12px14px16px18px

Macar rejissoru Gənc Tamaşaçılar Teatrında ustad dərsi keçib

11:37 / 12.05.2012
Beynəlxalq teatr əlaqələrinin yaradılması və genişləndirilməsinə böyük əhəmiyyət verən, maraqlı səhnə əsərləri və teatr layihələri ilə çıxış edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, teatrın növbəti əcnəbi qonağı Macarıstanın təcrübəli teatr rejissoru, Alternativ və Müstəqil Teatr Assosiasiyasının prezidenti Hudi Laszlo olub. Hudi Laszlo teatrın aktyor və rejissor heyətinə master klass keçib. Direktor, Əməkdar artist Mübariz Həmidov qonağa Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, onun tarixi, həyata keçirdiyi repertuar siyasəti, ölkə prezidentinin Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət proqramının əhəmiyyəti və ölkədə fəaliyyət göstərən dövlət teatrlarının dünya teatr məkanına inteqrasiyası haqqında ətraflı məlumat verib.
Teatrın quruluşçu rejissoru Nicat Kazımovun səhnə tərtibatı və quruluş verdiyi, rumın şairi və dramaturqu Mate Vişneçin "Qoca kloun tələb olunur" tamaşasının məşqlərində iştirak edən Hudi Laszlo səhnə əsəri haqqında mülahizələrini dilə gətirib.
Ölkəmiz haqqında fikirlərini bölüşən qonağın sözlərinə görə, Bakıda ilk dəfə olmasına baxmayaraq insanların isti münasibəti onda xoş təəssüratlar yaradıb. Səhnə əsərinə gəlincə isə Hudi Laszlo qısa zaman kəsiyində hazırlanan tamaşanın peşəkar kollektivin uğuru kimi qiymətləndirib.
Alternativ və Müstəqil Teatr Assosiasiyasının prezidentinin paytaxt və bölgə teatrlarının məşqlərində iştirakı nəzərdə tutulur. Bundan başqa, Hudi Laszlo Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan tələbələr üçün də treninqlər keçəcək. O, bilgi və təcrübəsini gənc həmkarları ilə bölüşəcək.
HÜSNİYYƏ






Bu yazı ( 137 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar