12px14px16px18px

Tokay Məmmədovun heykəllər dünyası

12:05 / 06.04.2012
Azərbaycan heykəltəraşlıq sənətinin tanınmış nümayəndələrindən biri də odur. O, özünün yüksək yaradıcılıq aləmi ilə sənətsevərlərin və tələbələrinin dərin məhəbbətini qazanıb. Onun müəllifi olduğu bir çox sənət əsərləri klassik sənət inciləri kimi incəsənət tariximizə əbədi daxil olub. Bu sənətkar rəssamı Tokay Məmmədovdur.
Tanışlıq üçün qeyd edək ki, Tokay Həbib oğlu Məmmədov 1927-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Anası Azərbaycanın ilk qadın heykəltəraşı Zivər Məmmədovadır. Təbii ki, heykəltəraşlıq sənətinə olan maraq ona anasından keçib və o, lap kiçik yaşlarından sənətin incəliklərini anasından öyrənməyə çalışıb. O, ilk ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1942-1945), daha sonra isə İ.Y.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1945-1951) alıb.
T.Məmmədov dəzgah və monumental heykəltəraşlığı sahəsində indiyədək bir çox yaddaqalan əsərlər yaradıb. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Muzeyində saxlanılır və eləcə də Bakı şəhəri ilə yanaşı ölkəmizin müxtəlif bölgələrində monumental heykəlləri ucaldılıb.
T.Məmmədov 1952-ci ildən Rəssamlar İttifaqına üzv qəbul edilib. Heykəltəraşın yaradıcılığı özünün layiqli qiymətini alıb. O, Azərbaycanın Əməkdar İncəsənət Xadimi (1962), Xalq Rəssamı (1973) SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1975), professor (1977), SSRİ (1978) və Azərbaycan (1982) Dövlət Mükafatları laureatı fəxri adlarına və mükafatlarına layiq görülüb. Tanınmış tişə ustası həmçinin 1970-1972-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri olub.
T.Məmmədovun yaratmış olduğu portetlər qalereyasına nəzər yetirmiş olsaq, onun surətlərini yaratmış qəhrəmanları sırasında görkəmli elm xadimlərinin, tanınmış rəssam, şair, yazıçı, bəstəkar və digər sənət nümayəndələrinin yaddaqalan portretlərini görə bilərik. Müxtəlif peşə və sənət sahiblərinin portretlərini yaratmaq təbii ki, heykəltəraşın professionallığından və dərin müşahidəçilik qabiliyyətindən xəbər verir. Belə ki, surətini yaradacağı sənət adamının peşəsinə yaxından bələd olmayan tişə ustası bu dərəcədə təbiilik xüsusiyyətlərinə və güclü bədii təsir qüvvəsinə malik əsərlər yarada bilməzdi.
T.Məmmədovun dəzgah heykəltəraşlığı nümunələrinə misal olaraq “Lətif Kərimov” (1947, gips), “Şərqşünas Mirzə Kazımbəy” (1948, gips), “Nizami Gəncəvi” (1953, ağac), “Partizan Mehdi Hüseynzadə” (1955, mərmər), “Qəzənfər Xalıqov” (1957, ağac), “Rüstəm Mustafayev” (1957, mərmər), “Səməd Vurğun” (1957, ağac), “Üzeyir Hacıbəyov” (1957, tunc), “Nəriman Nərimanov” (1961, ağac), “Mirzə Fətəli Axundov” (1962, gips), “Səməd Vurğun” (1966, qranit), “Vəcihə Səmədova” (1966, mərmər), “Niyazi” (1967, gips), “Süleyman Rəhimov” (1969, gips), “Nəsirəddin Tusi” (1970, mərmər) və s. qeyd etmək olar.
T.Məmmədov yaradıcılığının bütün dövrlərində öz həmkarlarının portretlərini yaratmağa qərar verib. Azərbaycanın tanınmış xalça ustası, görkəmli sənətçünas alim Lətif Kərimovun, tanınmış rəssamlar Qəzənfər Xalıqov, Rüstəm Mustafatev və Vəcihə Səmədovanın portretləri hər biri özünün fərdi xarakterik xüsusiyyətləri və bədii – texniki işlənilmə metodları ilə diqqəti cəlb edir.
Heykəltəraşın maraqlı əsərlərindən biri də Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin portretidir. Maraqlı kompozisiya qurluşuna malik olan əsərdə gur saçlı partizan Mixaylo bir qədər profildən qartal baxışlı nəzərləri irəliyə doğru yönəlmiş halda və sağ əlində qumbaranı işə saldığı vəziyyətdə təsvir olunub. Əsərin bədii estetik təsir gücü və surətin daxili ekspressivliyi olduqca qüvvətlidir.
T.Məmmədov yaradıcılığında Xalq şairi Səməd Vurğunun obrazına iki dəfə müraciət edib. Tişə ustasının xüsusi məharətlə yaratmış olduğu şairin çöhrəsindən sanki S.Vurğun yaradıcılığının aşağıdakı şah misraları süzülür:
“El bilir ki, sən mənimsən
Yurdum, yuvam məskənimsən
Anam doğma vətənimsən
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan”

Bir çox uğurlu portretlər müəllifi olan T.Məmmədovun yaradıcılığında həmçinin, monumental heykəltəraşlıq sahəsi xüsusi yer tutur. Onun digər heykəltəraşlarla birgə müəllifi olduğu monumental heykəltəraşlıq nümunələri Azərbaycan heykəltəraşlıq sənətinin ayrılmaz tərkib hissəsini təşkil edir. T.Məmmədovun monumental heykəltəraşlıq əsərlərinə misal olaraq Bakı şəhərində ucaldılmış “Üzeyir Hacıbəyobv” (1960, tunc, qranit, memar Q.Muxtarov), “Məhəmməd Füzuli” (Ö.Eldarovla birgə 1962, tunc, qranit, memar Q.Muxtarov), “İmadəddin Nəsimi” (İ.Zeynalovla birgə 1979, tunc, qranit), “Koroğlu” (2012, tunc, qranit) və digər abidələri qeyd etmək olar.
T.Məmmədovun Bakı Musiqi Akademiyasının qarşısında ucaldılmış dairəvi postament üzərində kresloda əyləşmiş, sol əli çənəsinə söykənmiş və sağ əlində tutduğu qələmlə dizi üstünə sərilmiş not dəftərinə yazdığı məqamda təsvir edilmiş Azərbaycanın dahi bəstəkarı, Şərqdə ilk opera əsərinin banisi Üzeyir Hacıbəyovun yaddaqalan surəti tamaşaçını özünə cəlb edir. T.Məmmədov abidənin uğurlu plastik həllinə nail olub və obrazın daxili mənəvi dünyasını məharətlə həll edib. Bu heykəl Bakı şəhərində yerləşən ən uğurlu heykəllərdən biridir.
Azərbaycanın görkəmli filosof-şairi Məhəmməd Füzulinin Akademik Milli Dram Teatrının qarşısında ucaldılmış abidəsi heykəltəraşlar Tokay Məmmədovla Ömər Eldarovun birgə təxəyyülünun məhsuludur. Akademik Milli Dram Teatrının binasının fonunda hündür postament üzərində şərq geyimində təsvir edilmiş filosof-şair M.Füzulinin düşündürücü surəti ilk andaca insanı özünün sehrli poetik aləmi altına salır. Surətin sağ əlini çənəsinə söykəməsi, onun sol əlində kitab tutan və sağ ayağını bir qədər irəliyə doğru qoyulmuş vəziyyətdə təsvir edilməsi ilə abidənin dnamikliyi daha da artırılıb. Heykəlin postamentində şairin məşhur “Leyli və Məcnun” əsərinin baş qəhrəmanları Leylinin və Məcnunun qranit üzərində yonulmuş obrazları xüsusi məharətlə həll olunub. Surətlərin səhra fonunda təsvir olunduğunu göstərmək üçün müəlliflər vəhşi heyvan fiquru – şir təsvir ediblər.
Bundan başqa T.Məmmədovun Xalq rəssamı İbrahim Zeynalovla birgə müəllifi olduğu İmadəddin Nəsiminin heykəli də maraqlı monumental əsərlərindəndir.
T.Məmmədovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olduğu Koroğlu heykəli Bakı şəhərinin ən gözəl parklarından birində ucaldılıb. Müəllif bu obraz üzərində demək olar ki, bütöv yaradıcılığı boyu işləyib. Heykəltəraş həmçinin, SSRİ Xalq artisti Bülbülün (Bakı) və Mir Möhsün Nəvvabın (Şuşa) qəbirüstü abidələrinin müəllifidir.
T.Məmmədov bədii yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olur. O, hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tələbələrə sənətin incəliklərini tədris edir və həmin təhsil ocağında yaradıcılıq emalatxanasının rəhbəridir.
T.Məmmədovun uğurlu yaradıcılığı dövlətimiz və xalqımız tərəfindən həmişə yüksək qiymətləndirilib. Ulu öndər H.Əliyevin sərəncamı ilə T.Məmmədov 2002-ci ildə “Şöhrət” ordeninə layiq görülüb. Heykəltəraş həmçinin 2007-ci ildə akademik Yusif Məmmədəliyev medalına layiq görülüb.
Əsəd Quliyev,
sənətşünas,
AMEA-nın dissertantı,
Azərbaycan Rəssamlar İttifaqının üzvü




Bu yazı ( 57 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar