12px14px16px18px

“XX əsr Qazax aşıqları və el şairləri” toplusu işıq üzü görüb

11:27 / 16.03.2012
Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının müəllimi İlhamə Qəsəbovanın tərtib etdiyi “XX əsr Qazax aşıqları və el şairləri” toplusu nəşr olunub. Məlum olduğu kimi, Qazax mahalı aşıq sənətinin dərin kök saldığı bölgələrdən biridir. Topluda Mirzə Səməd, Aşıq Məmmədyar, Canallı Aşıq Məhəmməd, Hacı Qaracayev, Şıxlı Məhəmməd, Aşıq Avdı, Şair Temraz, Aşıq Bəhrəm, Aşıq Hüseyn Sarıyev, Aşıq Cəlal, Aşıq Ədalət, Murad Novruzov, Şair Qulu, Şair Həvəskar, Aşıq Ayaz Zülfüqarov, Aşıq Yəhya Məmmədov, Aşıq Hüseyn Piriyev, Aşıq Sadıq, Aşıq Kərəm, Aşıq Hacı Abdıyevin əsərlərindən nümunələr və hər birinin həyatı, yaradıcılığı barədə yığcam məlumat verilib.
Kitabda haqqında söz açılanlardan biri Aşıq Məmmədyardır. O, Qazax mahalının Ağköynək kəndində anadan olub. Aşıq sənətinin sirlərinə dərindən bələd olan bir sənətkar kimi tanınıb. Aşıq Məmmədyar neçə-neçə məclislər yola salıb, dastanlar söyləyib, şəyirdlər yetirib.
Aşıq Məmmədyar həm də şeirlər düzüb-qoşmuşdur. Ancaq onun yaradıcılığından çox az nümunə qalıb. Ustad aşıq şeirlərinin birini belə başlayır:
Aşıxdı saz çalır, şad gəzir demə,
Artırır dərdini saz da bir yannan.
Ürəyimdə sağalmayan yaram var,
Yaralar vurmayın siz də bir yannan.
Kitaba daxil edilmiş aşıqlar və el şairləri öz yaradıcılıqlarına görə bir-birindən seçilirlər. Belə seçilən sənətkarlardan biri də Qaymaqlı Hacı Qaracayev olub. O, şeirlərinin birində özü haqda deyir:
Elim Qaymaqlıdı, öz adım Hacı,
Ziyarət etmişəm Məkkə, Meracı.
Düşübdü başından çox şahın tacı,
Cəsədi bükülüb ağa, yəqin bil.
El şairi Hacı Qaracayev şeirlərinin birində dediyinə görə, hətta on iki dil bilib. O, yaradıcılığa gənc yaşlarından başlayıb. Siyasi əqidəsinə görə həbs edilib, dustaq həyatı yaşayıb. O, şeirlərində hansı yolun yolçusu olduğunu belə ifadə edir:
Xudam xəlq eyləmiş məni ər kimi,
Saf bədənli, sağlam qollu nər kimi.
Qüvvətliyəm pələng kimi, şir kimi,
Hacı mənəm, Cənab-Əli ustadım.
“Görəndə” qoşmasında da hər yetənə əyilmədiyini, haqq yolunu uca tutduğunu fəxrlə bildirir:
Hacı yolun çevir o qibləgaha,
Yalvarsan əməlin yazmaz günaha.
Şıxlı Məhəmməd də dövrünün sayılıb-seçilən aşıqlarından biri idi. O, aşıq sənətinin sirlərinə dərindən bələd olub. Aşıq Məhəmməd aşıq şeirinin müxtəlif formalarında qələmini sınamış, neçə-neçə dastanı ifadə etmişdir. Şeirlərinin birində öz həmkarlarını yada salan aşıq deyir:
Sazda Ədalətnən kim edər bəhsi,
Bəhrəmin ləhcəsi, zəngin nəfəsi.
Koroğlu nərəsi, Hüseyn səsi,
Dərinnikdə Məmmədyarı
görmüşəm.
Özünü də belə sənətkarların sırasına qatan aşığın: “Mən özüm dərs aldım kamil ustaddan” – deməsi heç də təsadüfi deyil. Şıxlı Məhəmməd sənətinə, sözünə tələbkar aşıqlardan olub. Sözün, şeirin qədir-qiymətini uca tutub. O, aşıq sənəti ənənələrinə möhkəm bağlı olub. şeirlərinin birində bu barədə deyir:
Səni saymaz zaman özü zamandı,
Zaman neylir kim yaxşıdı, yamandı.
Ay Məhəmməd, bedasıla ha qandır,
Söz dediyin gərəh qana, deyəsən.
Qazax aşıqları arasında Qaymaqlı kəndində boya-başa çatan Aşıq Avdının da öz yeri var. O, Canallı Aşıq Məhəmmədin məsləhəti ilə Aşıq Sadıq Sultanovun yanına getmiş, onun yanında şəyirdlik edib, aşıqlığın sirlərinə yiyələnə bilmişdir. Prof. Qara Namazov “Aşıqlar” kitabında bu haqda yazır:
“Avdının dediyi kimi Sadıq çox zil səsli, məclisdə şən ab-hava yaradan, sənətinə dərindən bələd olan bir aşıq idi. O, Avdını da beləcə öyrətmişdi. Avdı məşhur aşıqların şeir və dastanlarını, onlarla saz havalarını bilir, şeirin ahəngdarlığına, musiqiyə yatımlılığına xüsusi fikir verirdi. O, bircə söz yerinə düşməyəndə dözmürdü.
Aşıq Avdı ustad kimi şəyirdlərinə də çox ciddi və tələbkarlıqla yanaşırdı. Tanınmış aşıqlarımızdan Cəlal Qəhrəmanov, Aşıq Yəhya, Sadıq (aşığın oğlu), Sədi Avdının şəyirdləri olublar. Bu şəyirdlərin bir-biri ilə, həm də ustadları Avdı ilə çox maraqlı və şən deyişmələri var. Aşıq Avdı “Leyli və Məcnun”, “Fərhad və Şirin”, “Rüstəm və Söhrab” dastanlarını “Koroğlu”nun yayılmamış və çap olunmamış qolunu ustalıqla ifa edirdi.
Aşıq Avdı gördüyü hadisəyə və ya mənzərəyə elə oradaca bədii don geyindirməyi bacarırdı” (s.53).
Aşıq Avdı özünü gəraylı, qoşma, cığalı təcnis, divani, müxəmməs kimi şeir şəkillərində sınamışdır. Onun şeirlərində səmimilik, təbiilik özünü qabarıq şəkildə göstərir. “Yalvarır” qoşması da bu baxımdan çox səciyyəvidir.
Bir gün durdum çıxdım
gülşən seyrinə,
Gördüm ki, bülbüllər gülə yalvarır.
Bənövşə boynunu büküb nərgizə,
Nərgiz özü şirin dilə yalvarır.

Bir yanda dayanmış xumar gözlü yar,
Bağda hər çiçəyin öz nəşəsi var.
Bir neçə addımda, bulaqdan kənar,
Lilpar batıb dərin lilə yalvarır.
Qazax aşıqları və el şairləri içərisində Aşıq Kərəmin də özünəməxsus yeri var. Kitabda onun da yaradıcılığından nümunələrə yer verilib.
Aşıq Kərəm Aşıq Kamandardan sənətin sirlərini öyrənib, ustad aşığın xeyir-duasını alıb. Aşıq Kərəm öz səsi, nəfəsi olan aşıqlardan olub. Aşıq “Sazım” şeirində özü barədə deyir:
Məclislərdə yoldaşımdı,
Mənim ürək sirdaşımdı.
Əzizimdi, qardaşımdı,
Xidmət edər elə sazım.
Ayrı-ayrı bölgələrdə yaşayıb-yaradan aşıqların və el şairlərinin yaradıcılıq nümunələrinin toplanması, sistemləşdirilməsi və nəşri aşıq yaradıcılığının hərtərəfli və dərindən araşdırılmasına geniş yol açır. Bu baxımdan yanaşdıqda “XX əsr Qazax aşıqları və el şairləri” kitabı da maraq doğurur.

Xəyalə ƏLİYEVA
AMEA Folklor İnstitutunun
elmi işçisi





Bu yazı ( 193 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar