12px14px16px18px

Yarımçıq nəğmə

Anar Yusifoğlu
09:58 / 05.08.2010  
Hər şey sənin üçün! “Bütün həyatım yarımçıq nəğmədir sanki, yığıb-yığışdırsan, bir ovuca ancaq sığar...” Bitmə saatı bəlli olmayan iş prosesində gərginliyi azaltmaq üçün vərdişimə uyğun bir-iki dəqiqəlik özümdən belə oğurlanıb vərəqlədiyim kitabda oxudum bu sətri. Müəllifin səmimiyyəti məni doğrudan da özümdən oğurladı: “Başladığım heç bir işi axıra çatdıra bilməmişəm...” Yaşın 70-ci pilləsindən ömrün axarına baxıb, Qu quşu kimi “həyatının tək və son” nəğməsini yazmaq istəyən tanınmış jurnalist Rizvan Cəbiyev “Şumer kilidi” kitabında qələmə alır bunları – özünə, sözünə, səmimiyyətinə heç bir xəyanət eləmədən. Azərbaycanın sayılıb-seçilən kişilərindən biridi Rizvan Cəbiyev. Kənardan istədiyinə nail olan, özünü ifadə etmiş, “ömrü yelə verməmiş” insan təsiri bağışlayır. Ancaq Rizvan müəllimin başladığı işləri bir ömrə sığdıra bilməməsindən dolayı narahatlığı hər sözündən, hər ifadəsindən görünür. Guya, kim istəyinə çatıb ki?! Arzusu, istəyi tamamilə həyata keçmiş insan varmı? Ömür yolu bircə addımdı, nəyi, nələri sığdıra bilərsən ki ora? Uşaq vaxtı İkinci Minilliyin başa çatdığı o möhtəşəm günü o qədər uzaq, xəyali bir an kimi təsəvvür edirdim ki! Artıq 10 ildir Üçüncü Minillikdəyik! İllərin o tayında ağlagəlməz dərəcədə uzaq saydığım o gündən 10 İL ötüb! Belə tezmi? Bu 10 ili haçan tapdım, harda itirdim? Kim götürdü, hara düşdü? Bu on ildə nə dəyişdi? Heç nə! Sağa-sola xərclədiyimiz günlərin özü belə dəyişmədi – yenə gün çıxır, yaz gəlir, payız gedir, qış girir. Bir on il də elə beləcə keçməyəcəkmi? Nə dəyişəcək? Bəlkə ona görə elə bilirik ki, həmişə gün çıxacaq, yaz gələcək, payız gedəcək?.. Bilə-bilə ki, heç bir uduş yoxdur, hər gələnimiz Vaxtla üz-üzə açıq oyuna girişirik. Vaxtsa bizi elə udur, ömrümüzün cibindən illərimizi elə soyur ki, xəbərimiz belə olmur! Bir də onda ayılırıq ki, “yapyalnız, havasızlıqdan və kədərdən boğula-boğula son saatı” gözləməkdən ayrı əlimizdən heç nə gəlmir! Və deyəsən, yalnız onda “niyə gəlmişdik” sualına cavab arayırıq! Deməli, istəyin, sevginin də ölçüsü var –ZAMAN! Yox, bizlər Qu quşu ola bilmərik! Hətta Vətən yolunda hücuma atılan əsgərin son hayqırtısı da Qu quşunun son nəğməsinə bənzəyə bilməz. Çünki Qu quşlarının hamısının adı Qu quşu, nəğmələrinin hamısı “Qu quşu nəğməsidir”, bizimsə öz Adımız, öz Nəğmələrimiz var; Çünki Qu quşları nəğmələrini sonadək oxuyub ölürlər, bizimsə nəğmələrimiz heç zaman bitmir, tükənmir və ona görə həmişə yarımçıq qalır; Çünki biz “bizdən sonra” yaşayacağımıza inanırıq! Bizi yaşadan, Rizvan Cəbiyevin dediyi kimi, “bir çimdik sevgi istəyi, bir içim qayğı həsrəti, bircə şirin söz, bircə xoş baxış, bircə insanlıq salamı”dır. Biz öz sevgimizi öləndən sonra da umuruq – elə özünü Sözə çevirməyin səbəbi bu deyilmi? Biz “insanlıq salamını” öləndən sonra da veririk – Yunus Əmrə kimi: Biz dünyadan gedər olduq, qalanlara salam olsun, Bizim üçün xeyir-dua qılanlara salam olsun!
Anar Yusifoğlu


Bu yazı ( 522 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar