12px14px16px18px

Təhsil naziri düz deyir!

Vüsalə MAHİRQIZI
02:18 / 11.12.2010
Hicab məsələsi yenidən gündəmi zəbt elədi. Təhsil naziri Misir Mərdanovun dünənki açıqlamasından sonra hicab tərəfdarları daha da fəallaşdılar. Onlara görə, hicab orta məktəbdə qadağan olunmamalıdır. Niyəsi ilə bağlı heç bir açıqlama yoxdu. Bu adamların yalnız bir arqumentləri var: “Azərbaycanda təhsilin başqa problemi yoxdurmu?” Özlərinə haqq qazandırmaq üçün ikinci tezisləri də belədi: “Təhsil naziri dindarlarla dövləti qarşı-qarşıya qoyur”. Əvvəla, danışılan məsələ təhsilin yox, dövlətin problemidi. Hicabı orta məktəbə daşımaq istəyənlər dünyəvi dövlətin təməl prinsiplərinə, millətin məhək daşına zərbə endirməyə çalışırlar. Bəlkə bir az sərtdi, amma həqiqətdi. İkincisi, dövlətlə vətəndaş münasibətləri olur, dövlət-dindar, dövlət-ateist, dövlət-sağçı, dövlət-mühafizəkar deyə münasibətlər sistemi yoxdu. Yaratdığı dövlətin, səs verib qəbul etdiyi Konstitusiyada təsbit olunmuş dövlət quruluşunun tələblərinə əməl etmək vətəndaşın boyun borcudur. Bir kərə məsələni “Azərbaycanda hicaba problem yaradırlar” formasında gündəmə gətirmək çox yanlışdı. Bu ölkədə necə geyinəcəyinə, necə yaşayacağına qərar vermək yaşında olan heç kimsənin hicab taxmasına, əmmamə qoymasına etiraz edilmir. Universitet tələbəsi, dövlət qurumunun çalışanı, özəl və sivil quruluşlarda hər kəs istədiyi geyim formasında görünə bilir. Təhsil naziri hörmətli Misir Mərdanov yalnız orta məktəb şagirdlərinin hicabda dərsə girmələrinin doğru olmadığını söyləyib və düz eləyib! Təhsil naziri tam doğru deyir! Azərbaycanın “Təhsil haqqında qanun”u var və o qanunun 14.10-cu maddəsində açıq-aydın yazılıb: “Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində təhsil alanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir”. Vəssalam! Əslində bu qanunla istər orta, istərsə də ali məktəbin müəyyənləşdirdiyi geyim formasında hicab yoxdursa, ora belə geyimdə daxil olmaq olmaz. Azərbaycan dünyəvi dövlət qanunları ilə idarə olunur, şəriət qaydaları ilə yox! Bu, məsələnin tam qanuni və təhsil nazirinin haqlı olaraq istinad etdiyi məqamdır. İndi problemə dindarların istinad etdiyi demokratiya, insan haqları prizmasından yanaşaq. Heç kim, amma heç kim məni inandıra bilməz ki, 2-3-cü sinif şagirdi, lap elə 9-10-cu sinifdə təhsil alan qızcığaz öz arzusu ilə başını bağlayır. Mümkün deyil, çünki o yaşdakı uşaq hicabın fəlsəfəsini, mahiyyətini belə anlamır. Və İslam mahiyyətini dərk etmədiyin, əməllərin icrasını inkar edir! Eyni zamanda burda artıq təhsilin problemi dövrəyə girir. Əgər indi hicab qadağasının əleyhinə olanları doğrudan da Azərbaycanın gələcək nəslinin İslam fəlsəfəsini, dinin mahiyyətini öyrənməsi maraqlandırırsa, onda yanaşma başqa cür olmalı idi. Onda bu adamlar dünyəvi təhsil çərçivəsində övladlarına İslamı, onun fəlsəfəsini, İslam əxlaqı və yaşam tərzinin öyrədilməsini tələb etməliydilər. Qoy, orta məktəb şagirdi oxusun, öyrənsin, mahiyyətini və fəlsəfəsini biləndən sonra özü barədə qərar vermək yaşında bu fəlsəfə ilə yaşayıb-yaşamayacağına da özü qərar versin. İslam da, demokratiya da, insan haqları da bundan yanadı. Yox, əgər kimsə illah da övladının dini təhsil almasını, başıörtülü böyüməsini istəyirsə, onda mədrəsələrə müraciət eləməyinə heç bir qadağa yoxdur. Mədrəsələr azlıq təşkil edirsə, qoy, bu cür təhsil müəssisələrinin sayını artırmaqla bağlı təkliflər versinlər, sağlam bir İslam Araşdırma Mərkəzi yaratsınlar. Yox axı, bu adamları kimin harda təhsil alması, Azərbaycanda sağlam dini təhsilin və İslam nəzəriyyəsinin olması maraqlandırmır. Bu edilənlər Azərbaycan dövlətinin təməl prinsiplərini sarsıtmaq, dünyəvi təhsilə zərbə vurmaq üçündür. Dərd İslam dərdi, təhsil dərdi, dindar hüququ qorumaq deyil! Məsələnin ən acınacaqlı yanı isə dünyəvi dövlət tərəfdarlarının susmasıdır. Qanunu qəbul edən deputat da, Azərbaycanın qərbə inteqrasiyasının tərəfdarı olan müxalifət də, bu ölkənin sağlam imici üçün mücadilə etdiyini deyən yazar da, ziyalı da susur. Meydan 500-600 nəfərlik hicab tərəfdarına qalıb. Onlar danışırlar, piket eləyirlər, qarşılarını boş görüncə radikallaşırlar, ismarıclar göndərirlər. Qarşı tərəf isə susur, bir danışan Misir Mərdanovdu! ...Bu dəfə lütfən susmayaq! Biz susanların aqibətini gördük!
Vüsalə MAHİRQIZI


Bu yazı ( 357 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar