12px14px16px18px

“Naxçıvan: Nuh baba və Türk atadan gələn yol”un təqdimatı olub

00:38 / 04.04.2012
AMEA Naxçıvan Bölməsində bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Hacı Qadir Qədirzadənin “Naxçıvan: Nuh baba və Türk atadan gələn yol. (rəvayətlər, baxışlar, tarixi həqiqətlər)” monoqrafiyasının təqdimat mərasimi keçirilib. Bölmənin İnformasiya şöbəsindən verilən məlumata görə, tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq, Hacı Qadir Qədirzadənin elmi və pedaqoji fəaliyyətindən geniş bəhs edib. Akademik etnoqraf alimin uzun illərdir ki, Naxçıvanda etnik mədəni münasibətləri, etnogenetik əlaqələri araşdıraraq ərazinin ilkin sakinləri olan türk etnosunun adət və inamları, onların digər türk xalqları ilə ortaq cəhətlərini müəyyənləşdirdiyini bildirib. İsmayıl Hacıyev bir çox xarici ölkələrdə beynəlxalq səviyyəli simpozium və elmi konfranslarda çıxış etmiş H.Q.Qədirzadənin 200-dən artıq elmi məqalələrin müəllifi olduğunu, çoxsaylı elmi əsərləri bu gün bir çox xarici ölkələrdə işıq üzü gördüyünü bildirərək, alimin yeni monoqrafiyasının elmi dəyərindən geniş danışıb. Muxtar Respublika rəhbərliyinin sərəncamları sayəsində son illər Naxçıvan tarixi hərtərəfli öyrənilir, sanballı monoqrafiyalar, kitablar nəşr olunduğunu diqqətə çatdıran natiq qeyd edib ki, yerli materiallar əsasında hazırlanan dəyərli nəşrdə Nuh peyğəmbər, Dünya tufanı ilə əlaqəli Naxçıvan ərazisindən aşkar edilmiş yeni materiallar, onların tarixi mənbələrlə qarşılıqlı əlaqələri, sivilizasiya və şəhərsalma məsələləri, həmçinin Türk ata nəzəriyyəsi, islamaqədərki etnik mədəni münasibətlər və ənənəvi yaşam tərzi yer alıb. Tədbirdə “Naxçıvan: Nuh baba və Türk atadan gələn yol” mövzusunda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Hacı Fəxrəddin Səfərlinin geniş məruzəsi dinlənilib. Daha sonra Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini Firudin Rzayev, AMEA Naxçıvan Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri Emin Şıxəliyev, Zakir Rzayevin məruzə ətrafında çıxışları dinlənilib. Çıxış edənlər “Naxçıvan: Nuh baba və Türk atadan gələn yol” monoqrafiyasının fərqli, üstün cəhətlərini xüsusi olaraq vurğulayıblar. Qeyd olunub ki, Naxçıvanın qədim tarixi ilə bağlı bir çox məsələlərə aydınlıq gətirilən yeni kitab bu sahə üçün vacib və dəyərli nəşrdir. Sonda Hacı Qadir Qədirzadə söz alaraq, tədbirdə iştirak edənlərə, kitabı yüksək dəyərləndirib haqqında xoş söz söyləyənlərə minnətdarlığını bildirib. “Əcəmi” nəşriyyatında nəfis tərtibatla çap olunan 191 səhifəlik monoqrafiyanın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru akademik İsmayıl Hacıyev, rəyçilər isə Hacı Fəxrəddin Səfərli və Emin Şıxəliyevdir.


Bu yazı ( 118 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar