12px14px16px18px

Fəxri(nin) xiyaban(ı)

II QİSMƏT
01:20 / 28.05.2010





Lap qədimlərdən adamlar nə yaratmağa çalışıblarsa, orda dünya modelləşdirmək istəyiblər. Misir ehramlarının düzülüşündən, qədim şəhərsalma üsullarından çağdaş dünyanın romançılarına qədər yaradıcı bütün sahələrdə, qurulub-yaradılanı bir sistemdə, harmoniyada, strukturda ifadə etmək istəyi olub. Tanrı dünyanı necə dəyişməz harmoniya içində yaradıbsa, yaradıcı adamların da içindəki qaçılmaz “tanrı”lıq iddiası onları yaratmaq istədiklərini dünyaya, kosmosa oxşatmağa aparıb. Bütün kəşflər də əslində harmoniyanı dərk eləyən, sistemi, strukturu hiss eləyən adamların cəhdinin nəticəsidi. Dünya işərələr sistemidi və onu yalnız mexanizmini bilənlər, ya da təsadüfən ona toxunanlar anlayır. Hərçənd ki, təsadüf dediyimiz ola bilsin, yarımçıq bildiyimizə qoyduğumuz addır.
Həftənin 7 günü, 7 not, göyqurşağının 7 rəngi və Şeyx Nizaminin “Yeddi gözəli” möhtəşəm bir sistem deyilsə, onda biri məni çimdikləsin ayılım. Həmişə belə olub, görünür həmişə də belə olacaq. Adamlar özünü təbiətə oxşatmağa çalışacaq, fəsillərin dəyişməsiylə ağacların libaslarının yaşıldan sarıya, sarıdan yaşıla çevrilməsini görəcək, bu ilahi nizama həsəd aparacaqlar. Təbiətdən ağacı götürüb başqa bir struktura tabe edəcəklər. Nəticədə mənim indi bu yazını bu cümləyə qədər yazarkən oturduğum masa əmələ gələcək. Amma masa həmişə sükut fəslində oturacaq.
Günlərin bir günü Artur Rembo çığırdı ki, evrika ! Hərflərin rəngini tapmışam. O gündən kim sözlə işləyirsə rəssam kimi əlləri ( və həm də dili) sözlərin rənginə bulaşır. Mən sözlərin rəngini tapmamışam, amma mən başqa bir şeyi tapmışam. İcazə verin bir az özümü tərifləyim. Bu uğurlu tapıntımla fəxr eləyirəm.
EVRİKA! Mən Fəxri Uğurlunun “ Tanrı Dağları” silsiləsindəki 12 hekayəsinin bürclərini tapmışam . Bu bürclər Tanrı dağının harasındadı, nə vaxt, nə məqsədlə, kimdən qorunmaq üçün tikilib ? Bunu hələlik bilmirəm. Zatən mən tapdığım da qala bürcü, saray bürcü deyil. Hazır olun, bir azdan açıq kosmosda olacağıq.
Hələlik anlamağa çalışaq ki, Fəxri Uğurlu niyə silsilənin adını “ Tanrı dağları” qoyub ?
Hiss edirəm ki, bütün yazacaqlarım çox subyektiv olacaq, arxasında gözə batan ürkək bir “ola bilsin ki...”dayanacaq.
Ola bilsin ki, “Tanrı dağları” birləşməsindəki “dağ” heç də bizim ilk baxışdan anladığımız coğrafi məsələ deyil. Burdakı dağ “ pənbeyi daği cünun içrə nihandır bədənim”dəki dağ da ola bilər. Dırnaq içində yazılan “Tanrı dağları” birləşməsindən sonra gələn “silsilə” sözü adam da, coğrafiyadan bildiyimiz “ dağ silsiləsi” assosbasiyasını yaradır. Düşünürəm, bu aldadıcı ola bilər. Lakin bu silsilədəki ilk baxışdan bir-biriylə əlaqəsiz görünən hekayələrin hər birinin mahiyyət qohumluğu var. Bu anlamda yəqin ki, təbiətdəki dağ silsilələri Tanrının yer üzündəki harmoniyasını ifadə etdiyi kimi silsilənin adındakı dağ da mətnlərin arasındakı struktur bağlılığına işarədi.
Niyə 12 hekayə ?
12 rəqəminin bu silsilədə təsadüfi olduğunu inanmıram. Çünki 12 rəqəmi də dünyanın genetik fondunda müəyyən harmoniyanı, sistemləşməni, strukturu ifadə eləyir. Fəxri Uğurlu bu harmoniyanı mənə görə Azərbaycanda dərinliyinə qədər duyan tək-tük adamlardandı. İlin 12 ayı, 12 bürc, 12 həvari, 12 imam və 12 hekayə.
Mənim bayaq fəxarətlə özümü tərifləyib, Rembodan oğurlanmış evrikayla çığırmağımı açıqlamağın zamanı gəldi. Beləliklə hekayələrin ulduz falı...

“Ehsan “ – Qoç bürcü

Hekayənin qəhrəmanı Toğrul bəy bir gün bütün eli-obanı bir mağara yığır və elan edir ki, bu mənim ehsanımdı. İstədim ki, ölməmişdən özümə ehsan verim. Toğrul bəyin hekayədəki obrazı mənə zaman-zaman dünyasını dəyişmiş siyasi xadimlərdən birini xatırlatdı. Amma bütün hekayə boyu, bəyin öz ehsanındakı nitqindən tutmuş, adamların onun haqqında düşüncələrinə qədər mən qəhrəmanda Dəli Domrul məğrurluğu gördüm. Özünə ehsan verib ölümü aldatmaq istəməsindəki insanın qədim çarəsizliyi, Dəli Domrulun Əzrayıla meydan oxusa da, sonra çarəsizcə canına qarşılıq can axtarmağını yadıma saldı. Hekayəni qoç bürcündə görməyim isə məşhur dini əhvalatla bağlıdır. Dindən hamıya məlum olan məşhur İsmayıl qurbanı əhvalatıyla bu hekayənin arasında çox dərinlərdə gizlənmiş bir bağlılıq hiss elədim. Tanrı peyğəmbəri oğlunun canıyla sınayandan sonra qurban kəsmək üçün qoç kəsməyini əmr eləmişdi. Bu hekayənin qəhrəmanı isə nə övlad, nə qoç qurban deyir. Sağkən özünə ehsan verməklə ölümdən qaçılmazlığı, faniliyi nə qədər dərk etdiyini hamıya göstərir və əslində özünü ölümə qurban verir.

“Ana, sənin ərin kimdi ?” – Buğa bürcü

Başı evin biş-düşünə qarışan ananı oğlu sorğu-suala tutur. Gözləri hər şeydən – soyduğu soğandan, acı bibərdən, sarımsaqdan, pis adamlardan, oğlunun suallarından, Ramiz Rövşənin “ Soğan soya-soya ağlayan qadın” şeirindən, uzaqlarda görünməz olan həqiqi “ərinin” xatirəsindən yaşaran qadın hekayə boyu oğluna gerçəkləri deməklə onun başını atmağın arasında vurnuxur, tıncıxır. Oğlunun sualları, qadının indiki məişəti, ölmüş arzuları get-gedə mətbəxi qadın üçün sanki korrida meydanına çevirir. Qadın meydana ilk dəfə çıxan matador kimi gah sakit, gah tələsik intonasiyasıyla oğlunun get-gedə qızmış buğa kimi üstünə cuman suallarını əzizləmələrlə dəf etmək istəyir. Azyaşlı olmasına baxmayaraq uşağın dilindən verilən sualların sadəliyi qədər, ağırlığı, istiliyi hekayədəki qadının gözünü yaşardır, oxucunu matador döyüşünə baxan tamaşaçı mövqeyinə gətirir. Hekayə bu döyüşə görə məncə buğa bürcündədir.

“Leylinin məcnunluğu” – Əkizlər bürcü

Fəxri Uğurlu bu hekayəni yazmasaydı belə hekayənin adını eşidənlər yəqin ki, uzun zaman adını unuda bilməyəcəkdi. Hər zaman Məcnunun halına, vəziyyətinə qan ağlamışıq, çaki-giribanlıq eləmişik. Bu hekayənin təkcə adı şəxsən mənə yaxşı bir şillə vurub, gözlərimi Məcnunun olduğu yerdən Leylinin olduğu yerə çevirdi. Doğurdan da Qeysi Məcnun edən eşqdən Leylidə heç də az deyil. Leylidəki məcnunluqla Məcnundakı məcnunluq əkizdir. Hekayənin bir yerində müəllif yazır ki, şirlər, aslanlar Məcnunun yanında pişik balasıtək atdanıb düşürdülər. Eşq aslanı pişiyə çevirir və aslan pişiklə, qoyun-qurdla, Leyli –Məcnunla burda əkizləşirlər.

“Şeyx Sənan” – Xərçəng bürcü

Kim ayda siqaretini yandırıb, yağışlarda yuyunub günəşdə qurulanıb ? Ora haradır ki, orda balıqlar quruda yaşaya bilir, adamlar şərabdan yox, şərablar adamdan məst olur ? Hardadı o ölkə ki, orda adamların arasındakı axmaq qaydalar, adətlər sistemi bədbəxtlik gətirmir ? Kaş eşq hamını öylə bir halətə sala ki, bütün qaydalardan, dinlərin, dillərin, sərhədlərin, uca-uca hasarların aramıza saldığı ayrılıq pərdəsini kiçik bir dəniz xərçənginin qayçısıyla kəsə bilək... Şeyx Sənanla Tamara kimi.
Hekəyədə ayrı dinlərdən iki nəfər Şeyx Sənanla Tamara bir-birlərinə elə aşiq olur ki, eşqləri dünyayla onların arasındakı bütün pərdələri incitmədən yırtır, çözür. Onların arxasınca baxan və bu yırtılmış pərdənin kəsik yerinə baxanlar yəqin belə deyiblər : bu qayçı yerinə oxşamır. Amma başqa nə ola bilər ? Xərçəng kəsəsi deyil ki...

“Fərhadın Xosrovu öldürməsi “ – Şir(in) bürcü

Fərhad Bisütunu yarandan sonra bəlkə də Xosrov özünü sütunsuz hiss edib. Növbəti ənənəvi əhvalata özünəməxsus dillə, yanaşmayla yanaşan Fəxri Uğurlu bu hekayədə də məsələyə elə yerdən baxır ki, adama fikirləşir, mən elə bilirdim burdan heç nə görünməz. Fərhad Şirinə aşiq olmuşdu. Amma həm də anlayırdı ki, halva deməklə ağız “Şirin” olmur.Şirürəkli Fərhadın dağ çapması elə bil həm dünyanın nahamatlığına redaktə etmək cəhdiydi, həm də sanki Şirinin qarşısında “ sənə dağ çəkdircək hamını, könlünə dağ olacaq hər şeyi çapmağa hazıram” bəyənatıyla dillənmək idi. Bu hekayə məncə bu daxili çəkişməsiylə, çarpışmasıyla şir bürcündədir.

“Dul” – Qız bürcü

Hekəyə dul qadınla gənc oğlanın dialoqu üstündə üstündə qurulub. Burda öz faciəsini danışan qadın bir neçə fraqment Ramiz Rövşənin “ Qara paltarlı qadın”ını xatırladır. Hər həftə, ona sağlığında həyatı zindan etmiş ərinin məzarını ziyarət gedən bu qadının həyat yoldaşı, sanki indicə Ramiz Rövşənin şeirindəki kişiyə çevrilib qəbirdən danışmağa başlayacaq. Qadına sağlığında gün verib, işıq verməyən kişi zamanında ona davranıb ki, oxucu qadının dilindən keçmiş haqda bu məlumatları alanda ilk baxışdan elə bilir, kişi onu hədsiz sevdiyindən qısqanıb. Lakin hekayə abzasdan abzasa, dialoqdan dialoqa adladıqca oxucu anlayır ki, qadının həyat faciəsi “Sakit Don” üstəgəl “Hərb və Sülh”ə sığmayacaq qədər böyükdür. Dul olmaq onun alın yazısıdı. Amma bu dul qadın ərinin elə zillətlərinə dözüb ki, əslində qız qədər bakirdir. Bu hekayə və hekayənin qəhrəmanı qadın Qız bürcündəndir.

“İsgəndərin qanunu” – Tərəzi bürcü

İsgəndər maddi dünyanı ifadə eləyən, darıxan, bezmiş bir obrazdır. Ona uzun müddət elə gəlib ki, qoyduğu qanunlar ədalətlidir, düzdür. Lakin bir gün anlayır ki, insanlara öz azadlıqlarını hədiyyə verməyincə özü də azad ola bilməyəcək. Tanrılar olan dağa qalxır, ustadlarla söhbətləşir, ordan yerə baxır. Qayında indiki düşüncəsiylə bütün ömrü boyu diqtə etdiyi qanunları tərəziylə qoyur və görür ki... Arxasını tapıb oxuyarsız. Femidanın əlində tərəzi olan rəsmini xatırlayın.Onda bu hekayənin bürcünü tapacaqsız.

“Atillanın qəbri” – Əqrəb bürcü

Atillanın qəbri öz bədəniydi. Özündə özünü basdırmaq dünyada basdırmaq bəlkə də yeganə ona qismət olmuşdu. Qəbrinə- yəni bədəninə- gedən yolların xəritəsi, kilidlərin açarı Rum qızının əlindəki ağulu şərabdaydı. Şərabın ağusu məncə Əqrəb ağusuydu. Çünki Atillanı zəhərləmək istəyənlər hikkəli, məkrliydi. Əqrəb isə bəzən hikkəsindən özünü sancır. Atillanı zəhərləmək özünü sancmaq idi. Bu hekayə Əqrəb bürcüylə zəhərlənib.

“Dərviş “ – Oxatan

Dərviş ağ quşun dalınca qaçırdı. Sevdiyini ağ gəlinlikdə özgəsi alandan sonra ağ günləri qara olmuş, təhqirolunmağının qisasını heç kimin qəlbini qırmadan almaq istəyirdi. Qeyri-mümkün görünən bir qisas. Ağ quşu isə həmişə o gələndə uçub gedirdi. Görən Dərviş ağ quşa niyə ox atmırdı ? Ox atsa bəlkə də hər şey başqa cür olardı ?

“Oğlum sonuncu dayanacaqda düşəcək” – Oğlaq

Bu hekayə öz-özüylə danışan, dərdləşən bir kişinin “dialoqudu”. Həmişə marşrutlarda iki nəfərlik pul ödəyib düşər. Yolda yanında adam varmış kimi danışar. Bu kişi yadıma əliboş ovçuların geri dönəndə danışdıqları yalançı əhvalatları saldı. Ovçular həmişə təxminən belə deyər yanımda bir oğlaq vardı əlimi atdı silaha silah açılmadı. Birdən oğlaq el sürətlə yoxa çıxdı ki, elə bir yerli-dibli yoxuymuş...

“Məryəmin oğlu” – Sutökən

Məryəm oğlu hər dəfə dünya gəlir və hər dəfə 33 yaşında yaşında kimisə ağlar qoyub gedir. Çarmıxdan bıçaqlanmağa qədər dəfələrlə dünyaya gələn bu oğul, dəfələrlə Məryəmin gözünü sulu qoyub. Amma o öz ölümdən qorxmur, narahat deyil. O bəlkə də sadəcə ömründə bircə dəfə 34 yaşı görmək istəyir. Məryəmin gözündəki sular heç bitmir. Oğlu isə elə hey 33-ündə ölür.

“Peyğəmbər” – Balıqlar

Peyğəmbər özünü günahkar sayan kimi üzərində yeridiyi su ayağının altında adi dəniz oldu və o qocaman bir balığa yem oldu. Yadıma Akutaqavanın “Hörümçək toru” düşdü. Budda cənnətdə gəzirmiş. Görür ki, cəhənnəm quyularından birində bir günahkar inildəyir. Günahkar keçmişinə baxır ki , görür, o bir dəfə bir hörümçəyi öldürməyib. Quyuya bir hörümçək toru sallayır ki , o günahkar o torla xilas olsun. Günahkar sevincək tordan tutub çıxı. Arxasınca o biri günahkarlar onun ayağından yapışıb çıxmağa çalışır. Günahkar çevrilib qışqırır bu mənim torumdu və tor qırılır...
Tanrı peyğəmbərin üstündə gəzdiyi suyu dəniz eləyib,onu balığa uddurur. Amma peyğəmbər tanrının sevimlisidi və tanrı sevimlisini balıqların qarnındakı quyuda qoymaz...
Fəxri Uğurlunun hekayələrindən daha çox, daha geniş, daha gözəl yazmaq olardı. Mənim gücüm buna çatdı. Fəxri Uğurlu skandal yaradan, səs-küylə özünü cəmiyyətə sırıyan adam deyil. Ədəbiyyatdan kənar adamlar, sıravi oxucular bəlkə də onu tanımır. Amma mən əminəm ki, bir gün vaxt gələcək və ədəbiyyata yeni gələn gənclərdən bəziləri deyəcək bizi Fəxri xiyabanda yox, Fəxrinin hekayələrində basdırın...
II QİSMƏT [email protected]




Bu yazı ( 720 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar