12px14px16px18px

Ədəbiyyat savaşçısı

II QİSMƏT
02:25 / 26.06.2010






Hara qaçırıq qaçaq, mistikasına nə qədər inanmırıq inanmayaq, alın yazımız rəqəmlərlə şifrələnib. Tanrının üslubunda rəqəmlər çox əhəmiyyətli yer tutur. Zatən sirrini anlamağa idrakımızın çatmadığı, mözücəsi qarşısında gözlərimizin dörd olduğu,möhtəşəmliyi önündə bütün qənaətlərimizin sonsuz bir qaranlığa dirəndiyi Allahın üslubundan, ağlımız çatan qədər bildiyimiz harmoniyasından ( ya da bildiyimizi zənn etdiyimiz) savayı heç nəyi anlaya bilmirik. Bu, səbəbi gizli, amma sonsuz sayda yozuma gələn məsələlərdən ən qəribəsi rəqəmlərlə bağlıdır. Rəqəmlərdən dünyaya ən çox səpələnmişi, ən mistik olanı yeddidir.
7 planet, həftənin 7 günü,7 qitə, 7 rəng, 7 not, insan bədənindəki 7 çakra, dünyanın 7 möcüzəsi, Koroğlunun 7777 dəlisi, Kəbə ətrafında 7 dəfə dolanmaq, Quranın ilk surəsinin 7 ayə olması... Nədir bu belə? Sualı yeddi dəfə təkrar eləsəm, görən cavab çıxarmı ? Çətin.
Qədim zamanlarda müdriklər yeddi rəqəminə bilginin, sonsuzluğun, işığın, bu rəqəm altında doğulanlara isə müdrikliyin nişanı olaraq göydən göndərilən şəxs kimi baxıblar. Əsəd Cahangir iyun ayının 25-də ( 2+5=7) dünyaya gəlib. İkinin üstünə gəlməmək də olardı, amma ustad Pifaqorun xətrinə dəymək, numorologiyanın qaydalarını pozmaq, dünyanın harmoniyasını redaktə etmək bizi lənətə tuş edər. Ona görə də Stiks çayının sularına and olsun ki, rəqəmlər tarix kitabındakı kimi həmişə statistika deyil.
Əsəd Cahangir planetar prizmadan baxanda çağdaş ədəbi tənqidin Günəşidir. Açıqlamağa çalışım. Dindən bilirik ki, Allah dünyanı 6 günə yaradıb. Bazar günü anlayışı da burdan gəlir. Hər günün öz planeti var. Baxaq :
Bazar ertəsi – Ay
Çərşənbə axşamı – Mars
Çərşənbə – Merkuri
Cümə aşamı – Yupiter
Cümə – Venera
Şənbə – Saturn
Bazar – Günəş
Bu mənada Əsəd bəy 7 rəqəminə görə Bazar gününə, Günəşə uyğun gəlir. Bütün yazılarında quru akademizmdən qaçan Əsəd Cahangir, öz gecəsinin səhərindən xəbərsiz və ümidsiz olan çağdaş tənqidin başı üstündə günəş kimi doğdu. Onun dəqiq təhlillərindən, ədəbi diaqnozlarından qorxanları, iti qələmindən çəkinənləri yaxşı anlayıram. “Günəşdən gizlənən yarasalardı... “.
Əsəd Cahangirin ədəbi tənqidin harasında durduğunu çox düşünmüşəm. Görünür ilk növbədə o, tənqid tarixində qismən Asif Əfəndiyevi aid edə biləcəyimiz nonkonformist xətti tək başına yüksəltdi. Hərçənd ki, mənə görə “Müdriklik səlahiyyəti” kitabıyla Asif Əfəndiyev ədəbi tənqidçi kimi qəbul olunsa da, onu daha çox fəlsəfəyə aid etmək olar. Asif Əfəndiyevin özünəməxsus dünyanı modeli daha çox fəlsəfi düşüncə, yaşamaq forması, yeni din yaratmaq cəhdi kimi təzahür elədi. Onun düşüncələri konseptual şəkildə ədəbi tənqidi mətnlərində özünü göstərmədi. Məhz bunun üçündür ki, mənə görə Əsəd Cahangirin bədii mətnlərə baxış bucağı, tətbiq etdiyi konkret modellər ona qədər olan klassik tənqidçiləri və hal-hazırda da yazan köhnə yolun davamçılarından çox fərqləndirir.
Əsəd bəyin ədəbi tənqiddə nonkonformist xətti təmsil etməsini bir az da açaq. O, obrazlı desək mətnlərinin “ söz və musiqisini” özü yazır. Çağdaş ədəbi tənqiddə tənqidçi səsi bütün notlarda işləyən yeganə adam məncə odur.
DO. Doğrusu yaddaşımda bir qədər eşələndim, amma xatırlaya bilmədim ki, Əsəd Cahangirə qədər tənqidimizdə ezoterik düşüncəni bədii mətnə, müəllif düşüncəsinə tətbiq edən kimsə olubmu?
RE. Respublikamızın mədəni həyatında çox az sahələr var ki, Əsəd bəy o sahədən yazmasın. Məsləkdaşlarından fərqli olaraq o ədəbiyyatdan başqa teatr, kino, musiqi, rəsmdən də yazıb.
Mİ. Minlərlə tənqid nümunəsi görmüşük ki, o yazılarda tənqidçilər bədii mətndən gətirdikləri nümunələrini təhlil etmək yerinə, sitatın altından öz alınmayan yazıçılıqlarını göstərmək istəyir. Ədəbi tənqiddə dostluq-düşmənlik yazının istiqamətini müəyyənləşdirir. Əsəd Cahangir yeganə tənqidçidir ki, müəlliflərdən yox, mətnlərdən yazır.
FA. Faciəvi haldır ki, əksər müəlliflər kimi, tənqidçilərdə yeni ədəbi tənqid modelləriylə, istiqamətləriylə maraqlanmırlar. Nostalji hissi ilə qarışıq yeni dünyanı qəbul edə bilməmək klassik tənqid tərəfdarı tənqidçilərimizi yazmadıqca yox, yazdıqca unudulmağa aparır. Bizim tənqiddə elə tənqidçilər var ki, onların mətnini özündən savayı heç kim anlaya bilməz. Əsəd Cahangir isə bütün ciddi mətləbləri sadə dillə yaza bilmək talantıyla bəzən haqqında yazdığı müəlliflərdən daha çox oxunur.
SOL. Solğun illərini keçirən ədəbi tənqidə elə bil daha müəllif “qonaqlıqları” da kömək eləmir. Çünki çoxdandır ki, təkcə Azərbaycan ədəbiyyatının çağdaş dövründən yox, eləcə də orta əsrlər haqqında və ya dünya ədəbiyyatı barədə hər hansı orta səviyyəli yazı belə oxumaq bizə qismət olmayıb. Yenə 4-5 il öncə “ədəbi qonaqlıqların” övladı olan yazılar qəzet-jurnal səhifələrində iməkləyib, ata deməyi öyrənən uşaq kimi qeyri-müəyyən səslər çıxarırdı. Bu körpə qığıltılarında adama xoş gələn səmimiyyət, şirinlik az da olsa olurdu. Əsəd Cahangirin mətnləri isə doğulan kimi yeriyir, müəlliflə addımlayır, söhbət eləyir, oxumağa kitab da verir.
LYA. L.Yaşin futbol meydanında rəqib oyunçular üçün kim demək idisə, Əsəd Cahangir də müəlliflər üçün təxminən eyni ampladadı. Əsəd bəy müəllif-futbolçuların vurduğu bütün eyhamları havada top kimi tutandı. Tutduğunu iti baxışlarıyla lazımi istiqamətə yönəldəndi. “Top” təhlükəli olanda əliylə auta atıb uzaqlaşdırandı. O ədəbiyyat meydanını bötüvlükdə görəndi. O ədəbi tənqidin “bir nömrə”sidi.
Sİ. Simmetriya, harmoniya, müxtəlif rakurslardan mətnə daxil olmaq, gəldiyi qənaəti dünyanı mədəniyyətindəki məşhur hadisələrlə, şəxslərlə,obrazlarlarla əlaqələndirmək, ilk baxışdan tamamilə əlaqəsiz görünən mətləbləri bir-biriylə uyğunlaşdırmaq məharəti, yerində və ləzzətli ironiya... Onun mətnləri haqda ilkin müəyyənləşdirdiklərim bunlardı. Azərbaycanda postmodern düşüncənin sadə, anlaşıqlı şəkildə yayılmasında müstəsna xidmətləri olan Əsəd Cahangirin, bədii mətnlərin təyinatı ilə bağlı fəhmi də çox diridir. Doğrudur, postmodern düşüncənin Azərbaycan mədəni həyatına gəlməsi daha çox Həmid Herisçinin adıyla bağlayırlar. Amma qənəatim belədir ki, Həmid bəyin postmodernizmi orta məktəbi bitirməmiş bir adamı Oksfordda ingiliscə fəlsəfə mühazirəsini dinləməyə məcbur etmək kimi bir şey idi. Ya da belə deyək, Kristofer Marlo “Faust” mövzusunu işləsə də, “Faust”un atası Hötedir.
Yeddilər harmoniyası, mistikası haqqında informasiyalarla başladığım yazını dünyanın 7 möcüzəsi və bir-bir hər möcüzəylə Əsəd Cahangirin yaradıcılığı arasında paralellər aparmaqla da qurmaq olardı. Bu daha çox vaxt və iş tələb eləyir. Hər halda mən bu strukturda yazsaydım, Əsəd bəyi nə Misir Ehramlarına, nə Babil bağlarına, Herostratı “unudulmağa” məhkum edən Efesli Artemida məbədinə, nə Halikarnas məqbərəsinə, Rodoslu Nəhəngin heykəlinə, nə də İsgəndəriyyə Mayakına ( hərçənd ki, mayakın iş salmaq, yol göstərmək funksiyası yazı üçün maraqlı imkanlar yaradır) bənzədərdim. Mən onu 7-ci möcüzəyə – Olimpli Zevsin heykəlinə bənzədərdim. Böyük Fidinin yaratdığı Zevs heykəlinin tarixçəsindən başlayıb Əsəd Cahangirin Yunanıstan sevgisini, yunan miflərinə bələdliyini, mətnlərində fikrini izah etmək üçün bu qədim miflərdən böyük ustalıqla istifadə etməyini, harda baş verdiyini xatırlamadığım, amma nə zamansa özündən eşitdiyim xaric ölkələrdən birində bir qadının onun anatomiyasını yunan mədəniyyətindəki qəhrəmanlara bənzətməsini bir-birinə calayıb tamam başqa cür də yazmaq olardı.
Bu gün Əsəd Cahangirin doğum günüdür. Onun haqqında o qədər yazmaq olar ki, hardan başlamalı olduğumu, əsasən nəyi yazmalı olduğumu dəqiqləşdirə bilmirəm. İndi kondisionerin süni sərinliyində sərinləməyə çalışa-çalışa bütün lüğətlərdəki sözlərə məktub göndərirəm ki, mənə bircə söz, bircə cümlə tapsınlar ki, Əsəd Cahangiri təbrik etməyə gücü çatsın. Bütün məktublarıma gələn cavablar ağaappaq vərəqlər olur...
Kafkanın gündəliyində çox sevdiyim bir cümlə var: “Onunla mənim aramda bir savaş var və mən bu savaşda onun tərəfindəyəm”. Tənqidçi Əsəd Cahangirlə ədəbiyyatın arasında bir savaş var və bu savaşda o, ədəbiyyatın tərəfindədi.
Pop-korn kimi görünüb sonra yoxa çıxan şairlərin, yazıçıların, “yeni ulduz”ların dünyasında səbrlə hamını oxuyan, ürəyinin qanıyla yazan ədəbiyyat dostunu təbrik edirəm.
Əsəd bəy, artıq bu günün gecəsi 43-ü yola salacaq, sabahı 44 yaşla açılacaq.
Gecən şeirə qalsın!
Sabahın şeir!
Doğum günün mübarək !
25 iyun 2010
II QİSMƏT [email protected]

 




Bu yazı ( 772 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar