12px14px16px18px

AĞ-aclığın sonu

II QİSMƏT
01:38 / 22.05.2010
 
 
 
 
Nəfəsim daralanda könlümdən bir şam ağacını qucaqlayıb ağlamaq keçir . Ağciyərimin oksigen aclığını doyurmaq üçün şam ağaclarına yalvarıb, borca bir-iki nəfəs artıq hava almaq istəyirəm. Bəzən nəfəsim elə tıxanır ki, ağacdan düzələn hər şeyə burnumu, ağzımı yaxınlaşdırıb hərisliklə hava axtarıram. Yaxşı ki, kitablar var...
Bir neçə il bundan əvvəl, nəfəsimin daraldığı günlərdən birində otaqda əsəbiliklə var-gəl edirdim. Havasızlıqdan havalanmağa başlamışdım. Özümü kitabların içinə atdım. İlk əlimə keçən kitabı götürüb təsadüfi bir səhifəsini açdım və “zəhrimarının” vaxtı gələndə tutması tutan narkoman kimi əsə-əsə burnumu kitabın bir səhifəsinə dayadım. Gözlərimi yumub, nəfəs almağa çalışdım. Az keçmədi ki, nəbzim yerinə gəldi, ürək döyüntülərim normallaşdı, əllərimin əsməsi keçdi. Mən sevimli “nəfəsliyimdən” bir az da nəfəs alıb, gözlərimi açdım. Belə də təsadüf olar? Adamın nəfəsi darala, ürək döyüntülərinin ritmi pozula, həkimə ehtiyacı ola və qaçıb açdığı ilk “nəfəsliyin” müəllifi adi həkim, böyük yazıçı Çexov ola. Bu işdə bir iş var, yahu!
Həmişə hansısa məzarlığın yanından keçəndən yadıma Çexovun “Rotşildin skripkası” hekayəsi düşür, kədərlənirəm.
Tabutçu qoca Yakovun Marfa adlı qarısı var. Yakov uzun illər ərzində Marfaya qəti mehribanlıq göstərməyən, vasvası, əsəbi kişinin biridir. Marfa ağzı var, dili yox,hər şeyi itaətkarlıqla qəbul edib yerinə yetirən bir rus “babulyası”.
Yakov tabut düzəltmək, xeyir götürmək üçün hər gün həsrətlə kiminsə ölməyini gözləyir. Adamlar isə ağaclarla birgə ölür. Adamlar ölüb torpaq olur, ağaclar ölüb tabut, skripka, qayıq, daxma, kağız...
Qoca tabutçu hər gün ziyan dəftərinə gündəlik qazancını, ziyanını yazır, kədərlənir, sevinir. Mərhumun adını, tabutun ölçüsünü və qiymətini dəftərinə yazıb, bu qəribə peşənin xronometrajını tutur.
Bir gün binamızın altındakı dükandan çörək almağa düşəndə, dükandakı satıcının uzun bir dəftərə nəsə yazdığını gördüm. Soruşdum Şirin kişi nə yazırsan belə? Məlum oldu ki, hamımız “Nisyə dəftəri” dediyimiz dəftərdə zərərini-xeyirini hesablayır. İcazə istəyib dəftərə göz gəzdirdim.
13.05.2010
kent 4 – 1 manat 20 qəp.- Rüfət
5 yumurta – 1 manat – Sara
150 qram kolbasa, çubuş araq, çörək – 4 manat- Qəni
1 paket pampers – 1 manat – İsanın qızı götürdü
Xeyir : 70 manat 50 qəp.
 
Siyahının hamısı yazmıram və bunun mənası yoxdu. Dünyanın ən kədərli siyahılarından birini görüb dəhşətə gəldim. Burda adamların adları bir qutu siqaretdən,5 yumurtadan, bir paket pampersdən, 150 qram kolbasadan, borclarının miqdarından sonra yazılmışdı. Düşünmək olar ki, bir alverçinin belə dəftər tutması indiki dünyada normaldı. Məsələ satıcının dəftərində adamları sona atmasımı? YOX ! Məsələ insanın kolbasadan, yumurtadan, pampersdən, bir qutu siqaretdən sonraya düşməsi, uzun-uzun binaların altındakı uzun-uzun dəftərlərin içindəki adamların tələsik, xala-xətrin qalmasın yazılmış adlarının borclarından sonra dayanmasıdı.
Bəs Yakov dəftərinə nələr yazmışdı? Tabutçunun əlimizdə olmayan dəftərini xəyali vərəqləyək...
13.05. 1894
İvan Çervyakov üçün tabut – 5 manat
Qlikeriya Anisimovna üçün tabut – 4 manat 50 qəp.
Faytonçu İoan Kuzmiç üçün tabut – 3 manat
Paçtalyon Savelin üçün tabut – 3 manat
Marfa İvanovna üçün tabut- 2 m 40 q.
 
Xəyali siyahımızdakı bütün adlar Çexov hekayələrinin qəhrəmanlarıdı. Mənə nədənsə elə gəldi ki, Çexovun ölmüş və ya nə zamansa öləcək bütün qəhrəmanlarının tabutunu ancaq Yakov düzəldə bilər.
Mənə görə Çexov bu hekayədə insan faciəsinin ağaclarla qəribə, gizli uzlaşmasını tapıb. Bu dünyada ağacların ölümündən nələr düzəlir ?
Ağaclar kəsilir TABUT olur. Yakov adamların ölçüsünü götürüb ölü ağacların içinə ölən adamları qoyur.
Ağaclar kəsilir KAĞIZ olur. Yakov ölülərin adlarını, borclarını, öz ziyanını-xeyiri bu kağızlara yazır.
Ağaclar kəsilir QAYIQ olur. Yakov düşünür ki, çayda qayıq sürüb, balıq tutmaq olardı, hər halda, bu tabut düzəltməkdən yaxşıdır.
Ağaclar kəsilir SKRİPKA olur. Yakov arada el məclislərində bu skripkayla kədərli mahnılar çalır.
Ağalar kəsilir... Yakovun ömür-gün yoldaşı Marfa ölür. Axı Marfa da ağac idi. Çay içmək artıq xərc idi deyə, Marfa ancaq su içirdi. Ağac çay içməz, ona su gərək. Yakov tez-tez Marfanı söyürdü. Yakovun söyüşləri ağac-Marfa üçün gübrəydi. Marfa ölənə qədər bütün ömrünü su içib, Yakovun “gübrəsiylə” yaşayıb qocalmışdı.
Yakov tabut düzəldirdi. Rüşvətxor məmura, savadsız həkimə, körpə bir uşağa, kasıb bir müəllimə, arvadı Marfaya tabut düzəldirdi.
Yakov tabut düzəldirdi, Rotşild Yakovun son nəfəsdə ona miras qoyduğu skripkada dünyanın ən kədərli mahnısı çalırdı, amma Çexov icazə vermirdi ki, hekayənin adından tutmuş Yakovun dəftərindəki siyahıya qədər heç bir yerdə insanın adı skripkadan, tabutdan, borcdan sonra yazılsın. 
 “Nə üçün cavan ağcaqayın və şam ağaclarını qırıblar?”
“Marfa İvanovna üçün tabut – 2 manat 40 qəpik”. 
 II QİSMƏT [email protected] 
 



Bu yazı ( 743 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar