12px14px16px18px

Vahid Qazinin “Çamayra”sı

23:32 / 18.03.2012
İstedadlı publisistlərin öz mətnlərini yalnız real faktlar üzərində qurmaları çoxdandır ki, məndə onlara qarşı rəğbət hissi doğurur. Mən özüm öz əsərlərimdə həmişə uydurma “dopinq”lərdən istifadə edirəm. Bu təxminən hündürlüyə tullanma yarışına bənzəyir – yerin cazibə qüvvəsinin öhdəsindən gələ bilmək üçün biri yalnız öz ayaqlarının gücünə güvənir, bir başqası isə dopinq həbləri qəbul edir. Vahid Qazinin Kuba dəftərini oxuyarkən mən, müəllifin Azadlıq adasında başına gələnləri təsvir edə-edə, real insanlardan, onların ölkədəki ümumi siyasi ab-hava ilə bağlı həyatları və problemlərindən danışa-danışa çox güclü bədii təhkiyədən istifadə etdiyini və bu bədii təhkiyənin onun özünü hekayətin baş qəhrəmanına çevirdiyini görüb sevindim. Elə buna görədir ki, yazıçının hiss və fikirlər dünyasına qərq olan oxucu onun füsunkar Çamayranın intim xidmət təklifindən imtinasını öz əxlaqi qələbəsi sayır. Nümunə kimi bir çox digər emosional epizodları da misal çəkmək olar. Amma məncə, ən əsas məsələ, ümumilikdə bütün əsərin gözəl bədii nəsr nümunəsi olmasıdır. Qəribədir ki, Azərbaycan müstəqillik qazandığı son iyirmi ildə bizdə mövcud olan demokratik rejimin bütün özünəməxsus xüsusiyyətlərinin olmasına baxmayaraq totalitar-avtoritar quruluşun hər hansı formasına qarşı açıq nifrətini bildirən insan tipi formalaşıb. Vahid Qazinin gördüyü Kubaya bənzər bir ölkədə böyüyən bizim nəslin nümayəndələri isə dünyanın harasındasa elementar azadlıqların olmamasına daha sakit yanaşır. “Çamayra”nın müəllifinin ictimai-siyasi inancları əsərin hər cümləsində özünü büruzə verir və bu inanclar o qədər səmimidir ki, onlara qeyd-şərtsiz inanırsan. Bu yalnız kitabda təsvir olunan hadisələrin iştirakçısına çevrildiyin halda mümkün ola bilər. Mənimlə də məhz bu baş verdi. Və sonda. Kuba dəftəri həddən artıq maraqlı məlumatlarla zəngindir. Kubada olsam da, onun haqqında çox oxusam da, mən kitabdan bu ölkəylə bağlı çoxlu yeni şeylər öyrəndim. Sevindirici haldır ki, bizim publisistika artıq bu janrın ən yaxşı nümunələrini yaratmağa qadir bir səviyyəyə yüksəlib. Və Vahid Qazinin Kuba dəftəri bunun bariz nümunəsidir.
Rüstəm İBRAHİMBƏYOV


Bu yazı ( 92 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar