12px14px16px18px

Kamal Abdulla mətbuat konfransı keçirdi

YAZIÇI ONUN NOBEL MÜKAFATINA NAMİZƏDLİYİ İLƏ BAĞLI YARANAN SUALLARA AYDINLIQ GƏTİRİB

14:15 / 31.03.2012
Dünən yazıçı Kamal Abdulla Bakı Slavyan Universitetində keçirdiyi mətbuat konfransında Nobel Mükafatına namizədliyi haqqında mediaya açıqlamalar verib.
Şair Salam Sarvan məclisi açaraq əvvəlcə jurnalistləri salamalayıb və bildirib ki, belə bir hadisənin baş verməsi milli sevinc kimi qəbul olunmalıdır: “Mən bu hadisəni bütün Azərbacan üçün milli sevinc hesab edirəm. Təəssüf ki, Azərbaycan tarixində belə hadisələr o qədər də çox olmayıb”.
Daha sonra S. Sarvan mətbuat konfransının keçirilmə səbəbini izah edib. “Kamal Abdullanın namizədliyinin qeydə alınmasından sonra jurnalistlərdə çoxlu suallar yarandığını, bu sullara cavab almaq məqsədilə ona xeyli müraciətlərin olunduğunu nəzərə alaraq bu konfransı keçirtməkdə məqsədimiz bəzi mətbuat nümayəndələri üçün qaranlıq qalan məqamlara aydınlıq gətirməkdir. Əslində bu məlumat çoxları üçün bir qədər sirli idi. Ona görə də bəzi mətbuat orqanlarında dərc olunan yazılarda bu məlumatla əlaqəli informasiya natamamlığı hiss olunurdu. Yəqin bunun təfərrüatı hər birinizə maraqlı olar. Keçən ilin noyabr ayında Bakı Slavyan Universitetinə İsveç Akademiyasının Nobel Komitəsindən məktub gəldi. Məktubda bildirilirdi ki, Nobel Komitəsi təsadüfi seçim əsasında müxtəlif universitetlərə namizəd irəli sürmək üçün məktublar göndərir.
Universitet isə bu hüququ 5 professora- Məmməd Qocayev, Rəhilə Qeybullayeva, Asif Hacılı, Rəhilə Quliyeva, Naidə Məmmədxanovaya verib. Adıçəkilən professorlar da Kamal Abdullanın namizədliyi üzərində dayanıblar”. Daha sonra Salam Sarvan Nobel Akademiyasından gələn cavab məktubunun məzmununu səsləndirib. Nobel Komitəsinin yazdığı cavabda Kamal Abdullanın Nobel mükafatına namizəd kimi təsdiq olunduğunu media nümayəndələrinin diqqətinə çatdırıb.
Konfransda professor Rəhilə Qeybullayeva da fikir bildirərək qeyd edib ki, Kamal Abdullanın əsərləri ilk dəfə hələ 2007-ci ildə Nobel Komitəsinə göndərilib: “O zaman məndən, Komitədən 2008-ci il üçün Nobel mükafatına Azərbaycandan bir şəxsin namizədliyini irəli sürmək xahiş olundu. Nobel mükafatının şərtləri belədir ki, əsəri təqdim edilən yazıçı hal-hazırda həyatda olmalı, bir neçə dildə kitabları olmalı, çox nüfuzlu dərgilərdə məqalələri yayımlanmalıdır. Mən də belə qərara gəldim ki, Kamal Abdullanın əsərlərini təqdim edim. Çünki Kamal Abdullanın əsərləri Nobel mükafatının standartlarına uyğun gəlirdi. Yəni, Kamal Abdullanın bu mükafata namizədliyi 2008-ci ildə də qeydə alınmışdı və o zaman yazıçının “Yarımçıq əlyazma” kitabı, həmçinin onun müxtəlif dillərə tərcümələri Nobel Komitəsinə göndərilmişdi”.
Jurnalistlərin suallarını cavablandıran Kamal Abdulla “Yarımçıq əlyazma” əsərinin bir neçə dilə tərcümə olunduğunu, Fransada, Rusiyada, Türkiyədə, Polşada, Braziliyada nəşr edildiyini diqqətə çatdırıb və bu hadisənin onun üçün də sevindirici bir hal olduğunu vurğulayıb.
GÜNEL



Bu yazı ( 255 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar