12px14px16px18px

Kulis.az mədəniyyət dərgisinin 1 yaşı tamam olub

13:49 / 05.04.2012
Dünən Kulis.az mədəniyyət dərgisinin 1 yaşı tamamlanıb. Qısa zamanda kifayət qədər geniş oxucu auditoriyası qazanmış Kulis.az haqqında ilk yaş münasibətilə, qəzetlərin baş redaktorları, ictimai xadimlər öz fikirlərini bölüşüb, saytın əməkdaşlarına təbriklərini ünvanlayıb, arzularını bildiriblər. Onlardan bir neçəsini oxucularımızın diqqətinə çatdırır, Kulis.az-çılara ünvanlanan təbriklərə, xoş arzulara biz də qoşuluruq:
“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay: “Ədəbiyyata, sözə, maarifçiliyə xidmət edən hər bir mətbu orqan ancaq alqışlanmalıdır. Kulis.az isə bunu səviyyəli və keyfiyyətli şəkildə edir. Nə qədər istedadlı insanın öz potensialını açmasına xidmət edir, oxucunu düşündürə, məsələlərə obyektiv yanaşa bilir. Yaşasın!!!”
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid: “Kulis.az qısa müddətdə rəğbət qazana bildi. Doğrudur, sayt açılanda bəzi məqamlar məni qane etmirdi. Amma ola bilsin ki, bu, oxucu toplamaq üçün lazım idi. Kulis.az müxtəlif yollarla ədəbiyyata xidmət etmək istəyir və təbii ki, bu çox faydalıdır. Bu saytda istedadlı insanlar çoxdur. Kulis.az-ı təbrik edir, 10, 20 yaşını qeyd etməyi arzulayıram”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: “Kulis.az-ın 1 yaşını təbrik edirəm. Böyüsün, ayaqları daha möhkəm yer tutsun, addım-addım irəliləsin. Amma qaçmasın. Çünki hadisələrin, ədəbi və digər proseslərin üzərindən qaçaraq keçən mətbu orqanlarının sayı onsuz da yetərincədir. Uğurlar!”
Şair Salam Sarvan: “Kulis.az hər gün izlədiyim üç saytdan biridir. Mədəniyyət xəbərləri ilə bağlı çeviklik, informasiyaların rəngarəngliyi, ədəbi materialların yüksək zövqlə hazırlanması bu saytın fərqli xüsusiyyətlərindəndir. Saytda maraqlı köşə yazılarının sayı da çox olur, bu da müsbət hal kimi qiymətləndirilməlidir. Kulis.az-ın kollektivini təbrik edir, saytın uzunömürlü olmasını arzulayıram”.





Bu yazı ( 102 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar