12px14px16px18px

Arxamca gəl!..

Nizami CƏFƏROV
10:33 / 14.08.2010
 
 
 
Həyatda hər kəsin qarşısına elə insanlar – şəxsiyyətlər çıxır ki, bütün ömrün boyu tərcümeyi- halını – həyat tarixçəsini onlarsız təsəvvür edə bilmirsən. Və onları sonsuz minnətdarlıqla xatırlamaqdan başqa heyfslənirsən ki,  borcunu qaytarmaq imkanının yarandığı zaman həmin insanlar – şəxsiyyətlər, adətən, artıq həyatda olmurlar...
Professor Əlövsət Abdullayevi mən həm minnətdarlıqla xatırlayır, həm də həyatdan tez getdiyinə həmişə dərindən təəssüflənirəm. Birincisi, o, həqiqətən böyük dilçi alim idi; tabeli mürəkkəb cümlə sahəsində yalnız Azərbaycan dilçiliyində deyil, ümumən türkologiyada söz sahibi sayılırdı. Dövlət mükafatı almış “Müasir Azərbaycan dili” dərsliyində də həmin bəhsin müəllifi o idi. Və təkcə bir faktı qeyd etmək kifayətdir ki, Əlövsət Abdullayevin xüsusilə tabeli mürəkkəb cümlə sahəsindəki araşdırmaları əlli ildən çoxdur ki, öz elmi təravətini azacıq da olsa itirmədən dilçiliyə xidmət edir... İkincisi, o, böyük müəllim, güclü elm təşkilatçısı idi. Onlarla gənc onun bilavasitə iradəsi, köməyi ilə böyük elmə gəlmişdi, yalnız Azərbaycan dilçiliyi deyil, bütövlükdə türkologiya üçün yüksək ixtisaslı kadrların hazırlanmasında fəal iştirak etmişdi. Universitetdə prorektor, dekan olan, Azərbaycan dilçiliyi kafedrasını yaradıb uzun illər ona rəhbərlik edən Əlövsət müəllim, üçüncüsü, olduqca ünsiyyətcil, zərif rəhbərlik məharəti, liderlik keyfiyyətləri olan bir insan idi. Onunla hər səviyyədə hesablaşır, mövqeyinə hörmətlə yanaşırdılar... Ən gərgin məqamlarda belə səsini qaldırmadan sözünü deyən (və yeridən!) bu insanı hər hansı münaqişələrdə məğlub təsəvvür etmək mümkün deyildi. Hərəkətləri asta, təmkinli olduğu qədər də inamlı, cəsarətli və məqsədyönlü idi.
 Əlövsət müəllim bizə üçüncü kursda sintaksisdən mühazirə dedi. Mən imtahana hazırlaşanda onun əsas müəllif olduğu dərsliyi diqqətlə oxuyub xeyli “tənqidi qeydlər” elədim. İmtahan verib “əla” alandan sonra elə imtahandaca həmin qeydləri Əlövsət müəllimə təqdim edəndə gülümsünüb “sən bunu qiymət almamışdan qabaq da verə bilərdin...” dedi. Mən də artıq aramızda yaxın ünsiyyət yaranmış müəllimimə ərklə “düşər-düşməzi olardı” dedim... Eyni təbəssümlə “həə... düz elədin, ehtiyat yaxşı şeydi” dedi... Və bir neçə gün sonra məni kafedraya çağırtdırıb “qeydlər”imi bir- bir dinlədi. Sifətindən, demək olar ki, heç zaman əskik olmayan zərif təbəssümlə gah “həə...”, gah “hım...” dedi. Mənə aydın olmayan bəzi məsələləri izah elədi.
Sonuncu kursda bizə tabeli mürəkkəb cümlə sintaksisindən ixtisas kursu keçəndə artıq mənə xüsusi rəğbəti vardı. Hərdən zarafatyana soruşurdu ki, bu məsələ barədə sənin fikrin necədi?.. Sonuncu dərsdə üzünü auditoriyaya tutub “hə... artıq universiteti bitirirsiniz. Oğlanlara məsləhətim budu ki, özlərinə yaxşı iş tapsınlar. Qızlar isə, birinci növbədə, ərə getmək barədə fikirləşsinlər” dedi. Və tələbələrin gülümsər baxışları altında auditoriyanı asta addımlarla tərk etdi.
Bir müddətdən sonra dəhlizdə rastlaşdıq. Dedi ki, bizim kafedraya bir aspirant yeri veriblər, ancaq qiyabidi... Tofiq Hacıyev xahiş elədi ki, onu sənin üçün saxlayaq, yazdan payıza keçirək.
Çox sevindim. Minnətdarlığımı bildirdim... Dedi ki, ehtiyac yoxdur, bu, bizim borcumuzdur.
Mən hələ Universiteti bitirməmişdim, aspiranturaya isə yaz qəbulu başlayırdı. Əvvəl bitirənlərdən kimsə gələ bilərdi. İmtahan verib qəbul olardı. Onda nə olacaq?..
Ancaq Əlövsət müəllim də Əlövsət müəllim idi. O nə dediyini bilirdi.
...Həyatın üzümə güldüyü həmin günlərdə qarşıma ilk böyük maneə çıxdı. Məlum oldu ki, bizi zabit kimi iki illiyinə orduya aparacaqlar. Kimin adamı vardısa, elə hərbi kafedradaca məsələni həll etdi... Sözün açığı, hərbi işə də marağım vardı, ancaq elmə həvəsim daha böyük idi. İki ili itirmək, sonra qayıdıb aspiranturaya yerin nə vaxt veriləcəyini gözləmək xeyli problemlər çıxarırdı... Ona görə də hərbi kafedradakı görüşdə rəisdən xahiş etdim ki, məni aparmasınlar, Universiteti fərqlənmə diplomu ilə qurtarıram, aspiranturaya saxlayacaqlar. İri cüssəli, zəhmli polkovnik mənə elə bir ritorik sual verdi ki, ağzımı açıb cavab verməyə söz tapmadım: “Səncə, sovet ordusuna savadsız adamları göndərirlər?..”
Respublika Hərbi komissarına hərbi qaydada salam verib onun əmri ilə gəldiyimi rusca məruzə edəndə diqqətlə baxıb ətrafındakılara “yaxşı zabit olacaq” deməsi nə qədər mənə xoş gəlsə də, son umudum da qırıldı. Gənc general şəxsi işimə dərkənar qoymamış əlini saxladı, “sualın var?” deyə soruşdu... Cəsarətlənib vəziyyəti ona anlatdım. “Yaxşı, onda hələ gözlə, baxarıq” dedi. Üzüntülü gözləmə bir-iki saat çəkdi. Nəhayət içəridən bir kapitan çıxıb məni çağırdı, kabinetinə aparıb, şəxsi işimi varaqladıqdan sonra “dekanlıqdan arayış gətir ki, Universiteti həqiqətən fərqlənmə diplomu ilə bitirirsən” dedi. Və əlavə etdi: “bir gün vaxtın var, yoxsa gedəcəksən... Orduya!” Mənə bircə saat da kifayət idi. Özümü çatdırdım dekanlığa... Və dekanımız Ağamusa müəllim arayış məsələsini bir dəqiqədə həll etdi.
...Payız gəldi. Məcburi təyinat aldığım Sabirabad rayonu Ələtli kənd səkkizillik məktəbinin direktorundan icazə alıb (onsuz da dərslər kəsilmişdi, müəllimli-şagirdli hamı pambıq yığımında idi) Bakıya gəldim. Şəxsi işimi qoltuğuma vurub getdim aspirantura şöbəsinə. Müdir dedi ki, əvvəlcə rektordan icazə almalısan.
Qalxdım rektorumuz Faiq Bağırzadənin kabinetinə. Qəbulda heç kim yox idi. Katibədən icazə alıb içəri keçdim.
– Faiq müəllim, aspiranturaya sənəd vermək istəyirəm, xahiş edirəm icazə verəsiniz.
– Nə olar?.. Gəl... Nə vaxt bitirmisən?
– Bu il.
– Olmaz. Get iki il işlə, sonra gələrsən.
Tutuldum... Ancaq tez özümü ələ aldım:
– Fərqlənmə diplomu ilə bitirmişəm,- dedim.
– Həə?.. Yox, yox!.. İki il işləməlisən.
– Faiq müəllim, Elmi Şuranın da zəmanəti var...
– Nə olsun?.. İki ildən sonra gəl, baxarıq...
Kabinetdən çıxdım. Bıçaq vursan, qanım çıxmazdı... Dəhlizlə gedə-gedə Əlövsət müəllim yadıma düşdü. Ona deyim ya deməyim?.. Tanrının qəribə işləri olur... Başımı qaldıranda gördüm ki, Azərbaycan dilçiliyi kafedrasının qarşısından keçirəm. Əlövsət müəllim də qapının ağzında dayanıb mənə baxır.
– Həə... Nə oldu? Sənədlərini verdin?..
–Yox, Əlövsət müəllim, rektor icazə vermədi. Dedi ki, get iki ildən sonra gələrsən. Mən də gedirəm...
Əlövsət müəllim bir an belə düşünmədən:
– Hələ bir dayan görək. Arxamca gəl!..- deyib qabağa düşdü. Mən də onun arxasınca... Əlləri dalında indiyə qədər görmədiyim bir sürətlə gedirdi. Rektorun kabinetinə çathaçatda qapı açıldı, rektor bayıra çıxdı. Əlövsət müəllimi görüb mehribancasına salamlaşdı, hal- əhval tutdular. Birdən Əlövsət müəllim rektora:
– Faiq müəllim, mənim bir istedadlı tələbəm var, istəyirəm aspiranturada saxlayam, – dedi.
– Nə olar...
– Onun sənədinin üstünü yazmaq lazımdır.
– Hanı? Gətir yazım.
Mən irəli keçdim, elə ayaq üstə papkanın üstünə imza atıb məni də təbrik elədi.
Sağollaşdılar. Əlövsət müəllim yenə əllərini arxasına qoyub qabağa düşdü. Mən də arxasınca...
Məəttəl qalmışdım. Nə deyəcəyimi də bilmirdim. Günahkar səslə:
– Əlövsət müəllim, vallah, beş-on dəqiqə bundan əvvəl getmişdim, qol çəkmədi... – deyə mızıldandım.
Əlövsət müəllim arxaya baxmadan:
– Gəl, gəl... Sənin getməyinlə mənim getməyim bir olsaydı, getməzdim ki... – dedi.
Və mən aspiranturaya girdim. İndi qalırdı, qiyabidən əyaniyə keçmək... Bunun üçünsə Əlövsət müəllim kafedra müdiri kimi arayış verməli idi ki, aspiranturanı qurtardıqdan sonra məni dərslə təmin etmək imkanı olacaq... İmkan isə yox idi. Ancaq o, belə bir arayışı verdi. Mən isə söz verdim ki, gələcəkdə ondan dərs istəməyəcəm...
Azərbaycan dilçiliyi kafedrasının əyani aspirantı olduqdan sonra işlərim qaydaya düşdü. Əlövsət müəllimlə, demək olar ki, hər gün görüşür, onun o qədər də çox olmayan tapşırıqlarını məmnuniyyətlə yerinə yetirirdim. Kafedrada çox maraqlı elmi, mənəvi mühit vardı: Elmira Həsənova, İsmayıl Məmmədov, Kamil Vəliyev, Firidun Cəlilov... Həsrət Həsənov, Rəsul Xəlilov, Qasım Həsənov... Və bir də Zinyət Əlizadə...
Mənə elə gəlirdi ki, Əlövsət müəllim bu mühiti həm özü yaratmışdı, həm də yaratdığı bu mühitdən o qədər də xoşlanmırdı... Ümumi kafedradan ayrı balaca bir kabineti vardı, hərdən orada oturardı, gəlib-gedənlə dərdləşərdi...
Bir dəfə Abbas Zamanov gəldi; nə dedilər, nə danışdılar, bilmirəm... Əlövsət müəllim məni çağırıb dedi ki, Abbas müəllim bir şey diqtə edəcək, gəl onu yaz. Kağız-qələm götürüb həmin o balaca kabinetə keçdim. Abbas müəllimlə üzbəüz oturub nə deyəcəyini gözlədim... Əvvəl zəndlə mənə baxdı, sonra bərkdən soruşdu:
– Əlövsət, bu kimdi?
Əlövsət müəllim cavab verdi ki, bizim aspirantdı, savadlı oğlandı...
Abbas müəllim cibindən iki-üç vərəq çıxardıb qarşısına qoydu. Gördüm, ərəb əlifbası ilə yazılıb... Başladı yavaş- yavaş diqtə eləməyə... İş o qədər yavaş gedirdi ki, səbrim tükənirdi, ancaq dözməkdən başqa çarəm yox idi. Nə isə repressiya dövrünün qurbanlarına aid bir məqalə idi. Birdən Abbas müəllim diqtəni yarımçıq qoyub ayağa durdu, o biri, geniş otağa keçib Əlövsət müəllimlə söhbətə başladı... Mən gördüm ki, ilişmişəm, vərəqləri özümə tərəf döndərib ərəb əlifbasındakı mətni kirilə çevirməyə başladım. Handan-hana Abbas müəllim gəldi. Vəziyyəti görüb vərəqlərini qamarladı.
– Sən neynirsən? – dedi, – ərəb əlifbasını bilirsən?..
– Bir az bilirəm...
Əhval-ruhiyyəsi korlandı.
– Nə deyirəmsə, onu yaz!..
– Yaxşı...
Diqtəni harada saxlamışdısa, oradan başladı. Və mən də özümü elə göstərdim ki, yazıram. Halbuki həmin şeyləri artıq yazıb qurtarmışdım... Birdən M.Kaşqarinin “Divan”ının tərcüməçisi olan Jüzenin adını Cüze kimi deyəndə (həmin yeri artıq yazmışdım) ixtiyarsız:
– Cüze yox, Jüze, – dedim.
Rəhmətlik bir az duruxdu, birdən kağız-kuğuzunu yığışdırıb qonşu otağa səsləndi:
– Əlövsət, bu, məni redaktə edir, ayrı adam tap!..
Əlövsət müəllim hansısa işini buraxıb gülümsünə-gülümsünə gəldi, bizi görüb asta səslə:
– Abbas müəllim, bu belədi, hərdən müəllimlərini qoz qabığına salmaq istəyir, ancaq bilmir ki, Abbas müəllimlə bacarmaz... Yaxşı, Nizami, sən get, deyəsən işin var, – dedi. Təşəkkür edib aradan çıxdım...
...Dissertasiyamı aspiranturaya qəbul olduğum tədris ilinin yayında kənddə yazdım. Yazdıqlarımı türkologiya kafedrası ilə üzbəüz balaca otaqda elmi rəhbərim Tofiq Hacıyevə oxuyurdum. O da diqqətlə qulaq asır, məni saxlamadan qarşısındakı kartoçkalara qeydlər edirdi. Sən demə, Əlövsət müəllim nə üçünsə Tofiq müəllimi axtarırmış, birdən içəri girdi, təbəssümlə baxdı. Və zarafatyana soruşdu:
– Dissertasiya xoşuna gəlsə, elmi rəhbər qonaqlıq verəcək ya yox?
Tofiq müəllim əhvali-ruhiyyəsinin yaxşı vaxtları üçün səciyyəvi bir intonasiya ilə:
– Elmi rəhbər bu dissertasiyanın hər bir fəsli üçün ayrıca qonaqlıq verməyə hazırdı, – dedi.
...Mən düşündüm ki, bugünlük bitdi. Ancaq Əlövsət müəllimlə Tofiq müəllimin söhbəti heç beş dəqiqə də çəkmədi. Əlövsət müəllim uğurlar diləyib getdi, Tofiq müəllim isə yenidən tam ciddiyyəti ilə dinləməyə başladı... Və o qədər tənqidi qeydlər dedi ki, mən yazdığım dissertasiyanın nə vaxtsa hər hansı qonaqlığa səbəb olacağından əlimi tamamilə üzdüm.
...Aspiranturanı qurtarmağa hələ yarım il vardı. Mən namizədlik dissertasiyamı müdafiə edib təsdiqimi də almışdım. Bütün rəsmi-konyuktur prinsiplərə görə, Əlövsət müəllimin kafedrasında dərslə təmin olunmalı idim. Ancaq “söz danışıqdan keçər” deyiblər... Bilirdim ki, dərs saatı çatışmır, ona görə də Əlövsət müəllimi narahat etmədim, təyinatımı Elmlər Akademiyasının Dilçilik institutuna aldım.
...Sonralar hər şey öz yerini tutdu. Mən yenidən Universitetə qayıtdım. Çünki qayıtmaya bilməzdim...
...Tərcümeyi-halımı varaqladıqca görürəm ki, çox adama borcluyam. Nə bilmək olar, bəlkə də, ən çox Əlövsət Abdullayevə borcluyam ki, hara gedəcəyimi bilmədiyim bir vaxtda qabağa düşdü... Və mənə “arxamca gəl!” dedi...
Ən müstəqil bir həyat yolçusunun da hansısa məqamda belə bir sözə (və hərəkətə!) ehtiyacı olur...
 Nizami CƏFƏROV



Bu yazı ( 634 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar