12px14px16px18px

Musa Yaqub – tanıdığım kimi...

01:03 / 09.05.2012
Şair olsa da, fəaliyyətinə müəllimliklə başlayıb, yaradıcı mühitdə bəzi sahələrə rəhbərlik etdiyi vaxtlar da olub. Partiya-sovet dövründə plenum üzvü və rayon qəzetinin baş redaktoru kimi həmişə rəyasət heyətində oturub. Hətta orada da şeir yazmağı unutmayıb. Ancaq harada olmasından və oturmasından, hansı vəzifə aparmasından asılı olmayaraq hər zaman vətəndaş olub, vətəninə, dövlətinə və qələminə sədaqətlə xidmət edib... Söhbət bu günlərdə 75 illiyini qeyd edəcəyimiz görkəmli şair, Söz Azadlığını Müdafiə Fondunun (SAMF) sədri Musa Yaqubdan getdiyini, yəqin ki, hiss etdiniz... Mənim Musa müəllimin şair kimi yaradıcılığına nə qiymət verməyə gücüm, nə sözüm, nə də qüdrətim çatar. Odur ki, belə məsuliyyətin altına girmək fikrim yoxdur. Mən yalnız şəxsiyyət kimi görünməyən tərəflərini və ya mənim üçün nəzərə çarpan maraqlı məqamlara toxunmaq istərdim bu yazıyla. Şairin al qırmızı çöhrəsində bu yazının heç olmasa təbəssüm yarada biləcəyimə inanıram. On ilə yaxın bir müddətdə tanısam da, üç ildir çiyin-çiyinə çalışırıq Musa müəllimlə. Həmişə mülayimliyilə seçilsə də, heç nəyin və heç bir fikrin belə gözündən yayınmadığını hiss etmişəm. Yaddaş sarıdan maşallah olsun yaxşıdır. İllər əvvəl baş vermiş hadisəni nöqtəsinə, vergülünə kimi danışa bilər... Xarakterlərindəki , bəzən bizə çatmayan, qəribəliklər bütün yaradıcı adamlara xasdır. Bu məqam Musa müəllimdən də yan keçməyb... 2005-ci ilin yanvarında SAMF-la AVCİYA birlikdə BMM-in köhnə binasında 20 Yanvar hadisələrinə hüquqi qiymət verilməsinə həsr olunmuş tədbir keçirir. Məclisi də mərhum jurnalist Məmməd Nazimoğlu aparır. O da bir dərya idi, aramızdan çox tez getdi (Allah ona rəhmət eləsin)... Məclis başlayıb. Amma şair ləngiyib. Tədbiri məcbur olub şairsiz başlamalı olurlar. 10 dəqiqə keçir, səs-soraq yoxdu şairdən. Nəhayət 20-ci dəqiqə tamam olmamış Musa müəllim özünü yetirir. Elə pilləkənlərdəcə “ay bala, burda söhbət nədən gedir, bu camaatı niyə yığmısınız?” deyə üzünü mənə tutub soruşur. Mən də özüməməxsus şəkildə dayanmadan şairə məsələni qısa şəkildə anlatdım və qapını açıb məclisin baş tərəfində ona yerinin saxlandığını dedim. Məclisə elə bil yeni bir nəfəs gəldi... Şair yerində toxtamamış məclisdə söz alan AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov sözü SAMF-ın sədrinə verdi. Bir anlıq şair susdu. Altmış nəfərlik zal gözünü şairə dikib, kameralar da şairə tuşlanıb. Belə məqamda özünü itirməyən şairə elə bil ikinci nəfəs verildi. Düz iyirmi beş dəqiqə Qara Yanvar faciəsindən, onun törətdiyi fəsadlardan, hüquqi müstəvidə baxılmasından, hətta ədəbi mühitdə bu mövzu ilə əlaqəli əsərlərin azlığından gileyləndi. Axırda özünün çox möhtəşəm bir şeirindən bir parça da səsləndirdi. Məclis yekunlaşır və mən də səki xoş ovqat yaratmaq üçün yaxınlaşıram şairə deyim ki, həqiqətən möhtəşəm çıxış alındı. Ancaq şair nə deyəcəyimi hiss etdiyindən astaca: “Vüqar, sən orda oturan Musaya təşəkkür et, mən indi o deyiləm...” Belə oxşar hadisələr çox olub. Hamımız fikirləşmişik ki, saat yarımlıq tədbiri aparmağa şairin gücü çatacaqmı, səhhəti imkan verəcəkmi... Amma düşündüyümüzün əksinə olub. Səhnəyə çıxanda və ya əlində badə sağlıq deyəndə belə demək olar ki, dediyi sözlər bədahətən gəlib... Musa müəllim mülayimliyi ilə seçilsə də, demək olar, ədəbi mühitdə intriqalardan uzaq olsa da, onun xarakterinə xas bir neçə cəhət həmişə şairi digərlərindən fərqləndirib. Birincisi, sifarişli şeir yaza bilmir. Deyim ki, bu faktın dəfələrlə şahidi olmuşam. Özünün dediyi kimi “yazı prosesi ürəyimdə gedir.” “Ürəyimin qəbul etmədiyini yazıya köçürə bilmirəm, – deyir şair, – lap belə milyon manat versələr də”. İkincisi, əyilməz adamdı Musa müəllim. Öz mənliyini nəyəsə satan deyil. Üçüncüsü, dostları az olsa da, amma sədaqətlidir onlara qarşı. İndiyə kimi hər hansı dostunu itirmədiyini deyir Musa müəllim. .. Dördüncüsü, Musa müəllimin əvəzsiz yol yoldaşlığı var. Onunla beş saat yol gedərsən, hiss etməzsən. O qədər duzlu-məzəli əhvalatlar danışacaq ki, məcbursan maşını saxlayıb ancaq güləsən. Bu əhvalatlardan həqiqətən bir kitab yazmaq olar. Xurşudbanu Natəvanla Seyid Əzim Şirvaninin deyişmələri, Qubernatorun Şamaxıya səfəri, şair Qabilin motosikletdə Buynuza gəlişi, şairin o vaxt İsmayıllıda prokuror işləyən mərhum İsmət Qayıbovla yazışmaları, Qəşəm Aslanovla olan söhbətlər isə ayrı bir aləmdir... Şamaxıya səfərlərin birində böyük bir qəbahət edib özünə deməmiş Musa müəllimlə söhbətləri diktafona yazası oldum. Artıq üstündən üç il keçib, indi etiraf edirəm ki, həqiqətən qəbahət etmişəm. Bəlkə də etməməliydim. Yəqin zaman özü məqamında bu addımımın düz olması barədə qərar verəcək... Bu günlərdə altı saatlıq səs yazısını bir də dinləməli oldum. Bir kitablıq material var yazılarda. Allah mənə möhlət versə, dinlədiklərimi, növbəti ad gününə kimi yəqin maraqlı kitab halına salacağam. SAMF kollektinin əməyi və AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun maddi və mənəvi dəstəyi ilə şairin 75 illik yubileyilə əlaqədar “Dövrün dəyirmanı” kitabı işıq üzü gördü. Vətəndaş cəmiyyətinin xalqın şairinə verdiyi kiçik bir töhfədir bu. Şair isə qiymətini zamanında alır. Musa Yaqub da bu qiyməti xalqından artıq alıb... Baxmayaraq ki, Musa müəllim rəhmətlik anasına istinadən “Düyü döyülən vaxtı” dünyaya gəldiyini israrla deyir, amma rəsmən 10 may tarixi onun şəxsiyyət vəsiqəsində qeyd olunub. Demək elə rəsmən də şairin yubileyi düyü döyülən vaxtı yox, məhz indi, may günlərində – qanın-qaynayan vaxtında, gülün- çiçəyin daha təravətli olduğu bir vaxtda qeyd edilməlidir. Odur ki, biz də Sizi indi təbrik edirik, Musa müəllim!
Dərin hörmət və ehtiram hissilə Vüqar TOFİQLİ Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru


Bu yazı ( 164 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar