12px14px16px18px

Bu günün tarixi

Vüsalə MAHİRQIZI
02:08 / 31.08.2010  
“Müstəqil Azərbaycan dövlətinin inkişafı tarixçi alimlər qarşısında irimiqyaslı problemlərin həlli vəzifəsini irəli sürür. Keçmiş illərin səhvlərini və əyintilərini düzgün qiymətləndirib aradan qaldırmaqla yanaşı, biz tarix elminin elə bir inkişafını təmin etməliyik ki, o, bugünkü şəraitdə kəsb etdiyi missiyaya uyğun olsun. Milli Elmlər Akademiyasının Tarix İnstitutu son illər ərzində rəğbətlə qarşılanmış bir sıra fundamental əsər hazırlayıb nəşr etmişdir. Lakin bununla yanaşı bizim tarixçilərin ünvanına haqlı olaraq ciddi tənqidi fikirlər də söylənməkdədir. Biz bu gün də elmi səviyyəsi qənaətbəxş olmayan, aktuallıqdan uzaq və əhəmiyyətsiz əsərlərin ortaya çıxması halları ilə rastlaşırıq. Həmçinin dəyərli tarixi sənədlərin və arxiv materiallarının çapı və şərhi sahəsində vəziyyət qənaətbəxş deyildir”... Bu sitat Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsindəndir. Ramiz müəllimin bir neçə ay əvvəl yazdığı məqaləsini bir daha xatırlatmağıma səbəb son günlər baş verənlər oldu. Həmin vaxt bəziləri bu məqalədə əksini tapanlarla razılaşmamışdılar. Amma aylar sonra baş verən bir hadisə həmin məqalənin aktuallığını bir daha sübut etdi. Bir neçə gün əvvəl mətbuatda İran alimlərinin tarixi Azərbaycan ərazilərində apardıqları qazıntılar nəticəsində qədim dövrə aid mumiya tapmaları ilə bağlı xəbər yayıldı. Diqqət çəkən idi. Azərbaycan tarixi ilə bağlı çox qiymətli fakt ola bilərdi. Təbii ki, araşdırma üçün ilk ünvan AMEA-nın Tarix, həm də Arxeologiya və Etnoqrafiya institutları idi. Biz müraciət etdik. AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov dedi ki, Xudafərin Su Anbarında qazıntı aparılanda onlara da Azərbaycan padşahının mumiyasının tapılması ilə bağlı şəkillər gəlib çatıb: “Bu şəkillər çox naməlum şəraitdə çəkilib, bilmək olmur haradan tapılıb. Bu məsələ hələ aydınlaşdırılmayıb. Bu, təxribat xarakterli də ola bilər. Buna görə də yalnız araşdırma aparıldıqdan sonra məsələyə münasibət bildirmək olar”. Daha sonra hörmətli Yaqub müəllim dedi ki, İran tərəfi Xudafərin Su Anbarında arxeoloji qazıntı aparılması barədə Azərbaycan tərəfini məlumatlandırmayıb: “Beynəlxalq qanunda da var ki, qazıntı işləri aparılarkən qarşı tərəfə məlumat vermək lazımdır. Çünki həmin yer Azərbaycanın tarixi ərazisidir. Mumiyanın aid olduğu dövrdə bu sərhədlər yox idi. Ora Azərbaycanın ərazisi idi. Amma sonra İran tərəfi qazıntı işləri zamanı belə mumiyanın tapıldığını təkzib edib”. Yaqub müəllim daha sonra deyir ki, İran qədim Azərbaycan ərazisində tapılan bütün arxeoloji materiallar barədə Azərbaycana məlumat verməlidir: “Bunun mumiya olduğunu biz görməmişik. Gərək bu da araşdırılsın, bizim əlimizdə yalnız şəkillər var. Bu da hələ inandırıcı fakt deyil. Mumiyanı görmək lazımdır, Azərbaycan tərəfinə bu barədə məlumat verilməlidir. Əgər Azərbaycan ərazisində həqiqətən də belə tapıntı aşkarlanıbsa, bizim qonşuluq münasibətlərimiz, eyni zamanda bunun Azərbaycan tarixinə məxsus olması nəzərə alınaraq, Azərbaycan və İran tarixçiləri, arxeoloqları birgə araşdırma aparıb elmi bəyanat verməlidirlər. Bu tarixi birtərəfli qaydada gizli saxlamaq olmaz”. Y. Mahmudov deyib ki, həqiqətən də belə mumiya tapılıbsa, İran tərəfinin bunu gizlətməyə ixtiyarı yoxdur: “Onlar deyə bilər ki, belə bir şey tapılmayıb. Ona görə də bunu təsdiqləyən lazımdır”. Bu açıqlamanı biz APA vasitəsi ilə xəbər prinsiplərinə əsaslanaraq, heç bir şərhə yol vermədən yaymışıq. Amma mənə aydın deyil ki, hörmətli Yaqub müəllim “edilmədilir, görülməlidir” deyəndə kimin bu işi görməsini nəzərdə tutur? Hörmətli direktor deyir: “Gərək bu da araşdırılsın, bizim əlimizdə yalnız şəkillər var. Bu da hələ inandırıcı fakt deyil. Mumiyanı görmək lazımdır...” Əlbəttə, Azərbaycan tarixi üçün Yaqub Mahmudovun xidmətlərinin şəksizliyi mübahisə mövzusu deyil. Mənim ona dəyərli bir alim və millətini sevən vətəndaş olaraq olan xüsusi hörmətimi özü də bilir. Amma məncə, bu mumiyanın varlığını və yoxluğunu təsbit eləmək, araşdırmaq, tarixə dəxli olub-olmadığını qəti müəyyənləşdirib, hətta bu haqda bizə məlumat vermək AMEA-nın Tarix İnstitutunun işidir. Olsa-olsa, onlara bu işdə bir də vaxtilə Tarix İnstitutundan ayrılmış Arxeologiya və Etnoqrafiya İnstitutu dəstək ola bilər. Biz o institutun direktoru Maisə Rəhimovanı da danışdırdıq. Adamın üstündə Allah var, Maisə xanım da şəkli görüb, hətta onlara gizli formada təqdim edilmiş şəkilin muzeydən çəkildiyini də o dəqiqə deyib. Sonra da əlavə eləyib ki, “şəklin Azərbaycan tərəfinə göstərilməsində başqa məqsədlər də ola bilər”. M.Rəhimova qazıntının kimlər tərəfindən və necə aparıldığı barədə məlumatsız olduğunu da söyləyib. İnstitut direktoru da hesab edir ki, arxeoloji qazıntı aparılan zaman İran tərəfi Azərbaycan mütəxəssislərini bu işə cəlb etməli idi: “Əgər cəlb etməyiblərsə, gərək bizim mütəxəssislər indi ora gedib, fikirlərini desinlər. Bu işə bizim mütəxəssislər cəlb olunduqdan sonra qəti bir söz deyə bilərik”. Maisə xanım lap sonra əlavə eləmişdi ki, “bu işdə ermənilərin də barmağı ola bilər”. Amma biz xanımın o fikrini yaymadıq, çünki “erməni barmağı”nın məsələnin hansı hissəsinə aid ola biləcəyini aydınlaşdırmaq mümkün olmadı. Bir az daha araşdırma aparanda məlum oldu ki, alimlərə “gizli yollarla”, mətbuata “eksklüziv” formada gəlib çıxmış “mumiya padşah” barədə İran mediası hələ 2008-ci ildə yazıb. Biz beş-altı saytdan bu faktla bağlı şəkilləri, video lenti, məlumatı tapa bildik. Sonra isə İranın Şərqi Azərbaycan vilayətinin Milli, Mədəni İrsin Qorunması İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Fərinuş Əkbərzadəni tapdıq. O da dedi ki, tarixi Xudafərin məntəqəsində arxeoloji qazıntılar olub, orada müəyyən vaxtlarda yenə də qazıntılar aparılır. Qazıntılar zamanı qədim dövrə aid olan müxtəlif əşyalar aşkar olunur. Amma oradakı qazıntılar zamanı mumiyalanmış insan cəsədi tapılmayıb. 2008-ci ildə həmin ərazidə bir qrup təxribatçı şəxs müəyyən məqsədlərlə (?!)xüsusi ustalıqla hazırlanmış sandığın içərisində mumiyalanmış müqəvva basdırıb. Həmin qızılı rəngli sandıq və mumiya İran arxeoloqları tərəfindən aşkar edilərək götürülüb. Araşdırma nəticəsində mumiyanın insan cəsədi deyil, müqəvva olduğu müəyyənləşdirilib, sandığı ərazidə basdıranlar isə polis təhqiqatı nəticəsində tutularaq cinayət məsuliyyətinə cəlb edilib və hazırda həbsdədirlər. Vəssalam! Bizim İrandan mənim də doğruluğuna əmin olmadığım bu cavabı almağımız cəmi iki gün çəkdi. Amma hər halda iki il yox! İki il ərzində Azərbaycanın tarixi ərazilərində qazıntı işləri aparılır, qonşu ölkənin mətbuatı bu haqda yazır, Azərbaycan tarixinə mübahisə gətirə biləcək bir fakt barədə danışılır, amma bizim hörmətli alimlərimiz “araşdırılmalıdır, görülməlidir, aşkarlanmalıdır, etiraz olunmalıdır” deyirlər. Kim eləməlidi ki? Müasir dünyada elm çevikliyi sevir. Xüsusilə bütün informasiya savaşlarının əsas silahı olan tarix və arxeologiya elmi. AMEA-nın müvafiq institutları bu qazıntılara etiraz edilməsi, ya da bu qazıntılar zamanı ortaya çıxmış tədqiqat materialları ilə bağlı onların məlumatlandırılması üçün İran tərəfinə məktub yazıblarmı? Bu “mumiyalı padşah” faktı ilə bağlı da hansısa tarixi şərh, referat hazırlanıb arxivə və ya Vikipediyaya yerləşdirilibmi? Açığı, müsbət cavab alacağıma çox az əminəm. Amma heç kim bizə qarantiya vermir ki, 50-60 il sonra o “mumiya” hansısa qonşu ölkənin muzeyində peyda olub, “tarixin danılmaz sübutu” kimi gözümüzə soxulmayacaq. Mən qətiyyən bu məsələdə “erməni barmağı” olması, ya da Yaqub müəllimin dediyi kimi təxribat olması məsələsini gözardı eləmirəm. Çünki elə İran rəsmisi də “bir qrup təxribatçı şəxsin müəyyən məqsədlərlə” bu “mumiya padşahı” hazırladıqlarını deyir. O məqsəd, o təxribatçıların milliyyəti nədi? Onlarla aydınlaşdırılmalı, tapılmalı, sübut edilməli məsələ var. Bizdən qanı qanımızdan olan, yeri, torpağı, əsli-sülaləsi bəlli olan Nizaminin, Füzulinin azərbaycanlı olmasına sübut istəyirlər. Bizdən az qala Şəhriyarın Azərbaycan şairi olmasına dair arayış istəyirlər. 100-150 il əvvəl hardasa tapılmış daşların minilliklər əvvəlin yadigarı olması ilə bağlı sərsəm iddialarla azmı rastlaşmışıq? Hansısa xarici qüvvələrin marağında olanda bir əsrlik tarixi abidəyə min il yaş kəsilə bilməsinin azmı şahidi olmuşuq? Azərbaycan elmindən çeviklik, məsuliyyət umuruq. Elə çeviklik ki, 50 il sonra hansısa ölkənin araşdırmaçısı Xudafərin ərazisindən mumiyalanmış insan cəsədi tapılması ilə bağlı araşdırma aparmaq iddiasına düşsə, onda onun qarşısına həmin ərazidə belə bir tapıntının olmadığını, bunun saxtalığını faktlarla sübut edən, ya da olduğunu və gizlədildiyini tarixi məktublarla, yazışmalarla ortaya qoyan arxiv sənədləri çıxsın. Tarix və arxeologiya təkcə dünəni bu gün üçün araşdırmır, məncə. Həm də bu günü sabah üçün yazır. Hər ötüb keçən 24 saat tarixdi. Hər ötüb gedən 24 saat bizi tarixdən uzaqlaşdırır. Hər günü özündə yazacaq qədər çeviklik istəyirik elm adamlarımızdan. Həm də umuruq... P.S. Ramiz müəllimin məqaləsində xatırlamalı olduğumuz bu cümlələr də var: “Ötən dövrə nəzər yetirdikdə aydın olur ki, bizim filosoflar, tarixçilər, iqtisadçılar və ədəbiyyatşünaslar ölkədə baş verən yeniliklərin heç də aparıcı qüvvəsi kimi çıxış etməyiblər. Həddən ziyadə vaxt itkisinə yol verilmişdir”...
LENT.AZ
Vüsalə MAHİRQIZI



Bu yazı ( 457 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar