12px14px16px18px

Şair sözünün qiyməti

13:48 / 05.04.2012
Müstəqillik dövründə bədii yaradıcılıq əyalətlərdə də xeyli canlanıb, geniş vüsət alıb. Bunu bölgələrdə yaşayıb-yaradan yazarların məhsuldar fəaliyyətləri timsalında aydın görmək olar. Onlar dövri mətbuatda müntəzəm çıxışları, nəşr etdirdikləri müxtəlif kitabları ilə bu gün ədəbi prosesə fəal surətdə qoşulmaq, oxucu aiditoriyasına təqdim olunmaq imkanı qazanıblar. Yaradıcılığı diqqət çəkən belə yazarlardan biri də gənc şair Hüseyn Həsrətdir. Şair bu yaxınlarda “Adiloğlu” nəşriyyatında işıq üzü görmüş “Sözün qiyməti” adlı ilk kitabı ilə oxucuların görüşünə gəlib. Sözügedən dərgidə toplanmış poetik nümunələr sübut edir ki, müəllif şeirə, sənətə tələbkarlıqla yanaşır, sözün məsuliyyətini dərk edir. Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olan şair yaradıcılıq sahəsinə də mübarizə meydanı kimi baxır. Onun şeirlərində torpağa, el-obaya bağlılıq, azadlıq ruhu, segiyə, ailəyə sədaqət hissləri çox səmimi və cəzbedicidir. Şair Vətənlə ananı qoşa qanad hesab edir:
Müqəddəs iki söz: Vətən və ana
Həkk olub Hüseynin dodaqlarına...
Kitabdakı poeziya nümunələri mövzu rəngarəngliyi, əhatə dairəsi etibarı ilə seçilir. Müəllif sadə dililə təqdim etdiyi bu poetik parçalarda düşüncə və duyğularına işıq tutur, oxucuya nikbin ovqat, xoş təəssürat bəxş edir. Şairin səmimiyyətinə inanmamaq olmur:
Susubsa sevgilin, demə ki, laldı,
Şairi sükuta saf eşqin saldı...
Ən acı kəlmən də şəkərdi, baldı,
Axı, körpələrin anasısan sən.
Topluda yer almış təmsillər də maraq doğurur. Həmin bədii nümunələrdə dostluq, ləyaqət, təmizlik təqdir olunur, yaltaqlıq, ikiküzlülük, paxıllıq isə pislənilir. “Sözün qiyməti” şeirlər kitabı Hüseyn Həsrətin poeziya aləmində atdığı ilk addım, insanlarla bölüşmək istəyindən doğan həqiqi ürək sözlərdir. Biz bu yolda on daha qətiyyətli addımlar və yeni yaradıcılıq uğurları arzulayırıq.
Yəhya PAŞAZADƏ



Bu yazı ( 100 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar