12px14px16px18px

Tofiq Hacıyev, yaxud mənim elmi rəhbərim

Nizami CƏFƏROV
10:49 / 21.08.2010
 ...Bizə dərs deyəndə Tofiq müəllim qaynar bir millətçi idi... Ə.Dəmirçizadədən sonra Azərbaycan ədəbi dilinin tarixini yazmışdı... Elə yazmışdı ki, əgər Ə.Dəmirçizadə etnogenetik varisliyin nə olduğunu (və insanın öz etnik mənşəyi ilə nə qədər fəxr elədiyini!) bilsəydi, gənc həmkarını axtarıb tapmalı, əlini kürəyinə vurmalı, “yaxşıdı” deməli idi... Ancaq bizdə elə şey demirlər. Hər dəfə yenidən “qəhrəman” olmaq lazımdır, hər dəfə yenidən epos yaratmağımıza ehtiyac var. Bəlkə də, bizə qəhrəmandan çox epos yaratmaq üçün mövzu lazımdır... O da nə qədər desən... Tofiq müəllim içinə sıxılmış bir enerji kütləsi idi, hər an “partlaya” bilərdi, ancaq həm də (və daha çox!) müəllim olduğuna görə o, anarxist enerjisinə (istedadına!) yiyəlik edə bilirdi. ... Bir dəfə mühazirəsinin şirin yerində nə isə yazan tələbə qızlardan birinə yaxınlaşıb, qarşısındakı kağızı aldı, “yazma” dedi, sonra bir az sakitləşib əlavə etdi: “heç olmasa o təbəssümlə yazma!” Bilirdik ki, müəllimimizin oğlu dənizdə batıb... Ona görə də qəşəng bir qızın – tələbə yoldaşımızın hansısa bir oğlana – tələbə yoldaşımıza yazdığı tamamilə mənasız bir kağıza qısqanmağı anlaşılan idi. Gah o eynəyini, gah bu eynəyini taxırdı... Cibindən çıxardığı kartoçkalara baxıb “Dədə Qorqud”dan M.P.Vaqifə qədər misallar deyirdi. ... Bir dəfə də Füzulinin dilindən danışırdı... Az danışdı, çox danışdı, yadımda deyil... Bir o yadımdadır ki, İbn Səlamın mənfi qəhrəman olduğu barədəki təsəvvürümüzü alt- üst elədi, dedi ki,o kişilik ki, İbn Səlamda olub, onun heç yarısı Məcnunda olmayıb. ...Hiss edirdik ki, o nə isə deyir, ancaq birbaşa deyə bilmədiyinə görə əzab çəkir... Vallah, o zaman bizi üsyana çağırsaydı, arxasınca gedəsi idik... Görürdüm ki, Tofiq müəllim çətin adamdır, ancaq mən də asan adam olmadığıma görə qərara aldım ki, elmi rəhbərim o olacaq!.. “Kitabi- Dədə Qorqud”da etnik frazeologiya mövzusunda diplom işi verdi. Nəzərdə tuturmuş ki, etnonimlərin frazeoloji imkanlarını araşdırım. Mən frazeologiyanın etnologiyası barədə yazdım... Etiraz eləmədi, ancaq dedi ki, mən ayrı şey deyirdim, sən ayrı şey yazmısan. Onun dediyi mənim “parlamaqda olan ilhamımın miqyasına”, yəqin ki, dar gəlirmiş. Aspiranturaya girəndə mövzunu dəyişdi, sadə cümlənin struktur- semantik inkişaf tarixindən yazmağımı tələb elədi... Özü də bu cür konkret yox... Dedi ki, izah etməlisən ki, Azərbaycan dilində cümlə modelləri necə formalaşıb... Əgər desəydi ki, Azərbaycanda insan necə formalaşıb, onu da yazacaqdım. ...Və iş hazır oldu. Rus dilinə tərcüməsini elmi rəhbərimin qaynı (və mənim dostum) İsmayıl Məmmədov öz öhdəsinə götürdü. O İsmayıl Məmmədov ki, elmlər namizədi idi, hövsələsi olanda dilçiliyi Tofiq Hacıyevdən az, məndən isə çox bilirdi. Dedi ki, bu işi ancaq Vaqif Aslanov tərcümə edə bilər. Getdik Akademiyaya... Vaqif müəllim elə qiymət dedi ki, üzü üstə qayıtdıq geri... O zaman çox gənc olan Aslan Məmmədli işi çox münasib qiymətə tərcümə elədi. Və təbii ki, pulunu İsmayıl müəllim verdi. Aspiranturanın ilk aylarında ədəbi-tənqidi məqalələr yazıb çap etdirirdim. Bir dəfə Tofiq müəllim məni yanına çağırıb elə hirsləndi ki, indi də yadıma salanda ətim ürpəşir. Dedi ki, bir də belə şey yazsan, rəhbərlikdən imtina edəcəyəm, get dissertasiyanı yaz... Özü də İsmayıl Məmmədovla, Kamil Vəliyevlə oturub durma. Elmi rəhbərimin etirazı barədə məlumat ortaya çıxanda müdrik dostlarım dedilər ki, çox fikir vermə, Tofiq Hacıyev böyük alimdir, ancaq özünü cəmiyyətdən təcrid eləyib, rəhbərinə qulaq assan, səndə ictimai şüur lazımınca inkişaf etməyəcək... Artıq xeyli məclislərdə oturub, yaxşı söhbətlər eləmişdik, ictimai şüurun nə qədər əhəmiyyətli bir şey olduğunu bilirdim, ona görə də elmi rəhbərimin iradını anti- ictimai məzmun daşıdığına görə qəbul edəsi olmadım. Çünki sıralarımız da günbəgün genişlənir, gənc mütəfəkkirlərin polemik mühiti Tofiq Hacıyevin mübahisəsiz qəbul edilməli olan təfəkkür modellərindən daha cazibədar görünürdü. Namizədlikdən sonra doktorluq gəlirdi... Universitetdə yer olmadığına görə, Tofiq müəllimin tövsiyəsi ilə təyinatımı Akademiyanın Dilçilik institutuna aldım. Məni akademik Məmmədağa Şirəliyevə, müxbir üzv Zərifə Budaqovaya tapşırdı... Qəribə bir mühit idi... Heç Ferdinand de Sössürün özü də baş çıxarmazdı... Yerli şəraitə hələ təzə- təzə isinişirdim ki, Tofiq müəllim məni yanına çağırıb bərk danladı: – Sən koridorda Vaqif Aslanovla şirin- şirin söhbət edirsən, bilmirsən ki, Zərifə xanımın düşmənidi?.. – Tofiq müəllim, o mənim yerlimdi, böyük alimdi, salam verirsə, “əleykum salam” deməyim? Tofiq müəllim əsəbləşdi, ancaq hiss elədim ki, mənə yox, düşdüyüm (əslində, düşdüyümüz!) vəziyyətə əsəbləşir. – Nə bilim, elə elə ki, sənə xətər dəyməsin... ...Doktorluq dissertasiyasını mənə ruhən yaxın olan bir dövrün – XVIII əsrin ədəbi dilindən yazdım. Və yenə qaçdım elmi rəhbərimin yanına. O tərəfə- bu tərəfə çevirəndən sonra bütün ömrüm boyu xatırlayacağım bir söz dedi: – Nizami, indi sənin səviyyən elədir ki, nə yazsan müdafiə edə bilərsən.... Sən allah, yazdığına apar bir də bax, elə olsun ki, müdafiə edəndən beş il, on il sonra utanmayaq. Nə sən, nə də mən. ...Allaha şükür ki, utanmadıq... Nə mən, nə də elmi- ictimai nüfuzunu həmişə yüksək tutduğum, xatirini çox istədiyim elmi rəhbərim. Tofiq müəllim cəmisi bir neçə ay Maarif naziri işlədi. Həmişə deyir ki, “mən də yay tətili vaxtı, məktəblər bağlananda nazir oldum, məktəblər açılanda işdən çıxdım”. Ancaq bu bir neçə ay da kifayət idi ki, Azərbaycan dilinin tədrisi sahəsində müəyyən yeniliklərə imza atılsın. Ən böyük yenilik o oldu ki, orta məktəbin Azərbaycan dili dərslikləri geniş müzakirələrdən sonra yenidən yazıldı. Yuxarı siniflərdə ümumi dilçilik, türkologiya, nitq mədəniyyəti, üslubiyyat və s. barədə zəruri məlumatlar verən dərsliklər yarandı. Elmi rəhbərim bu işə məni də cəlb etmişdi. Müzakirələrin birində çıxış edib köhnə dərsliklərin, xüsusilə böyük dilçi-metodist Bəşir Əhmədovun dərsliyinin qüsurlarını göstərdim. Ancaq, deyəsən bir az ağ elədim... Bəşir müəllim sözümü kəsib üzünü Tofiq müəllimə tutaraq özünəməxsus bir çılğınlıqla soruşdu: – Tofiq müəllim, mənim dərsliyimi tənqid etmək sifarişini Nizamiyə siz vermisiz? Tofiq müəllim gülümsünüb: – Bəşir müəllim, Nizami sənin yerlindir. Özü də yerlipərəstdir. Mənim sözümlə səni tənqid etməz. Görünür, dərslikdə çatışmazlıqlar var. Düzəltmək lazımdır, – dedi. Sonra söz İsmayıl Əhmədova verildi. Orta məktəbi gözəl bilən İsmayıl müəllim çıxışında dərsliyin xeyli qüsurlarını göstərdi, onu da qeyd etdi ki, “Say” bəhsindəki tapşırıqların birində kəsrlə kəsrin toplanmasına aid misal verilib, ancaq cavab düz deyil... Bəşir müəllim yerindən dilləndi: – Elə şey ola bilməz... Tofiq müəllim ona etiraz etmək istəyən İsmayıl müəllimi saxlayıb əvvəlkindən daha şən təbəssümlə: – Ayə, bunlar heç riyaziyyatı da bilmirlərmiş ki... – dedi. Və gərginlik aradan qalxdı. Həyat elə gətirdi ki, Türkologiya kafedrasında imkan yarandı, Tofiq müəllimin köməyi ilə ştata keçdim. Sonra həmin kafedranın professoru oldum. Sonra isə, təbii ki, yenə də Tofiq müəllimin xeyir-duası ilə, filologiya fakültəsinin dekanı seçildim. Çalışırdım ki, bir balaca istedadı olan hər kəsə kömək edim, bunu da bəzən qeyri- prinsipiallıq kimi qəbul edirdilər. Bir dəfə gənc tədqiqatçı Qənirə Bəyzadə mətn dilçiliyinə həsr etdiyi kitabını gətirib xahiş etdi ki, rəy verim. Elə yanındaca bir neçə səhifə oxuyub gördüm ki, çox qəliz yazılıb, heç nə anlamıram... Qənirə xanımın səviyyəli bir tədqiqatçı olduğunu bilirdim. Ona görə dedim ki, get özün bir rəy yaz gətir. Kitab çıxanda məlum oldu ki, müəllif məndən qabaq böyük dilçi Yusif Seyidova da müraciət edib, ancaq Yusif müəllim mənfi rəy verib. Tofiq müəllim məsələdən hali olanda mənə dedi ki, elə şey eləmə, prinsipial ol. Hər yazıya müsbət rəy verirsən. Heç olmasa, Yusif Seyidovdan nümunə götür. Özümü təmizə çıxarmaq üçün cavab verdim ki, Tofiq müəllim, Yusif Seyidov oxuyub başa düşmədiyi əsərə mənfi rəy verir, mən oxuyub başa düşmədiyim əsərə müsbət... Bir də ki, Qənirə xanım deyir ki, ona vəhy gəlir, çox zaman yazıdığını sonra oxuyub özü də anlamır. Mən də vəhylə gələn mətnə mənfi rəy yazmaqdan qorxuram... Daxilən dindar olan Tofiq müəllim bircə onu dedi ki, boş-boş danışma... Bir gün Qənirə xanım rəy almaq üçün növbəti kitabını gətirəndə ona dedim ki, dekanlıqda əyləşib gözləsin. Gedib Tofiq müəllimi tapıb gətirdim. Qənirə xanımdan xahiş elədim ki, əsərlərini necə yazdığı barədə mənə dediklərini Tofiq müəllimə də danışsın. Təxminən yarım saatlıq söhbətdən sonra elmi rəhbərimdən soruşdum ki, fikriniz nədir?.. Xəyal içərisində idi. Xeyli düşünüb “nə bilim, vallah!..” dedi. İşinə həmişə ciddi yanaşan, hər hansı səhlənkarlığa dözməyən Tofiq müəllimin vaxtaşırı tənbehləri özünün ən kəskin, ən incidici təzahürlərində belə, həmişə xeyirxah (və pedaqoji!) xarakter daşıyıb. Bugünün özündə də elmi rəhbərimin mənə kiçicik bir işarəsi kifayətdir ki, özümü yığışdırım. Əgər bu, irad, yaxud tənbeh səviyyəsinə qalxarsa, bilmirəm nə olar...
Nizami CƏFƏROV



Bu yazı ( 968 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar