülün üstündə hamının gününü göy əskiyə bükdüm o gün. Anam səbrinin kulminasiya nöqtəsində durub məni yaxşıca döymüşdü. Ancaq yenə inadımdan dönməmişdim. Atamın təkidi ilə bacımla ayaqqabılarımızı dəyişmişdik. Ayağıma bir ölçü böyük olsa da... Nəhayət, yeyib-içəndən sonra qonaqlarımızı gəzdirmək qərarına gəlmişdik. Rayonumuzda gəzməli yer olmadığı üçün məcburən Kür kənarına getmişdik. Hamı körpünün üstündən sakit axan Kürü seyr edirdi. Döyüldüyümçün qanım bir xeyli qaralmışdı. Ayağımı dəmir tutacaqlardan çıxarıb “qəmli-qəmli” Kürə baxırdım. Və birdən... Çox faciəvi bir hadisə baş verdi. Ayağımı yelləyəndə ayağıma böyük olan qırmızı ayaqqabımın bir tayı çıxıb düşdü suya. Elə qışqırdım, elə ağladım ki... Ayaqqabının o biri tayını ayağımdan çıxarıb qaçmışdım atamın qucağına ki, tez ol, düş Kürə, götür ayaqqabımı. Təbii ki, atam razılaşmamışdı. Hələ sizə bacımın ağlaya-ağlaya məni qucaqlamasını demirəm. Elə hönkürürdü ki, elə bil mən düşmüşdüm suya. Axı itən ikimizin də ayaqqabısının bir tayı idi. Həm də mən qırmızı ayaqqabılarımın olmasını çoxdan arzulayırdım... Bir tay ayaqqabımı qucağıma alıb ağlaya-ağlaya dönmüşdüm evimizə. Anam əhvalatı hamıya danışıb gülsə də, mənim kədərim boyumdan daha böyük idi (boyum da çox balacaydı, bir qarışdım, zatən). Həyətimizdəki su kranını bütün gün açıq qoyurdum o gündən. Suyun Kürdən gəldiyini bilirdim. Bir dəfə atamdan “Kranımızı dəyişək, daha böyük boru alaq. Bəlkə ayaqqabım o borudan gəlib düşdü”, – deyə xahiş etmişdim. Atamsa əvvəlki xahişim kimi bunu da önəmsəməmiş, bolluca gülmüşdü. O günlərdə hamının gülüş obyekti mən idim. ...Bu hadisədən bir az keçmişdi. Havalar da soyumuşdu. Anamla atam Kürün daşmasından danışırdılar. Anam onlara diqqətlə qulaq asdığımı görüb gülə-gülə demişdi: “Hamısı sənin ayaqqabına görədi, balaca. Allah bilir, hara gedib ilişib, nəyin qabağını kəsib, aləmi su basıb”. O daşqında çoxlu evlər, əkin sahələri su altında qalmışdı. Elə günahkar hiss edirdim ki, özümü... O gündən bu yana çox zaman ötməsinə baxmayaraq, hər dəfə Kür daşanda qəribə hisslər keçirirəm. Gülünün biri qopsa da, qırmızı ayaqqabımın tayını hələ də saxlayıram. O mənim əlimin içi boyda, unutmadığım qırmızı xatirəmdi....
Nərmin Hüseynzadə



Bu yazı ( 615 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar