12px14px16px18px

Şabranda sözün və kitabın təntənəsi

00:51 / 17.04.2012
2300 illik qədim tarixə malik Şabranda sözün mərtəbəsi həmişə uca tutulub. Klassik ədəbiyyatımızın bir çox nadir inciləri elə tarixlər şahidi Şabran torpağında yaranıb.
XII əsr klassik Azərbaycan poeziyasının banilərindən olan ulu Xaqaninin misralarından boylanır qədim Şabran:

Mən məna yaradan tutiyəm, əfsus
Şabran qalasında olmuşam məhbus...

Şirvanı “ana” bilib özünə “ata” hesab etdiyi Təbrizdə ömrünü tamamlayan böyük Xaqani Şirvaninin ömrünün məşəqqətli yeddi ayı bu qədim torpaqda keçib. Şirvanşahlara xəyanətdə ittiham edilən Xaqani hökmdarın əmri ilə Şabran yeddi ay həbsdə yatmış, öz məşhur “Həbsiyyə”sini buradakı zindanda yazmışdır. Maraqlıdır ki, poeziyamızda ilk zindan şeirləri də elə Şabran torpağında yaranıb. Xaqaninin özünə müəllim hesab etdiyi Fələki Şirvani də ondan bir qədər əvvəl Şabranda dustaq olmuş, burada yazdığı şeirləri “Həbsiyyə” adlandırmışdı.
Son beş ildə Şabranın sosial-iqtisadi inkişafı kimi, mədəni quruculuğunda da böyük tərəqqi var. Təsadüfi deyil ki, ötən il Şabran Azərbaycanın “Əfsanələr paytaxtı” elan edilmişdi. Şabranda maraqlı memarlıq üslubunda tikilmiş “Poeziya evi” yaxın vaxtlarda sənətsevərlərin istifadəsinə veriləcək. “Poeziya evi”nin qonşuluğunda Xaqaninin əzəmətli abidəsi ucaldılıb. “Poeziya evi”ndə oxunacaq əsərlərin bir dinləyicisi də ulu şairin özü olacaq və yəqin ki, ruhu da sevinəcək: söz yaşayır və yaşayacaq...
Dahi rus mütəfəkkiri Maksim Qorki kitab haqqında belə demişdi: “Kitabları sevin, çünki o sizə insanları sevməyi öyrədəcəkdir, sizə fikirlərinizi aydınlaşdırmaqda yardımçı olacaqdır”. Doğrudan da, bu kəlamda böyük bir məna gizlənir. Bu mənanı isə yalnız kitabı sevən, ona bütün qəlbiylə bağlı olan insanlar görə bilər.
Kitablar keçmişi aydınlatan, yaşadığımız günlərə anlam qazandıran, gələcəyimizə ayna tutandır. Qədim dövrlərdən şəhərlər belə bir çox hallarda öz kitabxanalarıyla şöhrət tapıblar, çünki kitab o dövrlərdə çox böyük əziyyətlə ərsəyə gəlir və baha qiymətə olurdu. Məhz buna görə də orta əsr kitabxanalarında kitabları çox vaxt yazı masasına zəncirləyirdilər.
Gənclərini kitabla bəsləməyən millətin sonu acıdır.
Dünyanın bir çox qədim şəhərləri kimi 2300 illik tarixə malik olan doğma Şabranımız da özünün ikinci yüksəlişindən sonra öz tarixi ənənələrini yenidən inkişaf etdirməyə başlamışdır. Bu ənənələrdən biri də kitaba olan sevgidir. Dahilərdən birinin belə bir kəlamı var: “Allahım, mənə kitab dolu bir ev, çiçək dolu bir bağça ver.”
Bölgələrimizdə fəaliyyət göstərən az saylı kitab evlərindən biri də Şabrandadır.
Ölkə miqyasında mədəniyyətin inkişafına xüsusi diqqət yetirən dövlət başçısı cənab İlham Əliyevin bu siyasətini rayonda uğurla davam etdirən Şabran rayon icra hakimiyyətinin başçısı Novruz Novruzovun bu sahədə fəaliyyətini ədalət naminə buradaca xüsusi vurğulamaq yerinə düşər.
Bu kitab evində bölgələrimizdə ilk dəfə məhz Şabranda gözəl bir ənənənin əsası qoyulub: yeni kitabların imza gününün keçirilməsi!
Ötən şənbə kitab evində Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin iştirakı ilə gənc yazarlar Pərvinin “Qar yağacaq” və Zərdüşt Şəfinin “Başqa adamlar” kitablarının imza günü keçirildi. Tədbiri giriş sözü ilə açan rayon Təhsil şöbəsinin müdiri Emin Mövsümov qeyd etdi ki, bizim doğma Şabrandakı bu gözəl ənənə respublikamızın digər bölgələrində də davam etdirilir və əlbəttə, bu gün ilk təşəbbüskar kimi fəxr etməyə haqqımız var. Maariflənməyə xidmət edən belə görüşlər, əlbəttə ki, kitab oxuyanların sayının artmasına gətirib çıxarır.
Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov ulu öndər Heydər Əliyevin xalqımızın mənəvi dəyərlərinin inkişaf etdirilməsinə xüsusi diqqət göstərdiyini, bu siyasətin bu gün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyərək, ümummilli liderimizin müdrik kəlamını tədbir iştirakçılarına xatırlatdı: “Milli özünü dərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir.”
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid gənc müəllifləri oxuculara təqdim etdi.
Respublikanın əməkdar müəllimi Dilarə Məmmədova, “Tərəqqi” medallı müəllim Kəmalə Hüseynova, Məlahət Ağayeva, Aydın Tağıyev, Bayram Novruz Pərvin və Zərdüşt Şəfinin kitabları haqqında öz təəssüratlarını söylədilər.
Sonra Pərvin və Zərdüşt imzalı kitablarını oxucularına təqdim etdilər.
Aydın TAĞIYEV





Bu yazı ( 133 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar