12px14px16px18px

Özgə planetdən gələn

Rəşad MƏCİD

MİLLİ KİTAB MÜKAFATI VƏ NİGAR KÖÇƏRLİ HAQQINDA QEYDLƏR

01:15 / 03.07.2010




Milli Kitab Mükafatının nəticələrinin elan olunmasından bir ay vaxt keçir. Nəticələr ətrafında aparılan diskussiyalar səngiyib, narazıların əsəbləri sakitləşib, bəlkə də hər kəsin enerjisi istilərlə mübarizəyə yönəlib. Ötən bir ayda nəticələrlə bağlı bir münsif kimi fikirlərimi bildirmişəm, hərdən emosional suallara elə həmin tonda da cavab vermişəm. Amma hamısında da ədəbiyyat adamlarını nəticələr barədə düşünməyə, sakit başla təhlil etməyə çağırmışam.
Hər şey ondan başladı ki, keçən ilin payızında ədəbi dairələrdə çox az adamın tanıdığı bir xanım – “Əli və Nino“ kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli bir sıra dövlət qurumları və sanballı özəl şirkətlərin dəstəyi ilə Milli Kitab Mükafatı müsabiqəsinin keçiriləcəyi barədə mediaya məlumatlar ötürməyə başladı. Bir az öncə rusdilli qəzetlərimizdən birində müsahibəsini oxuduğum, Milli Kitab Mükafatı ideyası barədə fikirlərilə qismən tanış olduğum xanım günlərin birində Yazıçılar Birliyində peyda oldu. Müsabiqənin keçirilməsi qaydaları barədə təlimat-nizamnaməni mənə verdi, sonradan əsas söz-söhbətlərə səbəb olan, artıq müəyyənləşdirdiyi münsiflər heyəti üzvlərinin siyahısını göstərdi. İlk baxışda bütün fikir və təkliflərə dözümlü yanaşacağı təəssüratını yaradan xanım, sonradan mənə agah oldu ki, nizamnamə və münsiflər barədə fikirlərində heç bir dəyişikliyə hazır deyil və artıq bu məsələlərlə bağlı qərarını verib. Nizamnaməyə prinsipial bir iradım yox idi. Amma münsiflər heyətinin niyə məhz bu cür seçilməsinin səbəbini bilmək istəyirdim. Sonralar mətbuat da heyətdə rusdillilərin çox olması, ədəbiyyatdan kənar adamlara yer verilməsilə bağlı MKM-ə davamlı iradlar tutdu. Mənim sualıma cavabındasa Nigar xanım öz sahələrində brendə çevrilmiş adamları münsif seçməklə həm də müxtəlif zövqlü, dünyagörüşlü insanların ortaq zövqünün tapılması, rusdilli və azərbaycandilli auditoriyaların və yazıçıların yaxınlaşması ideyası barədə niyyətini dilə gətirirdi. Çingiz Abdullayev, Rüstəm İbrahimbəyov, Vaqif Səmədoğlu, Ramiz Fətəliyev, Elçin Şıxlı, Rəşad Məcid, Afaq Məsud, Nərgiz Cəlilova, Balaş Qasımov, Elnur Baimov, Hamlet İsaxanlı, Rəbiyyət Aslanova kimi adların yer aldığı münsiflər heyətinin yekun qərarının necə olacağı onluğun elanından sonra, münsiflərin işə başladığı vaxtlarda, nəticələr elan edilənədək mənim üçün də maraqlı idi. Sürprizlər gözlənilən idi. Həqiqətən də elə bir münsiflər heyəti formalaşdırılmışdı ki, onun qərarı barədə proqnoz vermək müşkül məsələydi.
Sonra Milli Kitabxanada Milli Kitab Mükafatının elan olunmasıyla bağlı tədbir keçirildi. Nigar xanım və MKM medianın maraq dairəsinə düşməyə başladı. Qəfil peyda olan bu xanım Mükafatın ideyası barədə danışır, cəmiyyətin mütaliə vərdişinin geri qaytarılması, kitaba marağın artırılması, ədəbiyyatımızda yeni adların kəşf olunması arzularını müxtəlif media qurumlarının nümayəndələrinin sualları zamanı təkrarlayırdı. Çıxışları bəzən standart və şablon kimi görünsə də, bu işə necə ürəkdən, həvəslə girişdiyini hiss etməmək mümkünsüz idi. Münsiflər heyətinin üzvü, Yazıçılar Birliyinin katibi kimi bu işdə ona kömək etməməyi vicdansızlıq sayırdım, kömək etməyəcəyim təqdirdə daxili utanc hissi keçirəcəyimi düşünürdüm. Başladığı işə bir az da sadəlövhcəsinə elə inanırdı ki, bu, istər-istəməz, həmsöhbəti olduğu adamlara da sirayət edirdi. Universitetlərdə, bölgələrdə tədbirlərin keçirilməsinə elə ciddi yanaşır, axtarışlarının bəhrə verəcəyinə o qədər ürəkdən inanırdı ki, ara-sıra “Nigar xanım dahi axtarışına çıxıb“ – deyə zarafat etsəm də, ardıcıl tədbirlərin iştirakçısı olduğum həmin günlərdə bəzən bu inam hissi məni də bürüyür və onun axtardığı yeni adı – ölkəyə Nobel mükafatı gətirəcək, hələlik naməlum imzanı tapacağına inanmağa başlayırdım.
Demək olar ki, günaşırı tədbirlər təyin edir, universitetlərdə, bölgələrdə MKM-in mahiyyəti barədə məlumat verir, yazarlarımızı müsabiqəyə əsərlərini təqdim etməyə, oxucuları mütaliəyə səsləyirdi.
Universitetlərdəki görüşlərdən birində adətən belə tədbirlərə az-az qatılan dəyərli yazıçımız Afaq Məsudu gördüm. Dünən mənim iştirak etmədiyim başqa bir görüşdə də iştirakından xəbərdar idim. Buna görə də tədbir yekunlaşandan sonra söhbətimiz zamanı Afaq xanımdan məni maraqlandıran suala cavab almaq istədim.
– Sən bir dəqiq öyrən, gör bu xanım kimdi axı? O bizim planetin adamına oxşamır! – yarızarafat-yarıgerçək tərzdə suala sualla cavab verdi. – Dünən zəng etdi, o qədər həyəcanla görüşdə iştirakın vacibliyini söyləyib məni inandırdı ki, bilmədim haçan əynimi geyindim, haçan gəldi məni götürdü, bir də gözümü açdım ki , Xəzər Universitetində tədbirdə oturmuşam!!!
Afaq xanımı həqiqətən Onun kimliyi maraqlandırırdı. Və mən də imkan düşən kimi Nigar xanımdan, sözarası, bioqrafik məlumatlar öyrənib Afaq xanıma çatdırdım: Nəsli-kökü Gədəbəydən, məşhur Köçərlilər nəslindəndir. Dəqiq elmlər üzrə universitet bitirib. Bir müddət xarici təşkilatda çalışıb, sonra kitab biznesiylə məşğul olmağa qərar verib, “Əli və Nino” kitab mağazaları şəbəkəsini yaradıb. Xaricdə olarkən məşhur ədəbi personajların adını daşıyan kafelərdə olduğunu, əslində yazıçı təxəyyülü olan bu personajların adının verildiyi kafelərdə guya həmin qəhrəmanlara məxsus əşyaların nümayiş etdirildiyini görüb heyrətləndiyini və belə bir ideyanı vətənində gerçəkləşdirməyin mümkünlüyünü düşünüb. O ərəfələrdə “Əli və Nino”nu oxuyub, bu məşhur əsərin qəhrəmanlarının adına kitab dükanları və kitab-kafelər açmağa qərar verib. Fəvvarələr meydanına bitişik kafedəki qədim şkafı və divar saatını Gədəbəydən, Şəmkirdən – nənəsindən icazə alaraq – necə Bakıya gətirdiyini, kafedə məşhur romanımızın qəhrəmanlarına aid əşyalar kimi təqdim etdiyini söyləyirdi. Bu sakit təqdimatdan, soyuq məlumatdan, görülən işin arxasında nə qədər böyük inamın və məhəbbətin dayandığını sezməmək olmurdu. Ana dilimizdə kitabların azlığı, kitab bazarının məhdud, acınacaqlı vəziyyəti onda MKM-i təsis etmək ideyasını yaradıb.
Bölgələrə səfərlər edir, onu yaxından tanıdıqca, müşahidə etdikcə hərdən xanım yazıçımızın narahatlığını xatırlayırdım. Hansısa rayonda artıq toplaşıb qonaqları gözləyən auditoriyanın oturduğu zala çatan kimi MKM və sponsorların plakatlarının hansı sürətlə necə tez yerləşdirildiyinə, masalara MKM haqda broşürlərin, bloknot və qələmlərin az qala qeybdən varid olubmuş kimi dağıdılmasına, regional və mərkəzi televiziyaların bölgə müxbirlərinin operativ şəkildə yığılmasına, kameraların sıralanmasına təəccüb edir, burada yəqin “özgəplanetlilərin əli olduğunu” düşünüb qımışırdım. Tədbirlərin keçirildiyi rayon mərkəzlərində – Qubada, Lənkəranda və başqa şəhərlərdə bir kitab mağazasının belə olmaması dəhşətli fakt idi və həyəcan təbili çalmaqda gecikdiyimizin göstəricisiydi. Qazaxda bir elmlər namizədi, filoloq, institut müəllimi yeni çıxan müasir ədəbiyyata aid kitabları əldə etməyin mümkünsüzlüyündən danışır, acı bir kədərlə bölgədə məlumatsızlıq və savadsızlığın baş alıb getdiyini söyləyirdi. Aradan xeyli keçməsinə baxmayaraq, indi də həmin elmlər namizədinin yazıq və aciz sifəti gözümün önündən getmir, ciddi bir problem yaşadığımızın sübutu kimi yaddaşımdan tez-tez boy verir.
Qərb bölgəsinə səfərə millət vəkili Qənirə Paşayevanın da çoxdan təklif etdiyi heyətdə bir qrup gənc yazarı da aparmışdıq. Tovuzda və Qazaxda həm MKM-in tədbirlərini, həm də gənc ədiblərlə birgə əsgərlərlə görüşlər keçirirdik. Əsgərlər qarşısında gənc yazarlar çıxış edib şeir oxuyandan sonra lap ön xəttə getdik. Düşmən önündəki çınqıllı, daşlı səngərlərin içi ilə öndəki posta qalxırdıq. Ayağımız burxula-burxula daşın-çınqılın üstə addımladıqca məni də, Nigar xanımı da, gənc yazarları da təəccübləndirən millət vəkili Qənirə xanım Paşayevanın hündürdaban ayaqqabılarla necə inamla addımlaması olmuşdu. Təkcə bu məqamı qeyd etməklə burada xanım millət vəkilinin çoxşaxəli fəaliyyətindən danışmaqdan qaçıram və bu unudulmaz səfərə görə Ona bir daha təşəkkürümü çatdırıb, gördüyü işlər barədə belə bir yazını onun barəsində də yazacağıma daxilən əminlik duyandan sonra indiki yazımın qəhrəmanına dönmək istəyirəm.
Rusdilli olmasına baxmayaraq, rayonlarda, xüsusən Qərb bölgəsində, bəlkə dədə-baba yurduna yaxınlığına görə Nigar xanım özünü çox sərbəst hiss edir, hərdən yerli ləhcənin elə çalarlarını danışığına qatırdı ki, təbəssümlü təəccüb yaradırdı. Bölgə televiziyalarında saatlarla sürən canlı verilişlərdə söhbətlərimiz zamanı MKM-in adının hallanmasına, bu barədə fikirlər səslənməsinə, bir neçə rayon əhalisinin baxdığı televiziyalarda MKM-in təbliğinə o qədər önəm verirdi ki, heyrətlənirdim. Tovuzda, Qazaxda tədbirlər keçirəndən sonra, Ağstafada gənc yazarlarla birgə xalq şairi Hüseyn Arifin ev-muzeyini də gəzmişdik, şairə ehtiramımızı bildirmişdik. Səhərisi gün isə Gəncədə görüş keçirib Bakıya qayıdırdıq. İki günün yorğunluğu vecinə də deyildi və Yevlaxa yaxınlaşarkən yerli TV-nin də dəvət etdiyini söyləyib telefonla kimisə aradı və mikroavtobusumuz artıq axşamçağı, tutqun havada Yevlaxın mərkəzinə buruldu. Üç günün yorğunluğu məndə “Yevlax televiziyasında çıxışın nə mənası olduğu” barədə suallar yaratmışdı. Yerli televiziyanın səliqəli yeni binasında çəkiliş aparılandan sonra yola davam edib, yağışlı axşamı gənc ədiblərlə şam yeməyində keçirdik. Kürdəmirdə məşhur “Bığ” restoranında səfərimiz barədə danışır, maraqlı məqamları xatırlayır, Nigar xanımın mənim və gənc yazarların haqqındakı minnətdarlıq çıxışlarını dinləyirdik, hərdən də o, hansısa sözün ana dilimizdə qarşılığını soruşub, biz ləngiyən kimi ən dəqiq qarşılığı özü söyləməklə bizi yenə təəccübləndirirdi.
Bu səfərdən sonra mərkəzi televiziyalarda da MKM-lə bağlı müzakirələri davam etdirir və ətrafında söz-söhbətlərin yaranmasına səbəb olurdu. Bəzi ağzıgöyçəklər onun MKM-i yaratmaqda hansısa gizli maraqlarının olmasını vurğulayır, millət vəkili olmaq istəməkdə, reytinq yığmaqda, məşhur olmaq istəyində suçlayırdılar. İmkan yarananda mən də bu sualları ümumiləşdirib səmimi cavab alacağıma əminliklə bütün bunları, bu qədər zəhməti, bəzən mənasız görünən əziyyəti çəkməkdə onun hansı gizli marağının olmasına özünün aydınlıq gətirməsini istədim.
– Rəşad müəllim – sınıq-salxaq ana dilində etiraf etməyə başladı. Sözləri tapmaqda çətinlik çəksə də, səmimi olacağına şübhəm yox idi. – Altı yüz dollarla bir mağazanın küncündə bu kitab biznesinə başladım. Pul qazandım. “Əli və Nino”nu qurdum. İndi bu xalqa qazandığımın əvəzini vermək istəyirəm!!!
İndiki zamanda belə etirafı eşidənlərdə ilk reaksiyanın bir az ironik təbbəssüm olacağını düşünürəm. Amma həmin anlarda mənim bədənimdən bir gizilti keçdi, damarlarımdakı qan bir anlığa sanki dayandı. Yox! Burda qətiyyən pafos filan yoxuydu! Bu, Nigar xanımın səmimi və bir az da sadəlövh etirafıydı. Aradan aylar keçəndən sonra da bu cümlələri hər dəfə yadıma salarkən və indi kağıza köçürərkən bədənimdəki o giziltini yenidən hiss edirəm. Bu xalqın hesabına hədsiz var-dövlətə sahib olub, görməmişcəsinə torpaqları, meşələri, dağları hasarlayan, “doydum” demədən bu sərvəti halal haqqı kimi həzm edən və belə etirafları ömründə ağlına gətirməyən oliqarxları, milyonçuları düşünüb, biznesdə onlarla müqayisədə çox xırda uğurlar qazanmış bir xanımın xalqa minnətdarlıq hissinə, öz “borcunu qaytarmaq” istəyinə sadəcə sitayiş etmək olardı. Bəlkə də artıq suala lüzum yoxuydu. Dərinə getsən və inamına şübhə səpməsən, bu elə bütün sualların cavabı idi. Amma yox axı. Bizim bu maddiləşmiş və təmənnalı zəmanəmizdə hər qərarı damarlarda axını duran qanın və gizildəyən bədənin təsiriylə çıxarmaq olmazdı.
– Bəs onda sənin nəyinə lazımdı bu qədər təbliğat, televiziyalara çıxmaq?
– Rəşad müəllim, boynuma alıram ki, məşhur olmaq istəyim də var!!! İstəyirəm, məni tanısınlar. Gözəllik salonuna girəndə, ya bir tədbirə gedəndə desinlər ki, bu, Nigar Köçərlidir!!! Bir də istəyirəm, Şəmkirdəki 80 yaşlı nənəm məni televiziyada görsün!!!
Vəssalam! Bütün bu yayılan-yayılmayan, deyilən-deyilməyən dedi-qodulara verilən cavab.
Mən indi bu sətirləri yazıram və düşünürəm ki, əslində Nigar xanımın mənə etiraf etdiyi bu fikirləri mətbuata çıxarmamalıydım. Amma olan oldu! Üzrlü sayın, Nigar xanım!
MKM-in ekspertlərinin müəyyənləşdirilməsində Nigar xanıma kömək etməyə qərar vermişdim. Məmləkətdə obyektiv, hansısa qrupa, regiona üstünlük vermədən ədalətli seçim edəcək 5-6 insanın tapılması nə qədər çətin imiş... Amma uzun müzakirələr, elə bilirəm, vicdanlı və peşəkar ekspertlərin müəyyənləşdirilməsilə nəticələndi. Ekspertlərin təqdim etdiyi iyirmilik və onluq, fikrimcə, obyektivliyə ən yaxın nəticə oldu!
Məqsəd Nur, Fəxri Uğurlu, Şərif Ağayar, İlqar Fəhmi, Rafiq Tağı, Taleh Şahsuvarlı, Əjdər Ol, Əlabbas Bağırov, Eyvaz Əlləzoğlu, Nəriman Əbdülrəhmanlı, Yusif Şükürlü, Seyran Səxavət, Mövlud Süleymanlı, Kamran Nəzirli, Həmid Herisçi, Elxan Qaraqan, Samit Əliyev, Rəna Yüzbaşı, Azər Kamal və Rəhim Hüseynovdan ibarət iyirmiliyə düşən əsərlərin içərisində tanımadığım müəlliflər də vardı. Hətta Şəkidən olan müəllif Yusif Şükürlünü ekspertlərin tapıntısı, Nigar xanımın regionlarda istedadlar axtarışının nəticəsi kimi də təqdim etmək olar.
Müsabiqədə onluğa düşən əsərlər kitab kimi dərc olundu. Satışa çıxarıldı. Satışdan müəlliflərə qonorar vəd edildi.
Kənarda durdum. Müşahidə etdim. Onluq müəyyənləşəndən sonra münsiflər heyətinin üzvü kimi bəzi müəlliflərin artıq çoxdan oxuduğum əsərlərini qiymətləndirdim. Ara-sıra görüşdüyüm bəzi münsiflərlə fikir mübadiləsində qeyri-adi hansısa əsərin olmadığından bədgümanlıq hissləri də sezdim.
Bu arada yenə qalmaqallar, mübahisələr davam etdi. Yazımın əvvəlində söylədiyim fikrə qayıdaraq, nəticələrə ədəbi tənqidçilərin, mütəxəssislərin şərhlərini öyrənmək marağımı yenə təkrar edirəm. Fikrimcə, ədəbiyyatımızın inkişaf yönünü müəyyənləşdirmək üçün məhz belə fərqli münsiflərin seçdiyi əsərlərdəki hansı məqamların bəyənilməsi araşdırılmalıdır.
Və mən artıq səngiyən mübahisələrdən sonra – nəticələrin elanından bir ay vaxt keçdiyi bu isti günlərdə neçə aylardan bəri beynimdə gəzdirdiyim bu fikirləri yazmağa imkan tapdım. Nigar xanıma gördüyü işlərə görə minnətdarlıq və ehtiram əlaməti kimi.
Həm də Milli Kitab Mükafatını davam etdirəcəyinə inamla.
Rəşad MƏCİD
 




Bu yazı ( 1029 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar