12px14px16px18px

Bir Vaqif Aslanov vardı...

Nizami CƏFƏROV
21:48 / 28.08.2010

Bir Vaqif Aslanov vardı... Böyük alim idi... Ömrünü bir nağıl qəhrəmanı kimi yaşadı. Rusca, ərəbcə, farsca, ingiliscə, almanca bilirdi. Hələ gənc yaşlarında Qazağın bir kəndində ingilis, o biri kəndində alman dili dərsi deyirmiş. Mən bunu sonralar fəxrlə rəhmətlik Aydın Məmmədova danışanda laqeydcəsinə: – Sən bilməmisən, yəqin, məsciddə də mollalıq edirmiş, – dedi. Ərəbcə də bilməsinə işarə edirdi... Vaqif Aslanov bu qədər dilləri öyrənib məşhurlaşandan sonra ünsiyyətcil olmaq əvəzinə məşhur olduğu məlum miqyası hamının üzünə bağladı, həmkarlarına yalnız onun icazəsi ilə keçilə biləcək bir qapı qoydu. Vaqif Aslanov daha böyük işlər görə bilərdi. Ancaq həyatını heç kimə (heç özünə də !) lazım olmayan intriqalara həsr edib, məhv elədi. Əlacsız qalıb təyinatımı Akademiyaya alanda mənim səviyyəmi yoxlamaq üçün Elmi Şurada məruzə eləməyimi istədilər. “Sadə cümlənin struktur-semantik inkişafı” mövzusunda məruzə elədim. Şura sədri akademik Məmmədağa Şirəliyev “məruzəçiyə kimin sualı var?” deyəndə Vaqif müəllim bir-iki sual verdi, mən də “ustalıqla” izah etdim ki, həmin suallara nə mən cavab verə bilərəm, nə Siz, nə də dilçilik elmi. Gənc usta ilə təcrübəli usta bir-birini başa düşdülər. Və təcrübəli usta, Məmmədağa Şirəliyevdən xahiş etdi ki, təyinatla gələn bu gənci onun şöbəsinə göndərsinlər... Mən həmin şöbənin – Azərbaycan dili tarixi şöbəsinin kiçik elmi işçisi oldum. Ancaq kiminsə inzibati rəhbərliyi altında işləməyə (və yaşamağa!) öyrənməmişdim. Və bu, heç Vaqif müəllimə də lazım deyildi... Azərbaycan dilinin tarixi leksikologiyasından doktorluq yazmış, yazıya qədərki Azərbaycan dilini araşdırmış, farsdilli Azərbaycan klassiklərindən sətri tərcümələr etmişdi. Türkologiyanı, dil nəzəriyyəsini də yaxşı bilirdi. Sovet türkoloqlarının çoxu ilə dost idi. Vaqif Aslanov bilikli olduğuna görə bəzən özünü əhli-kefliyə qoyurdu. İnana bilmirdi ki, ondan da biliklisi çıxa bilər. Ziya Bünyadovla, Rüstəm Əliyevlə oturub durur, nəinki onlardan aşağı, müəyyən məqamlarda yuxarı olduğunu görür və özündən müştəbeh olurdu. Böyük həmyerlisi Səməd Vurğuna oxşayan bu insanla ilk görüşdə (İsmayıl Məmmədovla birlikdə) ondan xoşum gəlməmişdi, çünki mənim namizədlik dissertasiyamı tərcümə eləmək üçün çox pul istədi... Bir də ona görə xoşum gəlmədi ki, “Sizin yerlinizdir” – deyən İsmayıl müəllimdən soruşdu: – Atası kolxoz sədridir?.. Bu sözün İsmayıl müəllimə xoş gəlmədiyini görəndə əlavə etdi: – İsmayıl, sən doktorluğunu gətir, pulsuz tərcümə edim. Onda direktor müavini idi. Və “alverimiz” tutmadı... Kor-peşiman geri qayıdanda İsmayıl müəllimdən soruşdum ki, bu böyüklükdə adam niyə belə hərəkət elədi, çox yuxarıdan getdi?.. İsmayıl müəllim dostunun tərəfini vermədi: – Elə bildi ki, sən bekara bir şey yazmısan, işi tərcümə eləyə-eləyə təzədən yazmalıdır. Adətən ondan bu cür şeylər xahiş edirlər. Çox keçmədi ki, müavinlikdən getdi, bir neçə il sonra Azərbaycan dili tarixi şöbəsinin müdirliyindən də çıxmalı oldu... Ancaq etiraf edim ki, mən Vaqif müəllimi kiminsə arxasınca danışan görmədim, nə deyirdisə, üzə deyirdi. Və ona görə də haqlı-haqsız düşmən qazanırdı... Müdafiələrdə dissertantlara çətin suallar verir, konfranslarda tənqidi çıxışlar edir, əsərlərə mənfi rəy yazırdı. O qədər prinsipial idi ki, Mahmud Kaşqarinin “Divan”ının 30-cu illərdəki tərcüməsinə də belə bir rəy yazmışdı... Və hərdən mənə elə gəlirdi ki, türkologiya elminin banisinin özünə də (min ildən sonra!) mənfi rəy yaza bilərdi. Müdafiələrdən birində o qədər də hazırlıqlı olmayan bir dissertanta “mənim sənə iyirmi beş sualım var, bircəsinə cavab verə bilsən, lehinə səs verəcəm” – dedi, sonra əlavə elədi: – Molla Pənah Vaqif neçənci əsrdə yaşayıb? Dissertant dərhal cavab verdi: – XVIII əsrdə. Vaqif müəllim: – Bəs avtoreferatda niyə XVII əsr gedib? – deyəndə mən yerimdən dilləndim: – Vaqif müəllim, ikinci suala ehtiyac yox idi... Çünki bir suala artıq doğru cavab verildi. Gülümsündü. Əyləşdi. Və dissertantın “Texniki səhv olub” sözlərinə də fikir vermədi. Bütün elmi ictimaiyyət bilirdi ki, Vaqif Aslanov biliklidir. Onun hər dəfə bu həqiqəti ortaya qoyması, bilmirəm, nəyə lazım idi?.. Bilmirəm, hiss etmirdimi ki, arxasınca “özünü göstərir” deyirlər... Ancaq tənqidi çıxışlarında çox vaxt haqlı olurdu... Dilçilik İnstitutunun istedadlı əməkdaşlarından Ədalət Tahirzadə Elmi Şurada məruzə edib deyir ki, Azərbaycan dilindəki bütün sözlər beş kök-sözdən törəyib, onların dördünü tapmışam, cəmisi biri qalıb... Bu “cəsarətli” iddiaya dözməyən Vaqif müəllim söz alıb deyir: – Ədalət, o sözü də tap, Dilçilik İnstitutunu bağlayaq, batıb qırıldıq... Və bununla həm Ədalət Tahirzadənin “kəşf”inə qiymət verir, həm də böhran dövrünü yaşayan İnstitutdakı vəziyyəti dəyərləndirirdi. ...Görkəmli türkoloq Sergey İvanov Bakıya gələndə Vaqif müəllim məni onunla tanış etdi. Bizi Bilgəhə, dəniz sahilinə apardı. Yaxşı qonaqlıq verdi. Məhərrəm Əhmədov da orada idi... Məni İvanova tərifləyib xahiş etdi ki, Nizaminin Leninqrad Dövlət Universitetinin Türkologiya kafedrasında (İvanov həmin kafedranın müdiri idi) doktorant olmasına kömək elə... Elə bir istəyim olmamışdı. Xətrə dəyməmək üçün yüngülcə etiraz eləyəndə “buralarda qalıb neyləyəcəksən, get, böyük bir elm adamı ol, yenə gəl” – dedi. İvanov da məsələyə ciddi yanaşanda aspiranturaya nə qədər çətinliklə daxil olduğumu yadıma salıb təəssüfləndim ki, gərək elə əvvəldən Vaqif müəllimi tapıb Leninqrada gedəydim... Ancaq çox keçmədi ki, Bakı dilçilik mühitinə hörmətim bir az da artdı; əsərlərini oxuduğum, qibtə ilə baxdığım böyük türkoloq bir az içəndən sonra dəniz qırağında sülənən sahibsiz bir itlə danışmağa, onu sığallamağa başladı... Biz də bu mənzərəyə tamaşa edirdik. Və maraqlıdır ki, bizə səksəkə ilə baxan it yenicə tanış olduğu İvanovla çox mehriban idi. Vaqif müəllimə baxıb yavaşca dedim ki, Leninqrada getsəm, bunun gününə düşəcəm. Bizdə də belə şeyə yaxşı baxmırlar... Gülümsündü, “səni məcbur edən yoxdu ki...” dedi. ...Onda klassik alimlərə xas olan maneralar da vardı. Kökü çox dərinə gedən zərif zarafatlar, geniş məlumatdan (və erudisiyadan) irəli gələn az danışmaq, mövqeyini “formullar”la bildirmək, özününkü saydığı hər xırda şeyə belə dəyər vermək... Bir dəfə qonşu şöbədə oturub çay içirdik, Vaqif müəllim də gəlmişdi, ancaq qənd az idi. Vaqif müəllim gənc dilçi xanımlardan birinə: – İntizar, al bu açarı, get mənim otağımdakı seyfi aç, orda iki konfet var, birini gətir. Seyfi də bağla – deyəndə İntizara ərklə: – O birini də mənə gətir – dedim. Vaqif müəllim tövrünü pozmadan: – İntizar, nə deyirəm, onu elə, biri qalsın, o birini gətir, – dedi. Və İntizar xanım elə də elədi. Böyük alim isə hərəkətindən məmnun bir şəkildə çayını içib getdi. Onun öz prinsipləri vardı... Və kiminsə həmin prinsiplərə necə baxacağı o qədər də vecinə deyildi. Bir dəfə İnstitutun direktor müavini (faktiki rəhbəri) Zərifə Budaqova dedi ki, Vaqif Aslanova tapşırmışıq, “Azərbaycan dili xaricdə” adlı məqalələr toplusu hazırlayır, həmin mövzuda bir məqalə də sən ver. Məhəmməd Peyfunun İranda yenicə nəşr olunmuş “Azərbaycan dilinin lüğəti” barədə bir rəy yazıb Vaqif müəllimə verdim. Məcmuəyə daxil eləmədi. Əvvəl dedi ki, zəifdir, məcmuə çıxandan sonra dedi ki, “yuxarı”dan gələn yazı idi, ona görə də qəbul eləmədim... Mən “Ədəbiyyat qəzeti”ndə işləyəndə məqalə gətirmişdi. Namizədliyini Akademiyanın müxbir üzvlüyünə vermiş bir professorun nəşr etdirdiyi “Divan” mətninin Türkiyə nəşrindən köçürmə olduğunu sübut edən bir məqalə idi. Dedim, yaxşı deyil, gözləyək, qoy seçilsin, sonra çap edərik. İndi eləsək, ayrı cür baxarlar... Dedi ki, seçiləndən sonra məqalənin çıxıb-çıxmamağının daha nə əhəmiyyəti olacaq?.. Məqalə çap olunmadı. Ancaq nə yazmışdısa, düz yazmışdı... Vaqif müəllim tez-tez beynəlxalq konfranslara gedər, Azərbaycan dilçiliyini layiqincə təmsil eləyərdi. Mənə elə gəlir ki, bu səfərlər yalnız elm xatirinə, yaxud dünyada məşhurlaşmaq naminə deyildi. O hər yerdə darıxırdı... Bir dəfə hansısa mötəbər elmi məclisdən qayıtmışdı. Soruşdum ki, Vaqif müəllim, məruzənizin mövzusu nə idi?.. Bir az düşünüb qəliz bir şey dedi: “Məhdud regional mühitlərdə yabançı dilin leksik təsiri xüsusiyyətləri”... Nə isə belə bir şey... Mən də zarafatla dedim ki, yəni Qazax dialektində rus sözləri... Gülümsündü, “hə, elə bir şey idi” – dedi. ...Doktorluq dissertasiyamın avtoreferatının tərcüməsinə kömək elədi, məsləhətlər verdi, opponentim oldu və yaş fərqimizə baxmayaraq, səmimi dostluq elədik. Məni ona qarşı qoymaq istəyənlərin cavabını verməyə çalışdım. Ondan da xahiş edirdim ki, intriqaçılara fikir verməsin... Ancaq necə fikir verməyə bilərdi ki, şöbə müdirliyini də ona çox görmüşdülər. Hətta aramızı vurmaq üçün böyük alimin yerini mənə – gənc bir tədqiqatçıya təklif eləmişdilər. Münaqişələr üzərində qurulmuş bir həyatın sonluğu da bu cür faciəli olmalı idi. Və oldu... Özü də bir tərəf üçün deyil, bütün tərəflər üçün... Onu torpağa basdıranda bir daha anladım ki, böyük alim, hətta məcbur edilsə belə, mənsəb-mövqe münaqişələrinə qarışmayıb elmlə məşğul olsaydı, həm həyatdan vaxtsız getməz, həm də indikindən qat-qat artıq fayda verər, şöhrətli olardı... Biz çox böyük alimlərimizi heç nədən itirmişik...
Nizami CƏFƏROV



Bu yazı ( 668 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar