12px14px16px18px

Nazir dərkənarı

Rəşad MƏCİD
12:49 / 10.07.2010


Mədəniyyət Və Turizm Nazirliyinin “Mədəniyyət” qəzeti ilə birlikdə keçirdiyi müsabiqənin nəticələri və nazirlik tərəfindən mədəniyyət sahəsində ən yaxşı yazarların mükafatlandırılması ilə bağlı Milli kitabxanada dünən tədbir keçirildi. Mədəniyyət və turizm naziri cənab Əbülfəz Qarayev tədbirdə çıxış edərək Azərbaycan prezidentinin mətbuatımızın 135 illiyi ilə əlaqədar sərəncamından, mədəniyyət sahəsində görülən işlərdən, jurnalistlərlə nazirlik arasında münasibətlərdən danışdı. Nazirin çıxışında bir məqam mənim, həm də düşünürəm ki, tədbirdə iştirak edən jurnalistlərin diqqətindən yayına bilməzdi. Öz çıxışımda da bu məqama münasibət bildirərək, əslində bu fikirlərin arxasında mətbuat-məmur münasibətlərinə işıq sala biləcək çox mətləblərin dayandığını dedim. Bəs, həmin fikir nədən ibarət idi?
Nazir qeyd etdi ki, hər səhər ona demək olar, ölkədə çıxan əksər qəzetlərdə mədəniyyət sahəsi ilə bağlı yazılan yazılar və yaxud da hansısa yazıda hansısa irad qeydə alınaraq təqdim olunur. Əbülfəs müəllim qeyd etdi ki, o bəzi qeydlərin yanında dərkənar qoyaraq müvafiq şöbələrə bu iradların araşdırılması tapşırığını verir. Bəli, mənə elə gəlir ki, indiki məqamda mətbuatın yazdıqlarına və mətbuata münasibət məhz bu cür təzahür olunmalıdır. Əslində, jurnalistlərin, söz adamlarının fəaliyyətində dedikləri sözə, yazdıqları fikrə, etdikləri tənqidə qarşı tərəfin necə reaksiya verməsi böyük önəm daşıyır. Bu baxımdan nazirin mətbuatın yazdıqlarına belə həssas reaksiyası hesab edirəm ki, digər məmurlarımız üçün də nümunə olmalıdır. Bu gün mətbuatımıza müəyyən qədər inamın azalmasının obyektiv səbəbləri olsa da mətbuatda yazılan haqlı tənqidlərin qulaqardına vurulması da bu tənəzzül prosesində heç də az rol oynamır. İlk növbədə isə bu, məmurların mətbuata soyuq münasibətindən qaynaqlanır. Bizim elə nazirlərimiz, məmurlarımız var ki, mətbuat hansısa bir obyektiv məsələni dəfələrlə qabartsa da, heç bir reaksiya göstərmir. Belə olanda isə istər-istəməz həm jurnalistin özünə inamı ölür, həm də ümumiyyətlə medianın nüfuzuna zərbə dəyir.
Mətbuat günü ərəfəsində ümid edirəm ki, mətbuata laqeyd münasibət göstərən məmurlarımızla jurnalistlərimiz arasında münasibətlər yeni, obyektiv və pozitiv istiqamətdə cərəyan edəcək. Mədəniyyət və turizm nazirinin nümunəsində olduğu kimi. Çünki istənilən demokratik ölkələrdə ictimai rəyi formalaşdıran jurnalistlərdi. Bu hesabla jurnalistə, mətbuata biganəlik ictimaiyyətə biganəlik kimi qəbul olunmalıdır.

“Kitab evi”

Ötən həftə diqqətimi çəkən daha bir məqam isə çərşənbə günü Bakıda yeni “Kitab evi”nin açılış mərasimi zamanı oldu. “Təhsil” Nəşriyyat Poliqrafiya Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində, Fətəli xan Xoyski küçəsində yerləşən “Kitab evi”nin açılışına Azərbaycanın iki naziri – təhsil naziri Misir Mərdanov və mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev təşrif buyurmuşdu.
Bu gün bizi çox narahat edən məsələlərdən biri artıq meqapolisə çevrilən Bakı şəhərində cəmi 7-8 kitab mağazasının olmasıdır. Bəzi bölgələrimizdə isə kitab mağazaları demək olar ki, artıq “tarixə dönüb”. İş adamlarımız daha rentabelli sahələrə investisiya qoyduqlarından kitab evləri yaratmaq, kitab mağazaları şəbəkəsi qurmaq demək olar ki, unudulub. Əslində isə iş adamları yalnız maddi deyil, mənəvi tərəfləri də düşünməlidir. İstənilən xalqın mədəniyyəti, maariflənməsi, savadlanması üçün kitab mağazalarının bol olması və həm də müsair tələblərə uyğun gəlməsi ən vacib məsələlərdəndir. Vaxtilə Bakı şəhərində və respublikamızın rayonlarında olan yaraşıqlı, geniş kitab mağazaları keçid dövrünün qarmaqarışıqlığına qarışaraq yoxa çıxdı. Bu baxımdan həmin gün Bakı şəhərində “Kitab evi”nin açılışını əsl bayram hesab etmək olardı. Və bu “Kitab evi”nin açılışına Azərbaycanın iki nazirinin gəlməsi, dövlətin, hökumətin bu sahəyə həssas münasibətinin göstəricisi kimi qəbul olunmalıdır.
“Təhsil” Nəşriyyat Poliqrafiya Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Bəhruz Axundov tanınmış naşirdir. Uzun illər nəşriyyat sisteminə rəhbərlik edib, bu işin gözəl bilicisidir. Son illər təhsil nəşriyyatı yeni binaya köçüb və bu binada müasir mətbəə kompleksi, ən son çap avadanlıqları yerləşdirilib. Bəhruz müəllimin rəhbərlik etdiyi nəşriyyatın nəfis şəkildə işıq üzü görən kitabları bir sıra kitab yarmarkalarında mükafatlar alıb, uğurlar qazanıb. Elə bu “Kitab evi”nin açılışında qonaqlara təqdim olunan Çingiz Əlioğlunun “Çərçivə” kitabı da öz mükəmməlliyi ilə hamını valeh etdi. Təsadüfi deyil ki, bu kitab ötən ay Moskvada Beynəlxalq Kitab Sərgi Yarmarkasında “Qran-pri”yə layiq görülüb. Ümumiyyətlə “Təhsil” nəşriyyatının bizim musiqi sahəmizə həsr etdiyi tar, kamança formatlı kitabları görərkən heyrət etməyə bilmirsən. Çox sevindirici haldır ki, artıq Azərbaycanda bu səviyyədə kitabları çap etmək üçün bütün avadanlıqlara malik belə bir nəşriyyat-poliqrafiya mərkəzi fəaliyyət göstərir. Və bu sıradan həmin mərkəz tərəfindən “Kitab evi”nin açılışı da mədəni həyatımızda mühüm hadisəyə çevrildi. Həm kitab mağazası ilə həm də mətbəə ilə tanışlıq prosesində Bəhruz müəllimin nazirlərə müəyyən məlumatları verdiyi zaman onun bütün prosesi çox yaxından bilməsi aydın hiss olunurdu. Qonaqlar onun öz işinə, sənətinə nə qədər ürəkdən yanaşdığını, öz işindən necə zövq aldığını görürdülər. Yəqin elə bu əmək, bu zövq də sonda belə bir mətbəənin yaranmasını gerçəkləşdirib. Gəlin arzu edək ki, hər birimiz çalışdığımız sahədən asılı olmayaraq, gördüyümüz xırdalı-böyüklü bütün işlərə belə ürəkdən, zövqlə yanaşaq. Bəhruz müəllim kimi.
Rəşad MƏCİD




Bu yazı ( 853 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar