12px14px16px18px

Federikonun saatı

II QİSMƏT
01:54 / 05.06.2010
 
Şairlər dünyanın dərdini yazar,
Dərdlər tapışarlar, arxalaşarlar;
Hər şeirin şairin qəbrini qazar :
İslam qəbirləri – Nəsimiləşər,
İspan qəbirləri Lorkalaşarlar...
(Mahir N.Qarayev, “Uvertüra”)
 
 
Ölümün yumurtasını onun yarasına qoymasından 37 il keçmişdi. Şairlər üçün ən təhlükə yaşda, 37-də, Qarsia Lorkanın ölümü yumurtasını qırıb şairə göz vurdu. Lorka da göz vurmaq istədi, amma gözləri yumuldu və bir daha açılmadı. O gün qaraçıların nəğmələri güllələndi.
Frankoçuların etnik təmizləməsində 15 min adamın gövdəsi gülləylə öpüşdü. 15 min adamın can təkərinə mismar batdı. O gün 14999 adam və şair Federiko Qarsia Lorka güllələndi.
Bir film çəkilib, tapıb mütləq baxın: “Keçmişin külləri”. Son illərin parlayan Hollivud ulduzu Robert Pattison baş rollardan birini oynayır. Film Lorkanın, Salvador Dalinin və Luiz Bunyuelin dostluqlarından, sevgilərindən, düşmənçiliklərindən və Lorkanın ölümün bəhs edir.
... Hər zamankı tənbəlliyin ucbatından bu yazını da qəzetə göndərməyə bir gün qalmış yazıram. Zərdüştün yazısı artıq hazırdı. İstidir. Bethovenin “Eliza üçün” bəstələdiyinə qulaq asa-asa Lorkanın şeirlərini oxuyuram. Lorka barədə yazmaq istədiklərim o qədər çoxdur ki, hardan başlamaq,necə yazmaq lazım olduğunu dəqiqləşdirə bilmirəm. Hərçənd artıq başlamışam. Beşinci abzasda bu gileyin mənası yoxdu.
O həmişə ölümlə yan-yana yeriyib. Lorka ölümlə ölümə toxunacaq, toxunan kimi üzr istəyəcək, dostlarıyla tanış edəcək, şeirlərini ölümə oxuyacaq qədər səmimi, yaxın, munis olub. Şeirlərində qaraçı nəğmələriylə modernist obrazları birləşdirib özünəməxsus bir intonasiya yaradan Lorka, məşhur sevgi şeirlərindən , ona şöhrət gətirən pyeslərindən başqa, müxtəlif insanların ölümünə yazdığı ağılarla da ədəbiyyatın yadında qalıb. Təsadüfi deyil ki, dünya lorkaşünaslarının, tənqidçilərin yekdil rəyinə görə onu ən yaxşı şeiri “ İqnasio Sançez Mexiya üçün ağı” silsiləsi hesab edilir. Mənim birinci abzasın birinci cümləsində istifadə elədiyim “ ölümün yumurtası” məsələsi də həmin silsilənin birinci şeirindədi. Bu şeirdə bir misradan bir təkrar olunan “saat beşdə axşamtərəfi” refreni şeirin sonuna qədər intonasiyanı yüksəldir, vəziyyətin dramatizmini böyüdür. Həmin refren şeirdə elə bil faciədə başını itirmiş adamların bir –birindən soruşduqları nəyin, nə zaman, niyə baş verməsi sualına çaş-başlıqla verdikləri cavabdı : “Saat beşdə axşamtərəfi”... 
Saat beşdə axşamtərəfi Santiaqoda evlərdə işıqlar sönərkən, “dişləri köpükdən dəniz uzaqlarda gülümsəyərəkən”, “yuxulu məmələrinə” hələ heç kimin toxunmadığı qaraçı qızlar dərdli-dərdli hansı nəğməni oxusalar, orda mütləq Qarsia Lorka olacaq.
Dünya kimi qocaman bir ağaca söykənən Federiko, torpaqüzlü qarıların ağı deməyini dinləyə-dinləyə şeir yazırdı. Yazırdı ki, mən öləndə məni gitaramla bir basdırın. İndi Lorka bütün qəbirlərdə gitarasızdı, indi bütün gitaralar Federikonun barmaqlarına həsrətdi...
Saat beşdə axşamtərəfi pəncərədən portağallar görünürdü. Lorka açıq pəncərələrdən görünən adamları, ağacları, qızları, portağalları sevirdi. İstəyirdi ki, o öləndə pəncərələr açıq qalsın. Çünki portağallar görmək istəyirdi. Portağalları, portağal dərən qızları, gülüşən uşaqları, ümid dilənən dilənçiləri, qaraçıları, onların nəğmələrini, günəşin batmasını, çıxmasını görmək istəyirdi.
Dünyanın onu ancaq öldürməyə gücü çatdı. Bir şeirində yazırdı ki, göz yaşları küləyin ağzını tutmuşdu, ağıdan başqa heç nə eşidilmirdi. Dünyanın əli onun nəğmə çığıran dodaqlarını örtmək istəyəndə, Lorkanın gözləri, əlləri, ürəyi, ürək döyüntüləri nəğmə çevrilməyə başlamışdı. Neyləmək olardı, təpədən-dırnağa nəğməyə çevrilən, qaraçı ağısı oxuyan matador ürəkli şairə qarşı neyləmək olardı? Güllələmək.
Saat beşdə axşamtərəfi güllələdilər.
111 il bundan öncə, bu gün, 5 iyun 1899-cu ildə böyük ispan şairi Federiko Qarsiya Lorka dünyaya gözlərini açıb. Kim bilir, bəlkə də elə bu gün İspaniyada hansısa kəndlərdən birində, saat beşdə axşamtərəfi bir şair doğulacaq və onun da adı Federiko olacaq. Amma biz qoymayacağıq ki, onu 37 yaşında güllələsinlər. Biz onun doğum gününə gitara alacağıq. Düzdür, dostlar, qoymacağıq!
 
Doğum günün mübarək, Federiko!
 
4 iyun 2010-cu il 
II QİSMƏT 
[email protected]
 



Bu yazı ( 674 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar