12px14px16px18px

Dünyanın mədəniyyət paytaxtı

Rəşad MƏCİD

TƏKCƏ MƏDƏNİYYƏTMİ?

02:53 / 12.06.2010




CİCA

Bu həftə Türkiyənin İstanbul şəhərində, məşhur Çırağan sarayında dövlət və hökumət başçılarının iştirakı ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfransın (CİCA) III zirvə toplantısı keçirildi. Türkiyə Xarici İşlər Nazirliyinin təşəbbüsüylə tədbirə CİCA üzvü olan 18 ölkədən jurnalistlər dəvət olunmuşdular. Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsüylə bu zirvəyə qatılanlar arasında mən də vardım. Ötən həftənin cümə günü dünyanın müxtəlif ölkələrindən gələn təyyarə reysləri İstanbula jurnalist qrupun üzvlərini çatdırmaqda idi. Qrupun üzvləri arasında Azərbaycandan savayı Monqolustan, Qırğızıstan, Hindistan, İordaniya, Birləşmiş Ərəb Əmirliyi, İraq, Rusiya, Qazaxıstan, Fələstin, Tailand, Vyetnam, Cənubi Koreya, İran, Misir, Əfqanıstan və Pakistandan olan jurnalistlər də vardı. Ötən həftənin şənbə günü səhər Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi, Türkiyə Respublikasının Bakıdakı keçmiş səfiri, bizim yaxşı tanıdığımız Ünal Çeviköz qrupun müxtəlif ölkələrdən olan jurnalist heyətini qəbul etdi və onlar üçün mətbuat konfransı keçirdi. Cənab səfir CİCA zirvəsi barədə məlumatda qeyd etdi ki, 1992-ci ildə Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayev Birləşmiş Millətlər Təşkilatındakı tədbirdəki çıxışında Asiyada qarşılıqlı əməkdaşlıq, sülh və etimad tədbirlərinin vacibliyini önə çəkərək belə bir təşkilatın yaradılması ideyası ilə çıxış edib. 1996-cı ildə 17 ölkənin iştirakı ilə bu təşkilat təsis olunub və 2002-ci ildə ilk CİCA zirvəsi keçirilib. 2006-cı ildə keçirilən növbəti toplantıda isə təşkilata yeni üzvlər qəbul olunub. Yuxarıda sadaladığım ölkələrin hamısının üzv olduğu bu təşkilat bir-birilə konflikti olan region ölkələri arasındakı münaqişələri yoluna qoymaq, bölgədə sülh yaratmaq tədbirlərilə çıxış edir.
Zirvəyə Qazaxıstan sədrlik edirdi. Bu zirvə tədbirində növbəti sədrlik Türkiyəyə keçməkdə idi. Tədbir böyük maraq doğurmuşdu. Elə tədbirin başlandığı gün göründü ki, Asiyanın bir çox dövlət başçıları bura qatıldılar. Türkiyə mediası da tədbirə qatılan dövlət başçılarını xüsusi vurğulayırdı. Bu tədbirdə İranın, Əfqanıstanın, Azərbaycanın, Makedoniyanın, Ukraynanın, Qazaxıstanın və Türkiyənin dövlət başçıları, həmçinin bir sıra ölkələrin baş nazirləri iştirak edirdilər. Suriyanın dövlət başçısı Bəşər Əsəd tədbirə qonaq qismində qatılmışdı. Tədbirin ilk iş günündə Türkiyə prezidenti və digər dövlətlərin liderləri ilə yanaşı, Azərbaycanın dövlət başçısı da iştirak edirdi. Azərbaycan prezidenti burada bir sıra dövlət rəhbərlərilə əhəmiyyətli görüşlər keçirdi.

QAZ SAZİŞİ

CİCA zirvəsi çərçivəsində Azərbaycanla Türkiyə arasında çoxdan gözlənilən qaz sazişinin imzalanması mərasimi reallaşdı. Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanma mərasimi keçirildi. Sonra Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız qaz sazişləri barədə məlumat verərək jurnalistlərin suallarını cavablandırdılar. Natiq Əliyev bu sazişin imzalanmasını tarixi hadisə kimi qiymətləndirdi (Bildiyimiz kimi, mətbuata müsahibəsində Azərbaycan prezidenti də sazişin xüsusi əhəmiyyətini qeyd etmişdi).
Onu da deyim ki, qaz sazişinin imzalanması həmin günlərdə Türkiyə mətbuatında çox müsbət reaksiya doğurmuşdu. Türk mediası Azərbaycanla Türkiyə arasındakı bu qaz sazişini xüsusi qabardır, iqtisadçılar öz fikirlərini söyləyirdilər. Bir çoxlarının fikri belə idi ki, bu saziş Azərbaycanla Türkiyə arasında əməkdaşlığın və əlaqələrin daha sıx məcraya yönəlməsində mühüm rol oynayacaq.

RƏCƏB TAYYİB ƏRDOĞAN

Bizim İstanbulda olduğumuz günlərdə Türkiyənin “Mavi Mərmərə” gəmisinə İsrail donanmasının vəhşicəsinə müdaxiləsi və gəmidəki insanların öldürülməsi əsas müzakirə mövzusu idi. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu vəhşi aksiyaya kəskin münasibət bildirmişdi. Biz İstanbula çatdığımız 4 iyun günündə Konyada birbaşa xalq qarşısında çıxış edən Rəcəb Tayyib Ərdoğan İsraili kəskin ifadələrlə qınayır və Fələstinə qarşı yaradılan bu açıq hava həbsxanasına kəskin etirazını bildirir, Qəzzanı və Qüdsü Ankaradan, İstanbuldan ayırmağın mümkünsüzlüyünü vurğulayırdı. Tövratdan misal gətirərək “öldürməyəcəksiniz” sözünü İsrail hökumətinə ünvanlayan baş nazir bu ifadəni həm ingiliscə, həm türkcə, həm də ivritcə səsləndirirdi. Ərdoğanın fikirləri Türkiyə mediasında çox geniş əks-səda doğurmuşdu. Bir çoxları bu fikirlərin Türkiyə baş nazirinə artıq regionda və ərəb dünyasında böyük populyarlıq və şöhrət qazandırdığı qənaətində idi. Hətta region ölkələrində ona qarşı BÖYÜK LİDER münasibətinin formalaşdığını söyləyənlər də vardı. Ümumiyyətlə, bir siyasi lider kimi Rəcəb Tayyib Ərdoğan qeyri-adi addımları, emosional çıxışları ilə seçilir və müxtəlif müzakirələrə səbəb olur. Amma bir fakt şübhəsizdir ki, Türkiyənin baş naziri regionda sözü olan və region siyasətinə təsir göstərən bir hökumət başçısı kimi danışır. Bu məsələdə isə, şübhəsiz, Türkiyənin son illər artan nüfuzu və baş nazirin keyfiyyətləri də önəmli rol oynayır.

AZƏRBAYCAN, ANS TELEVİZİYASI, QƏNİRƏ ATAŞOVA

CİCA zirvəsinin keçirildiyi günlərdə dünyanın sadaladığım ən müxtəlif ölkələrindən gəlmiş, eyni zamanda Türkiyədə akkreditasiya olunan və çalışan böyük jurnalist heyətinin hər bir məsələ ilə bağlı dövlət və hökumət başçılarına suallar ünvanlamaq niyyəti təbii idi. Burada Azərbaycan televiziyalarından iştirak edən həmkarlarımız da gözə dəyirdi və onlar da mümkün dərəcədə fəal olmağa, prosesləri izləməyə çalışırdılar. Amma bu jurnalistlər içərisində təkcə bizim yox, xarici jurnalistlərin də həsəd aparacağı bir jurnalist vardı – ANS televiziyasının əməkdaşı Qənirə Ataşova. Müxtəlif mətbuat konfranslarında bir kənarda oturaraq, Qənirə xanımın fəallığını müşahidə edir və sözün düzü, qürur duyurdum. Suriyanın dövlət başçısı Bəşər Əsədlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın keçirdiyi mətbuat konfransında əvvəlcədən müəyyənləşdirilmişdi ki, 2 sual Suriya, 2 sual Türkiyə, 2 sual isə xarici jurnalistlər üçün nəzərdə tutulub. Hətta kimlərin sual verəcəyi də öncədən məlum idi. Buna baxmayaraq, Qənirə xanım oradakı məsul əməkdaşlarla söhbətində qətiyyət və inadkarlıq göstərir, sual vermək istədiyini bildirirdi. Onun inadkarlığı hədər getmədi: xarici jurnalistlərə növbə çatanda ilk söz alan Qənirə Ataşova oldu və Türkiyənin baş nazirinə çox maraqlı sual ünvanladı. Bu sualda əsasən “Mavi Mərmərə” gəmisinə İsrailin hücumu ilə bağlı Azərbaycan hökumətinin verdiyi dəstək vurğulanır, qeyd edilirdi ki, Türkiyə tərəfdaş olduğu digər ölkələrdən bununla əlaqədar nə dərəcədə dəstək alıb? Mətbuat konfransından sonra Qənirə xanımı təbrik etdim və sualına görə təşəkkürümü bildirdim.
Növbəti gün jurnalistlər Rusiyanın baş naziri Vladimir Putin və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın keçirdiyi mətbuat konfransına toplaşmışdılar. Bu konfransda da baş nazirlər çıxış edəndən sonra 1 sual Rusiya, 1 sual Türkiyə və 2 sual xarici jurnalistlər üçün nəzərdə tutulmuşdu. Bu dəfə də öz çevikliyi sayəsində çoxlu əcnəbi jurnalistlər içərisindən təşəbbüsü ələ alan Qənirə Ataşova oldu. O “Azərbaycan, ANS televiziyası, Qənirə Ataşova” deyə özünü təqdim edərək, V.Putinə Dağlıq Qarabağ məsələsilə bağlı sual verdi. V.Putin onun sualına cavab olaraq Dağlıq Qarabağ münaqişəsinin indiki mərhələsində Rusiyanın mövqeyinə aydınlıq gətirdi. Bu dəfə qələbəlik üzündən Qənirə xanımı növbəti uğuruna görə təbrik etməyə fürsətim olmadı. Amma Azərbaycan mediasının öncülü olan bu sanballı qurumun həmişə belə tədbirlərdə xüsusi fəallıq göstərdiyini xüsusi qeyd etməyi lazım bilirəm.

RUSİYALI JURNALİSTLƏR

Putinin səfəri ilə bağlı Rusiyadan xüsusi təyyarə ilə böyük bir jurnalist heyəti gəlmişdi. Bizim qrupda olan “Vremya” qəzetinin əməkdaşı Vera Stıninanın təklifi ilə bazar ertəsi gecə İstanbula çatan Rusiya jurnalistlər heyətinin üzvlərilə görüşdük, “Moskovskiy Komsomolets”, “Rossiyskaya qazeta”, “Novaya izvestiya”, İTAR-TASS və digər media orqanlarının gənc əməkdaşları ilə tanış olduq, Rusiya mətbuatının vəziyyəti və digər məsələlər barədə xeyli söhbət etdik. Söhbət zamanı onu da öyrəndik ki, Rusiyanın prezidenti ilə baş nazirinin hər rəsmi səfəri zamanı belə böyük bir jurnalist heyəti onları müşayiət edir və media təmsilçilərinin yol xərcləri dövlət hesabına ödənilir, qəzet və televiziyalar, sadəcə, öz jurnalistlərinin həmin ölkələrdə qalmaq xərcini ödəyirlər. Bu faktın özü Rusiya kimi bir dövlətin mətbuata necə böyük önəm verdiyini göstərir. Rusiyalı jurnalistlərlə söhbət zamanı bir daha bunun şahidi oldum. Yadıma düşür ki, ABŞ-da olarkən mətbuatla bağlı insanlar Amerika prezidentinin hansısa ölkəyə səfəri zamanı çox böyük bir jurnalist heyətinin onunla birgə həmin ölkəyə səfərlər etdiyini deyir, bunun əhəmiyyətindən danışırdılar.
İSTANBUL
İstanbulda qaldığımız bir həftə ərzində həm də şəhərin tarixi yerlərinə səfərlərimiz nəzərdə tutulmuşdu. Zirvədən öncə biz Yerəbatan sarnıcında, Ayasofiya muzeyində, Sultanəhməd məscidində, Topqapı sarayında olduq. Səfərin sonuncu günü isə Dolmabaxça sarayını gəzdik. Atatürkün vəfat etdiyi otaq qrupun üzvlərində böyük təəssürat yaratdı. Qrupumuzun üzvlərindən bir çoxu ilk dəfə idi İstanbulda olurdular və təəssüratlarından belə başa düşürdüm ki, bu şəhər öz nəhəngliyi, qədimliyi, əsrarəngizliyilə onları ovsunlamışdı. Ümumiyyətlə, hər dəfə İstanbula gələndə bu qədim şəhərə heyran olmaya bilmirəm. Ən müxtəlif düşüncələrə və dünyabaxışlarına açıq olan, müxtəlif fikir və inanca malik isanların rahat və asudə yaşaya biləcəyi bir şəhərdir İstanbul. Az qala adam əlindən tərpənmək mümkün olmayan Bəyoğluda - İstiqlal caddəsində hər addımbaşı bunun şahidi olmaq mümkündür. Hərənin öz işi ilə məşğul olduğu, həyatın qaynadığı bu şəhərin onu ziyarət edənlərə tez bir zamanda doğmalaşmaq kimi çox maraqlı bir xüsusiyyəti var. CİCA zirvəsində iştirak etdiyim bu günlərdə köhnə dostlarla görüşmək imkanı qazandım, bir sıra mühüm hadisələrin şahidi oldum. Və bütün bunlara görə, sözsüz ki, Türkiyənin Azərbaycandakı səfirliyinə öz təşəkkürümü çatdırmağı vacib bilirəm.
Rəşad MƏCİD




Bu yazı ( 1550 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar