12px14px16px18px

Fövqəlmissiya

Elmira AXUNDOVA
12:18 / 10.07.2010


(Elçinin dram və komediyalar toplusunun mütaliəsinin təsirindən yaranan düşüncələr)


90-cı illərin əvvəllərində hadisəyə çevrilən nəsr nümunələrinin, ciddi fəlsəfi-psixoloji romanların müəllifi, elmi monoqrafiyaların yaradıcısı, Azərbaycan xalq yazıçısı Elçin pyeslər yazmağa başladı. Özü də sadəcə pyeslər yox, düşündürücü gülüş, kinayə, qeyri-adi vəziyyətlərlə, lətifələrlə zəngin komediyalar. Polad Bülbüloğlunun dəqiqliklə qeyd etdiyi kimi, vaxt keçdikcə Azərbaycan sənətşünaslığında belə bir yeni bədii-estetik anlayış yarandı: “Elçin teatrı”.
Bir müddət öncə Elçin mənə seçilmiş pyeslərindən ibarət kitabını bağışladı. Həmin kitabı diqqətlə oxuduqdan sonra ürəyimdəkiləri oxucularla paylaşmaq istədim. Amma bəri başdan deyim ki, bu, peşəkar tənqidçinin qeydləri deyil, sadəcə, oxuduğundan təsirlənən bir oxucunun düşüncələridi. Əlbəttə ki, pyesi oxumaqdansa, yaxşısı budu, səhnədə görəsən. Müəllifin məni tamaşasına dəvət etdiyi “Qatil” dramından necə heyrətləndiyim yaxşı yadımdadı. Həm Elçinin mükəmməl dramaturgiyası, həm də Azərbaycan Dövlət Dram teatrının aktyorlarının gözəl ifası məni sanki ovsunlamışdı. Ümumiyyətlə, bu müəllifin pyeslərini oxuyanda, başa düşdüm ki, tragediya janrı necə deyərlər, onun boyuna biçilib, “Qatil” isə fikrimcə, Elçin dramaturgiyasının zirvəsidi. Bu zirvəyə gedən yol elə də qısa və hamar olmayıb. Hər halda, bir vaxtlar hətta yazıçı özü də “keçid dövrünün komediya və dramları”nı yazacağını ağlına belə gətirmirmiş.
1994-cü ildə xüsusi müxbiri olduğum məşhur “Literaturnaya qazeta” üçün Elçindən aldığım müsahibə belə də adlanırdı: “Keçid dövrünün komediya və dramları”. Digər suallarla yanaşı mən Elçindən onda dramaturgiyaya meylin nədən qaynaqlandığını soruşdum. Onun cavabı belə oldu:
“1990-cı ilin yanvar hadisələri məni dəhşətli dərəcədə sarsıtdı. Mən nəinki yazı masasının arxasına keçib nəsə yazmaq, hətta bu barədə düşünmək iqtidarında belə deyildim. Güllə səsləri düşüncələrimə hakim kəsilmişdi... Biz Bakının dağlıq hissəsində yaşayırıq. Bu səbəbdən bütün bu dəhşətlər mənim gözüm önündə baş vermişdi. Xüsusi kədərli anlarımda kitab rəfi məni özünə çəkirdi, özü də daha çox gəncliyimdə oxuduğum kitablarla baş-başa qalmaq istəyirdim. “Robinzon Kruzo”nu yenidən oxudum. Sonra Molyerin cildini açdım. Adama elə gələ bilər ki, bu halımla Molyerin o komediyaları hara, mən hara... Zorlanmış şəhərin cansıxıcı mühiti, fövqəladə vəziyyət, cəmiyyətdə yaranan qütbləşmə... Amma qəflətən özüm də gözləmədiyim halda bir də gördüm ki, makina arxasına keçib Molyerin pyeslərindən birinin tərcüməsinə başlamışam. Bu əsər artıq azərbaycanca vardımı, ümumiyyətlə, mən bu işi niyə görürdüm? Həmin an məni heç nə qəti maraqlandırmırdı. Beləcə “Skapenin kələkləri” və “Jorj Danden”i necə deyərlər, birnəfəsə təcümə etdim. Sonra Molyer haqqında olan ədəbiyyatlara müraciət etdim. Bulqakovun pyesindən başlayaraq, Azərbaycan-Fransa ədəbi əlaqələrindən bəhs edən məqalələrə qədər öz evimdə və ya kitabxanalarda nə vardısa hamısını oxudum. Sonralar bütün bunlar yazıçı haqqında geniş oçerk, daha sonra mənim tərcümələrim və geniş ön sözümdən ibarət olan “Molyerin komediyaları” qismində təzahür etdi.
Bir sözlə, həmin dövrdə ətrafda baş verənlərlə gördüyüm bu iş arasında elə heyrətamiz təzad var idi ki, izahı bu gün də mənim üçün müəmmalı olaraq qalır. Bundan sonra içimdə elə bil nəsə silkələndi. Mən hətta başqa cür yazmağa başladım. İkinci Şah İsmayıldan olan romanımı, aşıq poeziyası barədə monoqrafiyamı bir kənara qoyub abstrakt-sürrealist eksperimentlərə başladım. Bütün bu işlərə “Absurd hekayələr” adını verdim.
Get-gedə həyat öz axarına düşdü. Mən yenidən makina arxasına keçib (yenə gözlənilmədən) həyatımda ilk dəfə komediya yazdım. Bu pyes “Ah, Paris, Paris!” adlanır. Ola bilsin, məhz həmin tərcümələr və komediyalar o dövrdən çıxa bilmək üçün mənə bir nəfəslik oldu”.
Bəli, Elçin və onun qəhrəmanları öz keçmişindən gülə-gülə ayrılmağı bacarır. Amma doğrudu, bu gülüş bəzən çox kədərli olur və onun əksər komediyaları daha çox tragifarsı xatırladır ki, bu da təbiidi. Belə ki, Elçin böyük ədəbi ənənələr daşıyıcısıdı və bu səbəbdən heç vaxt yol verməz ki, onun pyeslərində bayağı, zarafat və əyləncə, gülüş xətrinə gülüş olsun. Əslində, onun ən şən pyesləri belə sevincli, xoş mətləbləri nəql etmir. Onun komediyalarının da məğzində həyatın mənası, məhəbbət və hiyləgərlik, alçaqlıq, əbədi insani dəyərlər və müasir dövrdə onların dəyərsizləşməsi kimi yazıçını düşündürən məsələlər dayanır. Sadəcə, bu barədə o, öz personajlarının diliylə düşünür. Onların xarakterlərini və çatışmazlıqlarını açmaq üçün yazıçı personajlarını çox qəribə, hətta bəzən absurd vəziyyətlərə salır.
Bu mənada, onun “Yaşasın imperator Delenbor Tır-Tır” pyesi rəmzi xarakter daşıyır. Absurd və fantastik bir vəziyyətdə qəflətən bir bakılı kasıb ibtidai sinif müəlliminin kiçik balasının taleyin hökmüylə uzaq Afrika ölkələrindən birinin imperatoru elan edildiyi bəyan olur. Bax elə bu məqam pyesin personajlarından çoxu üçün həqiqət anına çevrilir. Demək olar ki, onlardan heç kim qəflətən ailənin başına qonmuş bu var-dövlət və hakimiyyət hərisliyinin sınağından çıxa bilmir: əclaf daha da əclaflaşır, xəsis daha da xəsisləşir, hətta doxsan yaşlı baba da ən yağlı tikəni qoparmaq arzusundadı. Axı o, yanacaqdoldurma məntəqəsinə sahib çıxmaq, biznesə girişmək (!) istəyindədi.
Ümumiyyətlə, Elçinin komediyalarında, əsl rəğbət bəsləniləsi personajlar çox azdı. Daha çox “Mənim ərim dəlidi” pyesinin qəhrəmanının dostu kimi cilddən-cildə düşənlərə rast gəlirik. Məsələn o, sovet dönəmində partiya komitəsinin katibi olduğu halda, indi alovlu pantürkistə çevrilib. Yaxud onun digər personajını, professoru götürək. Bir vaxtlar elmi ateizm üzrə tələbələrə mülahizələr oxuyan həmin professor ölkə müstəqillik qazandıqdan sonra dərhal mömin bəndəyə çevrilərək Həccə gedib müqəddəs yerləri ziyarət etmək, “Ülviyyət” xeyriyyə cəmiyyətinin üzvü olmaq xülyasına düşür.
Bu uyğunlaşma ustaları özlərini istənilən mühitdə və istənilən ictimai quruluşda əla hiss edirlər – dəxli yoxdu kommunizm, yaxud kapitalizm olsun. Belə ki, təəssüf də olsa, əclaflar və karyera hərisləri istənilən formasiyada üzdədi. Amma düzgün, əqidəli və mənəviyyatlı insanların vəziyyəti, xüsusən keçid dövrlərində daha çətin olur. Təsadüfi deyil ki, Elçinin pyeslərində əks-təsir bağışlayan ağıllı, yaraşıqlı insanlar ya dəlixanadan qaçmış şəxsiyyətlər (“Mənim sevimli dəlim” pyesində qəzetin baş redaktoru kimi), yaxud da rahat buraxılmaları və təqib olunmamaları üçün özlərini dəli yerinə qoyanlardı.
Ümumiyyətlə, dəlilik, anormallıq havası Elçinin əksər pyeslərində refren kimi hökm sürür. Bu da təbiidi. Çünki onun əsərlərinin qəhrəmanları keçid dövrünün qarmaqarışıqlığında yaşamağa məhkum olunmuşlardı. Hər şey elə baş-ayaq olub, bir-birinə qarışıb ki, idealistlər kapitalistlərə, ateistlər möminlərə çevriliblər. Baytarlar partiya liderləri olublar və hamı hamılıqla dəlicəsinə qarşıdan gələn dövrün baş Tanrısına – qızıl inəyə səcdə edir. Doğrudan da, bu yerdə havalanmayasan, nə edəsən?!
Elçinin pyeslərində normal personajlar dəlilərə həsəd aparırlar. Çünki onlara cildə girmək, öz istəklərini gizlətmək, olduqları kimi görünməmək lazım gəlmir. Dəlilər öz qurama aləmlərində yaşayırlar və onların bu dünyası adətən uca və mərhəmətlidi. Normal insanlar isə gerçək dünyada yaşayırlar, amma bu dünya mükəmməllikdən çox uzaqdı. Yəqin elə bu səbəbdəndi ki, “Şekspir” pyesinin baş həkimi öz pasientlərinə səmimi tərzdə həsəd aparır:
“Baş həkim: (kabinetdə gəzişərək) hamı ikiüzlüdü... Bir söz deyib başqa şey fikirləşirlər... Sadiqliyə and içib istənilən an xəyanət etməyə hazırdılar.
Bütün mənəvi dəyərlər tamahkarlığın güdazına gedib... Göründüyü kimi, ən xoşbəxt məxluqlar elə bu dəlilərdi. Özünü Sara Bernar hesab elədiyindən dərd-sər nədi, bilmir. Bir başqası əminliklə bəyan edir ki, bəs, Veneradan gəlib. Yenidən füsunkar Venerasına qayıdacağının illuziyasıyla yaşayır, odur ki, dünyada baş verənlər heç vecinə də deyil... Ayaltı dünyada nələr baş verdiyini bilməməkdən yaxşı nə ola bilər...”
Baş həkimin nəzərində dəlilikdən də dəhşətli olan şey həyatın faciəvi yeknəsəqliyi, vəzifəni itirməyin əbədi qorxusudu. Çünki vəzifəni itirməklə sən hətta doğmaların arasında belə hörmətdən düşəcəksən. Və onun ürəyində belə bir istək baş qaldırır – gecə xəstəxanaya gəlib özünü alaqapıdan assın.
“Şekspir” pyesinin dəliləri yüksək dərəcədə nəcib və bir-birilərinə qarşı diqqətli insanlardı. Özünü Stalin elan etmiş insanın həqiqətən də Stalin, özünü Sara Bernar kimi təqdim edən qadının həqiqətən də böyük fransız aktrisası olduğuna, veneralının həqiqətən də Venera planetindən gəldiyinə onlardan biri də bir an belə şübhə etmir. Onların möcüzəyə inamı o qədər böyükdü ki, nəhayət, möcüzə baş verir, Drob-13 adlı pasient məlum olur ki, həqiqətən də yad planetdən gəlmədi. Həmin planetdən ki, orda nə müharibə, nə də fəlakət var, ölkələri bir-birindən sərhədlər, yaxud tikanlı məftillər ayırmır, insanlar həmişə bir-birinə həqiqəti söyləyir və ürəklərindən keçəni edirlər. Qəribə Drob- 13 adlı yadplanetliylə dəlixananın pasientləri bir-birlərini çox gözəl anlayırlar. Çünki onlar bir-birləriylə ürəklərinin diliylə danışırlar.
Pyesin müəllifi bizləri möcüzəyə inanmağa, bir-birimizə qarşı təmkinli olmağa, ətrafdakıları görmək istədiyimiz kimi deyil, olduğu kimi qəbul etməyə çağırır. Hər bir insanın öz qəribəlikləri var və bunu faciəyə çevirmək lazım deyil. Gərək bir-birimizi eşitməyi, dinləməyi bacaraq, bir-birimizi anlamağa çalışaq. Məhz “dinləmək və anlamaq” kimi möcüzəvi, gözəl xüsusiyyətə malik olan dəlixana sakinlərini doğrusu “dəli” adlandırmağa adamın dili dönmür.
lll
Dramaturgiyasının dərinliyinə və qüdrətinə görə, mən Elçinin “Qatil”ini postsovet dövrü milli teatrımızın ən ciddi uğuru adlandırardım. Sanki Sofokl və Evripidin personajlarıyla yanaşı dayanan epik səviyyədə nəhəng Qadın obrazı və koloritinə görə heç də ondan geri qalmayan eyni zamanda həm cəllad, həm də qurban olan Gənc insanın obrazı. Və bu, yenidən bizlərə antik dramların obrazlarını xatırladır.
Pyesin canında taleyin bir-birlərinə yazığı, amma özlərinin bu yazını oxuya və eşidə bilmədikləri iki tənha insan dayanır. Məhz bu anlaşılmazlıq da faciəyə gətirib çıxarır. Həyatda taleyi gətirməyən, öz yarısını tapa bilməyən neçə-neçə belə insanları yada salmaq olar. Ola bilsin, heç də onların hamısı öz münasibətlərinə belə əzabverici, rəhmsizcəsinə son vermir, ola bilsin, onlar cismani mövcudiyyətlərini davam etdirir, amma mənəvi baxımdan hər gün, hər saat bir-birlərini məhv edirlər. Və dramı oxuduqca humanist yazıçının kədərli səsini eşidirsən: “İnsanlar, sevginizi qoruyun! Hisslərinizə xəyanət etməyin! Axı bu hisslər çox gözəldi...”
Elçin qeyd etdiyim kimi böyük ədəbi ənənələrin daşıyıcısıdı. Odur ki, öz novatorluğu, orijinallığı ilə yanaşı bu ənənələr də onun pyeslərində hiss olunur. Məsələn, “Salam, mən sizin dayınızam” pyesi antik dram prinsipləri üzərində qurulub. Hətta burda Apollon, Terpsixor, Taliy, Melpomen və digər yunan allahlarının iştirak etdiyi xorun müşayiəti də var.
“Mənim ərim dəlidir”, “Mənim sevimli dəlim” pyeslərini oxuduqda isə onların süjetlərindəki fərqə baxmayaraq bizlərdə böyük Cəlil Məmmədquluzadənin dramaturgiyasını, “Dəli yığıncağı”, “Anamın kitabı”, “Ölülər” pyeslərini yada salan reminissensiya yaranır. Orda olduğu kimi burda da dələduzlar, şarlatanlar, ani olaraq əqidəsini və inamını dəyişənlər, siyasi konyuktura naminə hətta öz ana dilindən imtina edənlər kifayət qədərdi. Elçinin tətbiq etdiyi komediya dili, texnika, səhnədəki qrotesk bəzən Jan Batist Molyerin ölməz komediyalarını xatırladır.
Və əlbəttə ki, Elçinin bütün pyeslərindən onun sevimli dramaturqu – böyük Şekspirin qəhrəmanlarının obrazı qırmızı xətt kimi keçir. Elçinin dram və komediyalarının əksər qəhrəmanları Şekspirin pyeslərindən iqtibaslar gətirirlər. O, hətta pyeslərindən birinə dahi ingilisin adını verib. Bu özü də ənənələrə sədaqətdən xəbər verir. Və təbii ki, əsl ədəbiyyat ənənələrdən kənarda mövcud ola bilməz. Yazıçının kitabına yazdığı ön sözdə Polad Bülbüloğlu haqlıdı: “Bu kitab bütünlüklə Elçin yaradıcılığına xas olan başlıca keyfiyyətləri özündə ehtiva edir. Burda təkcə milli deyil, ümumbəşəri problemlər əks olunub”.

lll
Kinematoqrafiyanın inkişafı ilə teatrın mövcudluğuna son qoyulub –qoyulmayacağı ilə bağlı mübahisələr yarandı. Teatr XXI əsrdə hansı dəyişikliyə uğrayacaq, hansı dramaturgiyaya tələbat daha çox olacaq və s. və i.a. Tənqidçilər bu sual ətrafında baş sındırdıqları vaxtda teatr tənəzzül dövründən sağ-salamat çıxaraq, indi hər şeydən göründüyü kimi özünün dirçəliş dövrünü yaşayır. Aktyorlar tamaşaçı marağı qıtlığı hiss etmir, teatrın zalları yenə əvvəlki kimi seyrçiylə doludu, ən maraqlısı isə odur ki, milli ədəbiyyatımızın əvvəllər səhnədən kifayət qədər uzaq olan usta qələm sahibləri öz hisslərinin izharı üçün get-gedə daha çox dramaturgiyaya müraciət edirlər. Maqsud İbrahimbəyovun son pyeslərini, Kamal Abdullanın fəlsəfi pyes-pritçalarını və Elçinin dram və komediyalarını yada salaq. Görünür, dramaturgiyada hansısa, cazibə qüvvəsi var ki, bu da kifayət qədər təsdiqlənmiş nasir, şair, alimləri öz yaradıcılıq axtarışlarında bu janra müraciət etməyə məcbur edir. Bu cəzibədən böyük qələm sahibi Elçin də çıxa bilmədi ki, bu gün buna görə Melpomenin bütün vurğunları ona minnətdardı. Çünki fikrimcə yüksək dramaturgiya nümunələrinin olduğu istənilən məkanda və zamanda əsl teatr öz mövcudluğunu qoruyub saxlayacaq. Məncə, Elçin bu fövqəlmissiyanın öhdəsindən əla gəlib. Ona uğurlar diləyək!
Elmira AXUNDOVA, Yazıçı-publisist




Bu yazı ( 542 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar