12px14px16px18px

Heydər Əliyev Sarayında 200 uşağın iştirakı ilə konsert olacaq

12:11 / 07.04.2012
Nizami rayonu Uşaq Gənclər Yaradıcılıq Mərkəzi Heydər Əliyev Sarayında təqdim edəcəyi konsert proqramına hazırlaşır. Bu barədə Lent.az-a məlumat verən yaradıcılıq Mərkəzinin direktoru Lalə Qəti bildirib ki, konsertdə dərnəyin 1700 nəfər üzvündən 200 nəfəri səhnəyə çıxacaq: “Hazırda konsert üçün davamlı məşqlər gedir. Son məşq aprelin 9-da sarayda olacaq. Bu bizim hesabat xarakterli bir konsertimizdir. İl ərzində hazırladığımız yaradıcı işlərimizi təqdim edəcəyik. Konsertdən əvvəl mərkəzimiz haqqında film nümayiş olunacaq, fotolent göstəriləcək. Konserti etməkdə məqsədimiz bizim mərkəzdə uşaqların asudə vaxtlarını necə keçirdiklərini göstərməkdir”. Qeyd edək ki, aprelin 10-da keçiriləcək “Bizim uşaq dünyamız” adlanan konsert proqramında “Azəri inciləri” mahnı və rəqs kollektivi, milli rəqs, bal rəqsləri qrupu, mahnı teatrı, vokal qrupu, uşaq teatr qrupu və gimnastlar qrupu, xalq çalğı alətləri ansamblı, nağaraçalanlar və sazçalanlar qrupu iştirak edəcəklər. Konsert saat 15-00-da başlayacaq. Artıq satışa çıxarılan biletlərin qiyməti 5-10 manat arasında dəyişir. Xatırladaq ki, Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi 1974-cü ildən fəaliyyət göstərir. İki minə yaxın uşaq, yeniyetmə və gənc mərkəzdə 29 adda müxtəlif dərnəklərdə öz asudə vaxtlarını səmərəli və faydalı keçirirlər. Yaradıcılıq mərkəzinin başlıca vəzifəsi gənc nəsli respublikamızın layiqli vətəndaşı kimi müstəqil həyata hazırlamaqdır. Burada uşaqların dünyagörüşünün formalaşdırılması, məlumat dairəsinin genişləndirilməsi, asudə vaxtlarının səmərəli və maraqlı təşkili, istedad və qabiliyyətlərinin üzə çıxarılması məqsədilə müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirilir. Mərkəz 35 illik fəaliyyəti ərzində rayon, şəhər, respublika, hətta beynəlxalq səviyyəli tədbirlərdə iştirak edib.




Bu yazı ( 191 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar