12px14px16px18px

Görkəmli ədəbiyyatşünas Bəxtiyar Məmmədzadənin 65 illiyi qeyd olunub

YAZIÇILAR BİRLİYİNDƏ TƏŞKİL EDİLƏN TƏDBİRDƏ UNUDULMAZ ALİMƏ HƏSR OLUNMUŞ “XATİRƏLƏRDƏ YAŞAYAN BƏXTİYAR” KİTABININ TƏQDİMATI KEÇİRİLİB

12:48 / 05.05.2012
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda mərhum alim, görkəmli ədəbiyyatşünas Bəxtiyar Məmmədzadənin 65 illik yubileyilə bağlı tədbir təşkil olunub. Qeyd edək ki, unudulmaz insan və dəyərli alim, klassik ədəbiyyatımızın misilsiz bilicisi Bəxtiyar Məmmədzadə 2010-cu ilin fevralında 63 yaşında dünyadan köçüb.
Yubiley tədbirində filoloq, şairə Sona Xəyalın tərtib etdiyi, B.Məmmədzadə ilə bağlı “Xatirələrdə yaşayan Bəxtiyar” adlı kitab tədbir iştirakçılarına təqdim olunub. Kitabda Bəxtiyar Məmmədzadənin iş yoldaşları, tələbələri dostları və ailə üzvlərinin onun haqqında qələmə aldıqları xatirələr toplanıb.
Tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu açaraq, Bəxtiyar Məmmədzadə ilə bağlı xatirələrini bölüşüb: “Bəxtiyar Məmmədzadə mənim həm hər zaman hörmət etdiyim, şəxsiyyətinə, insanlığına böyük rəğbət bəslədiyim bir insan idi, həm də çox sevdiyim müəllimlərimdən biri idi. O baxımdan bu tədbir mənim üçün qeyri-adi bir tədbirdir. Bəxtiyar müəllim haqqında mənim yaddaşımda ancaq xoş xatirələr qalıb. O, pak, halal şəxsiyyət olmaqla bərabər, həm də umacaqsız bir insan idi. Bəxtiyar Məmmədzadə öz peşəsinə vurğun bir pedaqoq, ədəbiyyatı dərindən bilən, xüsusilə də klassik ədəbiyyatı mükəmməl bilən bir ədəbiyyatşünas idi . Bəxtiyar Məmmədzadə mənim yaddaşımda öz daxili aləminə sədaqətini qoruyub saxlayan bir insan kimi qalıb. Dərd Bəxtiyar axtarıb tapmırdı, onun özü dərdə sarı gedirdi. Çünki dərdsiz olmaq üçün başqa adam olmaq lazım idi. Bəxtiyar müəllim isə başqa adam olmağı bacarmırdı və istəmirdi”.
Tədbiri idarə etmək üçün söz verilən Sona Xəyal Bəxtiyar Məmmədzadənin bütün tələbələri üçün sevimli müəllim, dərin biliyi, intellektual düşüncəsi, dolğun nitqi və bütün insani dəyərləri ilə parlaq şəxsiyyət olduğunu vurğulayıb, onu Azərbaycan elminin, ədəbiyyatının fədakar tədqiqatçısı adlandırıb.
Professor Cəlil Nağıyev mərhum həmkarı barədə düşüncələrini paylaşıb: “Bəxtiyar qeyri-adi bir insan idi. O ilk növbədə öz fitri istedadı, dərin biliyi, gözəl alimliyi, böyük müəllimliyi və ən nəhayət, insanlığı ilə seçilirdi. Bütün bu keyfiyyətlər də, mənə elə gəlir ki, Bəxtiyarın işıqlı, nurlu portreti qarşısında çox sönükdür. Onun əsl portretini görmək üçün qızılı rəngə çalan qıvrım saçları, əlindən düşməyən siqareti, ifadəli sifəti və mənalı gözlərini görməklə yanaşı, çoxlarına, hətta yaxın dostlarına belə tam məlum olmayan daxili-mənəvi dünyasına baş vurmaq lazım idi”. C. Nağıyev çıxışının sonuda Bəxtiyar Məmmədzadə haqqında belə nəfis bir kitab tərtib etdiyi üçün Sona Xəyala öz minnətdarlığını bildirib, qeyd edib ki, bu kitab alimin xatirəsinə layiqli bir töhfədir. Tədbirdə çıxış edən dosent Elxan Əziz unudulmaz dostu Bəxtiyar Məmmədzadə ilə bağlı xatirələrini dilə gətirib, onun dostcanlı, dostluqda sədaqətli insan olduğunu deyib. Güclü yaddaşa malik Bəxtiyar Məmmədzadənin eyni zamanda böyük zəkası, elmi təfəkkürü və geniş dünyagörüşü ilə fərqləndiyini vurğulayıb: “Bəxtiyar elmi əsərlərini özünəməxsus bir şəkildə yazırdı. Onun Nəcəf bəy Vəzirovun komediyaları və Seyid Əzim Şirvaninin sənətkarlığı ilə bağlı tədqiqat işləri Azərbaycan ədəbiyyatşünaslığında yeni söz sayıla bilər”. Şeirimizdə əruz vəzninə B.Məmədzadənin xüsusi marağı olduğunu deyən E. Əzizov onun Azərbaycanda bu sahə üzrə Əkrəm Cəfərin və Əli Fəhminin ən layiqli davamçısı sayıldığını bildirib. Şərqşünas Tofiq Cahangirov Bəxtiyar Məmmədzadə ilə ilk dəfə ötən əsrin 80-ci illərində tanış olduğunu, onun Azərbaycan dili və ədəbiyyatını, əruz vəznini yaxşı bilən bir mütəxəssis kimi seçildiyini deyib.
Tədbirdə Bəxtiyar Məmmədzadənin tələbələri və müəllim yoldaşları unudulmaz alim haqqında xatirələrini paylaşıb, onun yüksək insani keyfiyyətlərindən bəhs ediblər.
GÜNEL




Bu yazı ( 191 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar