12px14px16px18px

“Yazıçı”nın yeni sayı: Vətən, Bayraq və İgidlik

11:02 / 31.03.2012
Son günlərin ədəbi hadisələri içərisində bir-birindən maraqlı məqamlar diqqəti çəkir. Yəni təzə söz, təzə fikir axtaran, onun sorağında olan oxucu baş verən hadisələrdən kifayət qədər yararlanmaq imkanı qazanıb. Bu da təsadüfi deyil. Öncə məmləkətimizə baharın qədəm qoyması, Novruz əhval-ruhiyyəsi və bunun da fonunda Azərbaycan Yazıçılar Birliyində, eləcə də digər söz ünvanlarında maraqlı tədbirlərin keçirilməsi dediklərimizi təsdiq edir. Təkcə AYB-də keçirilən və oxucuların, KİV-lərin diqqətini çəkən sonuncu mərasimlər xüsusi ilə maraqlıdır.
Məlum olduğu kimi ötən həftənin əvvəllərində AYB-də Türkiyədən təşrif buyurmuş yazarlarla keçirilən görüş, onlara AYB-nin üzvülük vəsiqəsinin təqdim edilməsi, qarşılıqlı olaraq Azərbaycanın bir neçə qələm adamına, o cümlədən Anara, Rəşad Məcidə, Aqil Abbasa, Əjdər Ola, Qulu Ağsəsə və digərlərinə Türk Yazarlar Birliyinin vəsiqəsinin təqdim edilməsi günün maraq doğuran, diqqət çəkən məqamlarından olmuşdur.
Bax belə bir ərəfədə “Yazıçı”nın növbəti sayını mütaliə edirəm. Həmişə oxucuların marağını qazanan “Yazıçı”nın növbəti sayı bir növ bahar ovqatına əlavə bir sevinc qatır. Çünki bu dəfə təqdim edilən şeirlərin əsas mövzusu, necə deyərlər baş qəhrəmanı Vətən, Bayraq və İgidlikdi. Məhz belə bir təqdimatla oxucu arenasına gələn “Yazıçı” üz qabığında Azərbaycanın son dərəcə böyük qələm sahibləri olan, eləcə də bütün Türk dünyasının söz məkanına adını həkk etmiş ustad şair Orxan Vəli, Əhməd Cavad və Səməd Vurğun poeziyasının nümunələri dərc edilmişdir.
“Yazıçı”nın digər səhifələrində Məhəmmədhüseyn Şəhriyarın, Tofiq Fikrətin, Abbas Səhhətin, Almaz Yıldırımın “Millet şarkısı”, “Azərbaycan”, “Vətən” şeirləri yer alıb.
Dərginin bu sayında Xalq şairləri Qabilin, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Hüseyn Arifin, həmçinin böyük söz ustadı Nazim Hikmətin, Cəfər Cabbarlının, Mikayıl Müşviqin şeirlərindən nümunələr də verilib. Bugünkü ədəbi mühitin aparıcı müəllifləri olan Anarın, Fikrət Qocanın, Fikrət Sadığın, Məmməd İsmayılın, Ələkbər Salahzadənin, Məmməd Aslanın, Kamal Abdullanın, Abbas Abdullanın, Vaqif Bayatlının, Rüstəm Behrudinin, Sabir Rüstəmxanlının, Zəlimxan Yaqubun və digərlərinin vətənə, bayrağa, igidliyə ünvanlanan şeirlərindən də nümunələr oxuculara təqdim edilmişdir.
Ümumiyyətlə, çox rəngarəng və diqqətçəkən dərgidə, yəni “Oğuz eli” qəzetinin “Yazıçı” xüsusi buraxılışında 60-70-80-ci illər yazarlarının şeirlərindən nümunələr də oxucuların müzakirəsinə verilmişdir. Onların arasında Əjdər Ol, Vaqif Bəhmənli, Əlizadə Nuri, Saday Şəkərli, Tofiq Hüseyn, Akif Əhmədgil və digərlərinin imzaları öz oxucusunu tapdığı kimi bu sayda verilmiş şeirləri də, təbii ki, oxucuların zövqünü oxşayacaqdı. Bütövlükdə oxuculara bir bayram sovqatı olan “Yazıçı” həm də söz adamlarının ruhunu təzələyən, duyğularını daha böyük yaradıcılıq üçün kökləyən bir təşəbbüs kimi də yadda qalır. Düşünürəm ki, “Yazıçı”nın baş redaktoru Azər Abdullanın təkcə həmkarlarına yox, həm də Azərbaycan oxucusuna bu Novruz sovqatı hər birimizin ürəyincədi.
Əbülfət MƏDƏTOĞLU



Bu yazı ( 69 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar