12px14px16px18px

Timuçin Əfəndiyev Böyük Britaniyanın Suffolk İncəsənət və Humanitar Universitetinin nümayəndə heyətini qəbul edib

01:41 / 19.04.2012
Qəbul zamanı Böyük Britaniyanın İpsviç şəhərində yerləşən təhsil ocağının rəhbəri xanım Krissi Harrinqton 2007-ci ildə yaradılan bu təhsil müəssisəsi haqqında ətraflı məlumat verdi. Xanım Krissi Harrinqton İngiltərədə və Avropanın bir çox ölkələrində baletmeyster sənətinin ən görkəmli nümayəndələrindən biri sayılır. O, bildirdi ki, 90 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əldə etdiyi nailiyyətlərlə yaxından tanışdır və bu universitetlə tədris və yaradıcılıq əlaqələri qurulmasını arzu edir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev universitet haqqında geniş məlumat verdikdən sonra xanım Krissi Harrinqtona bildirdi ki, universitetin 25-dən artıq xarici ölkə ilə əməkdaşlıq haqqında müqavilələri mövcuddur. ADMİU həmçinin Böyük Britaniyanın nüfuzlu təhsil ocaqlarından sayılan London Beynəlxalq İncəsənət Məktəbi və Velverhapton İdman, İncəsənət və Asudə vaxt Univesiteti ilə sıx əlaqələrə malikdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti böyük məmnuniyyətlə Suffolk İncəsənət və Humanitar Universiteti ilə də əlaqələr qurmağa hazırdır.
Görüş zamanı hər iki təhsil ocağı arasında tələbə mübadiləsi və birgə elmi-praktik konfransların keçirilməsi haqqında razılıq əldə olundu. Qərara alındı ki, cari il oktyabrın 15-də Böyük Britaniyada hər iki universitet arasında yaradıcılıq və təhsil sahəsində rəsmi protokol imzalansın.
Daha sonra xanım Krissi Harrinqton ADMİU-nun yaradıcılıq laboratoriyaları, universitet muzeyi ilə tanış oldu və muzeyin xatirə kitabına öz ürək sözlərini yazdı. Xanım Krissi Harrinqtonu İpsviç şəhərinin meriyasında çalışan həmyerlimiz Bilqeyis Məmmədova müşaiyət edirdi.
İntiqam



Bu yazı ( 106 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar