12px14px16px18px

Yaxşılığın, ucalığın əbədi ünvanı

11:29 / 27.04.2012
Mərhum yazıçımız İsi Məlikzadəni mayın 1-də tamam olacaq 78 illiyi ərəfəsində ehtiramla anırıq

İnsan çox fikirləşir. Elə hey, özü-özündən soruşur: “Görəsən, yaxşı adamlar nə üçün həyatda az yaşayır, bir çoxları öz istək və arzularına çatmadan həyatdan vaxtsız gedirlər?!” Bəs, yaxşı adamları necə tanımaq olar, onları başqalarından fərqləndirən cəhətlər nədən ibarətdir? Belə qənaətə gəlmək olar ki, hər şeydən əvvəl, yaxşı adamlar öz əməllərinə görə fərqlənirlər. Bu o deməkdir ki, yaxşı adamları doğma xalqına, ana vətəninə və müqəddəs torpağına olan sonsuz məhəbbətinə, yaradıcılıq qabiliyyətinə – elmə, mədəniyyətə, incəsənətə, ədəbiyyata, təhsil və tərbiyənin başqa sahələrində qazandığı uğurlarına görə daha yaxşı tanımaq olar. Bəs, yaxşı adamların həyatdan vaxtsız getmələrinə səbəb nədir? Bəlkə, onların dünyada baş verən siyasi və iqtisadi çətinliklərə, sosializmdən kapitalizmə keçid dövrünün törətdiyi sarsıntılara dözə bilməmələridir? Ola bilsin ki, bəziləri rast gəldikləri əsassız təqib, təhqir və böhtanlardan təngə gəlirlər. İnkaredilməz bir həqiqət də vardır ki, erməni işğalçılarının öz xarici havadarlarının köməyi ilə vətənimizə basqın etməsi, torpaqlarımızın 20 faizini işğal etməsi, milyondan artıq soydaşlarımızın öz doğma yurdlarından didərgin düşməsi, minlərlə qeyrətli oğulların döyüşlərdə şəhid olması, qaçqın və məcburi köçkünlərin keçirdikləri ağır həyat şəraiti, 20 ildən çox davam edən müharibə şəraiti adamların ömrünü azaldır. Bütün bunlarla yanaşı, adamı düşündürən sualın həqiqi cavabını düzgün tapmaq olmur. Lakin belə bir həqiqət də vardır ki, yaranan hər bir insan gec-tez bir gün həyatdan axirət dünyasına köçməlidir. Xoşbəxt o insandır ki, özü həyatdan vaxtsız köçsə də, onun adı qədirbilən insanların qəlbində daim yaşayır. Mənim yaxşı tanıdığım, yazmaq və yaratmaq eşqi ilə yaşayan qeyrətli vətən oğullarından biri də həmyerlimiz, istedadlı yazıçı İsi Məlikzadə idi. İsi də yaradıcılığının parlaq çağında həyatdan vaxtsız getdi. İstək və arzularına tam çata bilmədi. O, indi sağ olsa idi, bir neçə gündən sonra – mayın 1-də 78 illiyini keçirər, dost və doğmalarını başına yığıb, onları yeni əsərləri ilə tanış edərdi. İsi Abbas oğlu Məlikzadə 1934-cü il may ayının 1-də Ağcabədi rayonunda sənətkar ailəsində anadan olmuş, orta təhsilini Ağcabədidə Xəlfərəddin kənd orta məktəbində, ali təhsilini indiki Azərbaycan Neft Akademiyasında almışdır. Əmək fəaliyyətinə neft mədənlərində operator kimi başlamış, 10 il neft-qaz mədən idarələrində mühəndis işləyə-işləyə ədəbi yaradıcılıqla da məşğul olmuşdur. İsi Məlikzadə orta məktəbdə oxuyarkən məktəbdə təşkil edilmiş dram dərnəklərində fəal iştirak edərkən bir çox dram əsərlərində obrazlar ifa etmiş, bədii yaradıcılıq gecələrində şeirlər söyləmişdi. Onun ədəbiyyata böyük marağı olmuşdur. İsi Məlikzadə 1960-cı ilin əvvələrindən taleyini yeniyetmə dövründən həsrətini çəkdiyi ədəbiyyata bağlamışdı. Onun ilk kitabı “Həsrətin sonu” 1964-cu ildə nəşr olunmuşdu. Sonrakı illərdə “Özgə anası” “Kövrək qanadlar”, “Küçələrə su səpmişəm”, “Yaşıl gecə”, “Günəşli payız”, “Dədə palıd”, “Gümüşgöl əfsanəsi”, “Şehli çəmənlərin işığı”, “Dolaşaların novruz bayramı” və sair kitabları nəşr olunmuşdu. İsi Məlikzadənin bir sıra əsərləri rus və bir çox xarici ölkə xalqlarının dillərinə tərcümə olunaraq oxuculara çatdırılmışdır. İsi Məlikzadənin ssenariləri əsasında bir çox bədi filimlər: “Evin kişisi”, “Gümüşgöl əfsanəsi”, “Kişi sözü”, “Pəncərə” və s filimlər çəkilmiş, pyesləri Azərbaycan teatrlarının səhnələrində tamaşaya qoyulmuşdur. Onun “Evin kişisi”, “Dədə palıd”, “Yeddi ocaq”, “Günəş harda gecələyir”, “Çəhrayı dəftər”, “İki günün qonağı” və şair əsərləri orta yaş nəslinin yüzlərlə oxucusunun masaüstü kitabına çevrilmiş və bu gün də həvəslə oxunur. İsi Məlikzadənin komediyaları tamaşaçılar tərəfindən maraqla qarşılanır. Təsadüfi deyildir ki, “Gəl qohum olaq” komediyası və “Qatarda” televiziya tamaşasını dəfələrlə seyr etmiş insanlar bu tamaşaları yenidən seyr etməkdən zövq alırlar. İsi Məlikzadə harada işləməsindən asılı olmayaraq həmişə öz işinə böyük məsuliyyət hissi ilə yanaşardı. “Ulduz”, “Azərbaycan”, “Mozalan” jurnallarında şöbə müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor olan dövrdə də belə işləmişdir. İsi Məlikzadə Azərbaycan Yazıçılar Birliyinin fəal üzvlərindən biri idi. Sözün həqiqi mənasında müasir Azərbaycan ədəbiyyatının inkişafında və təbliğatında onun misilsiz xidmətləri olmuşdur. Amansız ölüm qüdrətli qələm sahibi, atasının yeganə oğul varisi, yeddi bacının bircə qardaşını həyatdan çox tez apardı. İsi Məlikzadə 1995-ci ilin 5 dekabrında 61 yaşında vəfat etdi və öz ata-baba yurdunda Ağcabədidə dəfn edildi. Onun məzarı üstündə bacarıqlı heykəltaraş tərəfindən hazırlanmış başdaşının arxa hissəsində qollu-budaqlı nəhəng bir palıd ağacının cəlbedici görkəmi təsvir edilmişdir. Bu, İsi Məlikzadənin ilhamla qələmə aldığı “Dədə palıd” povestini daha çox sevdiyini və həmişə onunla birlikdə olmaq arzusunu ifadə edir. Ağcabədi şəhərində boya-başa çatdığı küçəyə yazıçı-dramaturq İsi Məlikzadənin adı verilmişdir. İndi hər gün bu küçədən keçən yüzlərlə insan onu həsrətlə yad edir və ruhuna dualar oxuyurlar. Müasir gənclərin İsi Məlikzadəni yaxından tanımaları üçün onun kitablarının latın əlifbası ilə yenidən nəşri çox vacib bir məsələdir. Eyni zamanda onun doğulub boya-başa çatdığı Ağcabədi şəhərindəki evi İsi Məlikzadənin adını daşımaqla ev muzeyinin bərpası üçün aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqda hər bir Azərbaycan vətəndaşının yekdil olması çox möhtəşəm olardı. Aylar-illər gəlib keçəcək və respublikamızda yüzlərlə yeni yaradıcı gənclər meydana çıxacaq. Lakin İsi Məlikzadənin parlaq xatirəsi onu yaxından tanıyanların, yaradıcılığına dərindən bələd olanların yadından çıxmayacaq və onların qəlbində daimi yaşayacaqdır. Allah ona rəhmət eləsin, ruhu şad olsun! Mahir AĞAYEV Ağcabədi 


Bu yazı ( 88 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar