12px14px16px18px

Parisdə “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” nümayiş etdirilir

03:48 / 14.04.2012

Parisdə Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” mövzusunda sərginin açılışı olub.
APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, mərasimdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva, o cümlədən Fransanın mədəniyyət və kommunikasiyalar naziri Fredirik Mitteran mərasimdə iştirak ediblər.
“Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi Londondan sonra bu dəfə Parisdə açılıb. Fransa paytaxtının mərkəzi küçələrində sərgi haqqında reklam lövhələri də vurulub.
Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti olan sərgi Parisin məşhur “Salomon de Rotşild” malikanəsində açılıb.
Sərgi Leyla Əliyevanın təşəbbüsü ilə keçirilib. Leyla Əliyeva mərasimdə çıxış edərək bildirib ki, sərgidə nümayiş olunan əsərlərdəki dinamizm və yaradıcılıq ruhu bu gün Azərbaycanda baş verənlərin böyük bir hissəsini əks etdirir: “Mənim ölkəm misli görünməmiş inkişaf dövrü yaşayır və bu, özünü müasir incəsənət sahəsində daha da qabarıq göstərir”. Leyla Əliyeva Azərbaycanın qədim tarixindən, eləcə də indi Parisdə də satışda olan “Baku” jurnalından danışıb, bu nəşrdə gənc rəssamlara da yer ayrıldığını vurğulayıb.
Leyla Əliyeva sərgidə təqdim edilən əsərlər və rəssamlar haqqında da məlumat verib:
“Burada Azərbaycandan 21 rəssam iştirak edir. Onlardan bəziləri gəncdir, bu işə yeni başlayıblar, bəziləri isə bu sənətlə çoxdan məşğul olurlar və tanınmış rəssamlardır. Bizim burada 100-dən çox əsərimiz – videolar, instalyasiyalar, rəsm əsərləri, performanslar və fotoşəkillər nümayiş olunur. Burada maraqlı cəhət ondan ibarətdir ki, bu əsərlərin əksəriyyəti məhz “Bakıya uçuş” sərgisi üçün yaradılmışdır və ilk dəfədir ki, nümayiş olunur. Biz bu sərgini bütün Avropada nümayiş etdirməyi planlaşdırırıq, Nyu-Yorkda da təşkil edəcəyimizə ümid vardır və sərgiyə Bakıda yekun vuracağıq”.
May ayında Bakının “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcəyini deyən Leyla Əliyeva mərasimdə iştirak edənləri Bakıya dəvət edib.
Sərginin kuratoru Erve Mikaeloff isə vurğulayıb ki, bu sərgi zənginliyi ilə diqqət çəkir və burada təqdim edilən əsərlər orijinallığı ilə seçilir. “Azərbaycan incəsənətinin dərin tarixi kökləri var”, – deyən Erve Mikaeloff bu cür tədbirlərin ölkəmizin dünyada daha yaxşı tanıdılmasına kömək etdiyini bildirib.
Sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Fransanın mədəniyyət və kommunikasiyalar naziri Frederik Mitteran “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi ilə tanış olublar.
Sərginin iştirakçıları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da adı var. Onun müəllifi olduğu illüstrasiyalardan gələcəkdə rus və ingilis dillərində işıq üzü görəcək “Biri var idi, biri yox” nağıl kitabında istifadə ediləcək. Leyla Əliyevanın müəllifi olduğu “Nar”, “Nar ağacı”, “Həyat davam edir” və digər rəsm əsərləri də orijinallığı ilə seçilir.
Sərgidə gənc rəssamlardan Aida Mahmudova isə əsərində keçmiş həyatı, rastlaşdığı hadisə və hissləri indiki zamanda təqdim edir.
Bundan əlavə, sərgidə tanınmış rəssamlar Altay Sadıqzadə, Ənvər Əsgərov, Mirnadir Zeynalov, ümumilikdə 21 müəllifin təsviri incəsənət, qrafika, heykəltəraşlıq, fotoqrafiya, video-art kimi müxtəlif istiqamətlərdə işləri təqdim edilir.
Sərgidə həmçinin müxtəlif illərdə Venesiya Biennalesində Azərbaycanı təmsil edən rəssamların, eləcə də xarici ölkələrdə yaşayan gənc fırça ustalarının, beynəlxalq nüfuzlu tədbirlərdə iştirak edən sənət adamlarının əsərləri də nümayiş olunur.
Sərgi aprelin 21-dək davam edəcək.
Bu cür sərgilərin gələcəkdə Moskva, Berlin, Roma, Nyu-York və Bakıda da keçirilməsi nəzərdə tutulur.







Bu yazı ( 45 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar