12px14px16px18px

Rəşid Behbudov adına 2 saylı musiqi məktəbinin 80 yaşı qeyd edilib

10:57 / 20.04.2012
Dünən Bakıdakı Rəşid Behbudov adına 2 saylı onbirillik musiqi məktəbinin 80 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda musiqi təhsilinin inkişafında mühüm işlər görən qocaman sənət ocağı Rəşid Behbudov adına 2 saylı uşaq musiqi məktəbinin bu il 80 yaşı tamam olur: “Bu münasibətlə məktəbin bütün yaradıcı heyətini təbrik edirəm. İnanıram ki, məktəb gələcəkdə böyük uğurlara imza atacaq. Çünki “Eurovision” mahnı müsabiqəsinə birincilik qazandıran Eldar Qasımovun bu təhsil ocağını bitirməsi buna bariz nümunədir”. Musiqi məktəbinin direktoru əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva isə bildirib ki, 80 il ərzində 2 saylı musiqi məktəbi bir çox musiqiçilər yetişdirib. Azərbaycanın Xalq artistləri – pianoçu Z.Adıgözəlzadə, bəstəkar M.Mirzəyev, əməkdar artistlər – kamança ifaçısı E.Əhmədov, tarzən A.Gəray, xanəndə F.Qasımova və başqaları bu məktəbin yetirmələridir. Son illərdə bu siyahıya gənc istedadların adları da əlavə olunub. Belə ki, Beynəlxalq müsabiqənin qalibi skripkaçı Ü.Abbasova, “Evrovision” mahnı müsabiqəsinin qaliblərindən biri Eldar Qasımov, müsabiqə təmsilçilərimiz Aysel Teymurzadə və Səfurə Əlizadə bu sıradadır. Hazırda məktəbdə 88 müəllim çalışır və 380-ə yaxın şagird təhsil alır. Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov da tədbirdə çıxış edib. Konsertdə məktəbin xalq çalğı alətləri orkestri, birləşmiş xor kollektivi, skripkaçılar ansamblı və şagirdlərin ifasında, Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa edilib.  


Bu yazı ( 71 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar