12px14px16px18px

Məlum və naməlum gələcək

Mirbəhram ƏZİMBƏYLİ
15:02 / 03.10.2009  
U
şaqlığımda böyüklərin iki sualını cavablandırmaqdan bezərdim. Suallardan biri bu idi: “Atanı çox istəyirsən, yoxsa ananı?” Həmişə mənə maraqlı olub. Görən, bu sualın cavabı böyüklərə niyə bu qədər lazımdır? Mənim bu suala cavabımmı dünyanı xilas edəcəkdi?! Nə isə.. Mən bu suala hər zaman eyni cavabı vermişəm: “İkisini də eyni istəyirəm, əmi!” (dayı, bibi, xala və s. bilər) Gözlərini gözlərimə əmi mənim cavabımı dəyişdirməyə cəhd etsə də əsla qələbə qazana bilmirdi. Və ancaq sonda ağ bayrağı dalğalandırırdı. Hə, adam atasını da, anasını da istəyər. Afərin”. “Deməli, bu sualın doğru cavabı bu imiş. Nə gözəl! Bildiyimə şad deyiləm” Ah! Bu sözləri necə də demək istəyərdim. Lakin mən balacaydım. Deyə bilmirdim ki, siz belə fikirləşirsiniz, bu sizin doğru cavabınızdır, ayrısı başqa cür də fikirləşə bilər. Bir də ki, bu sual olduqca mənasızdır. Anayla, atanın hərəsinin öz yeri var. Keçək əsas və ikinci suala. Bu sual ona görə əsasdır ki, hələ bu sualın cavabını tapa bilməmişəm. İkinci sual belə idi. “Böyüyəndə nə olacaqsan? “Mən bu suala çox zaman belə cavab vermişəm. Adam. Amma bu cavab birini də qane etmirdi. İlahi, kərəminə şükür! Mən isə mütləq cavab verməliydim deyə, susurdum. Düzünü söyləsəm hələ də axtarışdayam. Hansı peşəyə yiyələnəcəyimi bilmirəm. İndi isə özümü müxtəlif peşələrdə təsəvvür edərək qərarımı verməyə çalışacam. Siz də öz qərarınızı verin. Ya Allah...Hə, mən həkiməm. Bu mənim masam, bu dərmanlar, bu resept və ağ xalatım. Otağıma bir xəstə girir. Xəstəm beş-altı yaşlı bir qız uşağıdır, öz anasının qucağına sığınıb. Uşağın anası dillənir: - Həkim uşaq dünən gecə yata bilməyib, qızdırmadan.Mən onun sözünü kəsirəm.Gərək onu həkimə aparaydınız.Sonra yadıma düşür ki mən özüm də həkiməm. Qadın əvvəlcə mənə tərs-tərs baxır, sonra davam edir: - Hə də gətirdik sizin yanınıza. Hamı sizi tərifləyir. Həkim, bizə də bir kömək eləyin.Mən uşağa baxıram və ilk baxışdan onun xəstəliyinin səbəbini anlayıram. Əlimə qələm alıb resept yazmağa başlayıram. Bir-iki dəqiqə sonra səliqəsiz yazılmış vərəqi imzalayıb qadına verirəm və deyirəm, bunu aptekə verib dərmanları alsın. Qadın təəccüblə üzümə baxır və yarı əsəbi, yarı çaşqın halda dillənir:- Bu ki, şeirdir.Gəlin başqa variantı yoxlayaq. Mən polisəm. Cinayətkar silahlıdır və mən onu yaxalamaq üçün öz silahımdan istifadə edərək “qanunun düşməni”ni ağır yaralıyıram. Onun son sözləri belə olur: - Uşağım sağaldı, çox sağ ol həkim. Mən isə indi ölürəm. Müəlliməm. Və uşaqlarla birgə qaçıram dərslərdən dərslərə doğru. Mən keçmiş zamanlara səyahət edirəm. Və orada bir cəllad oluram. Edam kürsüsünə çıxıram və özümü asmağa hazırlaşıram. Hökmdarın əmri belədir. Camaatın arasında azyaşlı bir dilənçi qız ağlayır və dillənir:- O mənə qızıl pul vermişdi.Yox, yox. Mən dərziyəm. Yanıma bir müştəri gəlir və sifarişini verir:- Mənim ürəyimə yaxşı bir paltar tikin, zəhmət olmasa. Mən soruşuram: - Bağışlayın, amma mən sizin ürəyinizin ölüçüsünü almalıyam. Gənc qız ürəyini mənə verir və deyir:- Paltar lazım deyil. Siz onun üzərini zərlə bəzəyin. Kifayətdir. Tikiş iynəsi ilə əlimi qanadıram. Əlimin qanını qızın ürəyinə silirəm. Və...Gəlin fərqli istiqamətdə düşünək. Mən sürücüyəm. Maşınımda iki sərnişin var. Onlardan bir ölüdür, digəri hələ dünyaya gəlməyib. Biri susur, digəri danışır, mən isə sürürəm. Maşını dayandırıram. Nə oldu deyə soruşurlar. Mən də cavab verirəm ki, benzin qutardı. Artıq maşında üç ölü var.İndi isə mən bağbanam. Güllərlə danışıram. Onları göz yaşlarımla sulayıram. Və sonda göz yaşlarımla suladığım gözəl bir gülün dibində özümə qəbir qazıram. Uzanıram əbədi yatağıma. Ömrü boyu boğazlarını üzdüyüm kol-kosun ruhları mənim ürəyimi sıxır. Lakin baş daşıma- bağımın ən gözəl gülünə baxanda rahatlanıram. Yaşamaq necə də gözəldir - hər gülün-çiçəyin, ağacların varlığında.Mən dənizçiyəm. Dənizin ortasında balaca bir ada kimi sürünürəm. Gəmidəki ümidləri sahilə çatdırıram və sonra üzürəm dənizin dərinliklərinə, tək-tənha. Yoruluram. Boşalır bədənim. Ağırlaşır bədənim. Suyun dibinə çökürəm, ağır daşlar kimi. Suyun başına daş düşür. Və illər əvvəl batan gəmimi görürəm. Biz necə də bir-birimizə bənzəyirik!Baş redaktoru olduğum qəzetdəki xəbərlər insanların çaşqınlığına səbəb olur. Nə müharibələrdən, nə dəyirmi masalardan, nə xəstəliklərdən yazılır, bizim qəzetdə. Biz küçədəki insanların arzularından, yuxuda illər əvvəl vəfat etmiş sevdiyi qadını görən kişinin kədərindən, çərpələngi ağaca ilişən uşağın göz yaşlarından, məzardaki ölülərin səssizliyindən, dayanacaqda avtobus gözləyən insanların ümidlərindən xəbər veririk....Mən şəhərin ən varlı bankında çalışıram. Və bir gün xəbər gəlir ki, bankdaki bütün pullar oğurlanıb. Məni həbs edirlər. Yetim uşaqlar artıq ac deyillər.İndi də kosmonovtam. Dünyanı kənardan görürəm və bu qədər balaca bir planet üçün aparılan müharibələrin səbəbini anlaya bilmirəm. Aya gedirəm. Ağ bayraq sancıram ayın sinəsinə.Mən rəssamam. Yalqızlığın rəsmini çəkirəm. Sonra sevgilimə rəsmi göstərərək deyirəm ki, gəl gedək, o yalqız qalmasın. Mən sadəcə Mirbəhramam. Və yazıram...Yazımın bu yerində əslində, hansı peşəyə yiyələnəcəyimi müəyyənləşdirirəm. Hansı peşəyə? Elə mən də siz düşünəni düşünürəm. Mirbəhram ƏZİMBƏYLİ [email protected]


Bu yazı ( 579 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar