12px14px16px18px

Aydın Tağı və çoxlarının qibtə etdiyi söz

13:49 / 05.04.2012
Özünü çox yaxşı tanıdığıma görə yazılarına əl vurmadım, yəni təkrar vərəqləmək lazım gəlmədi. Elə belə, pəncərədən bayıra baxa-baxa az qala otuz illik tanışlığımızı gözlərimin önünə gətirdim. Pıçıltıya bənzər danışığı qulaqlarımda səsləndi. Dediklərini elə bil redaktə eləyiblər, artıq-əskik bir kəlməsi də yoxdu...
Aşağıdan danışdığına görə özümü ona sarı əyilmiş görürəm və Şabranın yerləşdiyi təpəliklərin adamı yandırıb-yaxan doğma, həmişə də axşamüstünə bənzər mənzərəsini xatırlayıram.
Aydın adından da çox aydın olan adamdı; tikəsinin düşmənidi, yəni, nəyi var, cibində deyil, ovcunun içində açıqdı.
Özünü tanıtmağa heç vaxt tələsməz, gecikər həmişə, onu həmişə sonra görərlər, mütləq görərlər və bir daha unutmazlar. Yazıları da elədi, üstündən bir dəfə, beş dəfə keçərsən və ilişərsən. Buna inanmaq istəyirsinizsə yüz kərə yanından ötdüyünüz “Buğa əhvalatı” hekayəsini oxuyun.
Mən bu hekayəni bəlkə də otuz il bundan qabaq oxumuşam, inəyi üçün buğa axtarışına çıxan kənd əhli hələ də yadımdadı. Aydın Tağının yaradıcılığı mənimçün həm də “Bulaq” radio verilişiylə başlayır. Yazanlar bilir ki, “Bulaq” verilişini ümumi sözlərlə yazmaq mümkün deyil. Azərbaycan ədəbi dilinin ümumi səslənməsiylə, alınma sözlərin ifadə dəstəyilə də yazmaq olmur.
Dilin xalqın içiylə gedən milli səmti-yönü ilə yazmaq, xalqın-millətin daha çox gizlinlərdə qalan bilgilərini-xüsusiyyətlərini açmaqla yaratmaq olar.
Bu mənada Aydın Şabran bölgəsini duyub, anlayıb “Bulaq” üçün qələmə ala bildi...
Mənim, bəlkə də hər birimizin tanımadığımız çox maraqlı etnoqrafiya, folklor, söz səmtini radio verilişlərinə gətirib çıxarda bildi.Abşeron yarımadasıyla yanaşı, Siyəzən, Şabran, Çıraqqala, Xaçmaz, Quba bölgələrini Aydının qələmində yenidən gördüm, sevindim.
Aydının özünəməxsus publisistikası var, yaradıcılığında bunu daha çox dəyərləndirirəm. 35 il qabaq, yazılarından – düşüncə və ifadə tərzindən xoşum gəldiyi üçün, daha çox da əyalətdə yaşadığına görə, yazı makinamı ona bağışladım, verdiyini dilə gətirmək çıxmasın və nə dediyim yaxşı yadımdadı: – İndən belə daha çox yazmağa məcbursan.
Bildiyimə yörə yazı makinası hələ də işləyir, hələ də hərəkətdədir...
Aydına uğurlar, can sağlığı arzulayır, həmişə olduğu kimi yeni yazılarını gözləyirəm. Bilirəm ki, sözdən başqa heç yanda, heç yerdə rahatlıq tapa bilmir. Onun da var-dövləti sözdü, çoxlarının qibtə etdiyi SÖZ...
Mövlud SÜLEYMANLI
Xalq yazıçısı





Bu yazı ( 97 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar