12px14px16px18px

Fərqanə Kələntərli: “Azərbaycanda peşəkar uşaq tərbiyəçilərinə və dayələrə ciddi ehtiyac var”

ÖTƏN İL YARADILAN “UŞAQ İNKİŞAFI VƏ DAYƏLİK ŞİRKƏTİ” ÖLKƏDƏ BU PEŞƏYƏ OLAN TƏLƏBATI YÜKSƏK PROFESSİONAL MEYARLAR ƏSASINDA ÖDƏMƏYƏ ÇALIŞIR

11:26 / 16.03.2012
Vaxtilə işləyən qadınlar uşaqları nənə-babalara etibar edərdilər. Ancaq son illər bu tendensiya dəyişib. İşgüzar xanım övladını dayələrə həvalə edir. Son dövrlərdə qadınların ictimai və sosial həyatda daha da fəallaşması, bu cinsin nümayəndələrinin nüfuzlu statuslara sahib olmalarına səbəb olub. Artıq ölkədə də işləyən qadınların sayı durmadan artır. Təbii olaraq bu da onların ev işlərində, ailə qayğılarında və ən çətin, məsuliyyətli bir iş olan uşaq saxlamaq kimi işlərdə köməkçiyə ehtiyac duymalarına səbəb olur. Müasir dövrdə ailələrdə övladlarını dayələrə etibar edən insanların sayı durmadan artır.
Tarixən dayə daha çox yüksək təbəqədən olan, vəzifəli şəxslərin uşaqlarına baxan, elmi, savadı ilə seçilən bir insan olub. Lap qədim dövrlərə nəzər salsaq, xanların, bəylərin övladlarını da himayə edən, dayəlik edən şəxslərin mövcudluğu bu peşənin sözün əsl mənasında necə qədim olmasını bir daha təsdiqləyər.
Psixoloqlar dayə seçərkən bəzi şərtlərə və qaydalara əməl olunmasını zəruri sayırlar. Dayə seçərkən onun hansı müddətə uşaqla məşğul olacağına və ailənin bir üzvü kimi qəbul olunmasının mümkünlüyünə diqqət etmək vacib şərtlərdən biridir. Bundan başqa dayənin uşaqla münasibəti, səmimiliyi, ixtisasını bilməsi çox vacibdir. Uşaq haqqında tibbi, psixoloji, pedaqoji biliklərə malik olması, ümumiyyətlə, uşaqlarla iş təcrübəsi nəzərə alınmalıdır. Bir sözlə dayəlik edən şəxs sadalanan keyfiyyətlərə malik, işinin peşəkarı olmalıdır ki, valideyn də övladını ona rahatlıqla etibar edə bilsin.
Azərbaycanda dayəlik iş növü olmadığı üçün bu sahəyə bir o qədər də önəm verilməyib. Amma son zamanlar valideynlərin dayələrlə bağlı qarşılaşdıqları problemlər ölkədə belə kursların açılmasına böyük ehtiyac olduğunu sübut edib. Ölkədə peşəkar dayələrin hazırlanması işinə rəsmən 2011-ci ildən start verilib. Bu iş “Professional Training and Consulting LLC –Uşaq inkişafı və Dayəlik Şirkəti” tərəfindən həyata keçirilir. 2011-ci il mayın 28-də ildə təsis olunub və fəaliyyət göstərməkdədir. Bu şirkət 3 xanım – Məsumə Şükürzadə, Xalisə Şahverdiyeva, Fərqanə Kələntərli tərəfindən təsis olunub.
“Professional Training and Consulting LLC –Uşaq inkişafı və Dayəlik Şirkəti”nin rəhbəri Fərqanə Kələntərlinin sözlərinə görə, son illər açıq-aydın hiss olunur ki, Azərbaycanda peşəkar uşaq tərbiyəçilərinə və dayələrə ciddi ehtiyac var. Çünki müasir valideynlər övladlarına tərbiyəçi seçərkən çox həssas davranırlar. Onlar üçün seçim edərkən əsas şərt dayənin sadəcə baxıcı deyil, uşağın körpə yaşlarından inkişafının bünövrəsini qoyacaq sağlam, bilikli, geniş dünya görüşlü tərbiyəçi olmasıdır. Məhz bu səbəbdən uşaq tərbiyəçiliyi və dayəlik ən məsuliyyətli, hər tərəfli inkişaf tələb edən peşədir: “Biz sözügedən şirkəti yaradarkən müasir tələblərə cavab verən peşəkar uşaq tərbiyəçiləri və dayələr hazırlamağı qarşımıza məqsəd qoyduq. Xüsusi kurslar vasitəsilə biz sözün əsl mənasında peşəkar uşaq tərbiyəçiləri və dayələr hazırlayırıq. Xüsusi kurslarımız müxtəlif xarakterli uşaqlarla davranış psixologiyası, müxtəlif yaş qruplarında olan uşaqlar üçün tədris proqramı, səlis nitq və zehnin inkişafı, uşaq gimnastikası və bədən tərbiyəsi, uşağın gündəlik qida rasionu, uşaq kulinariyası və sair istiqamətdə təlimləri əhatə edir”.
F.Kələntərli bildirib ki, kurslarda iştirak edən 3 qrup artıq məzun olub: “İçərisində proqramı mənimsəyib, testən yüksək bal toplayan – uğurlu bitirmələrinə dair sertifikat verilir, az bal toplayanlara isə iştiraka dair sertifikat verilir. Dayə olaraq fəaliyyət göstərənlər: psixoloji testlərdən keçirlər və proqramı mənimsəyib, testən yüksək bal toplayıblarsa dayə kimi işləmək üçün rəy verilir və lazımı sənədlər toplandıqdan sonra 3-lü( ailə, şirkət və dayə arasında) xidməti müqavilə imzalanaraq dayə kimi işləmələri üçün əlaqələndirilir. Bu məktəb ötən ilin mayından fəaliyyətdədir. Məktəbdə bağçalarda və ya fərdi dayəlik fəaliyyəti ilə məşğul olmaq istəyənlərə peşəkar dərslər keçirilir. Məktəbdə dayələrə uşaq psixologiyası, davranış qaydaları öyrədilməklə yanaşı, onların psixikasına da diqqət yetirilir. 46 dərsdən ibarət olan kurslar iki ay ərzində həyata keçirilir. Dayə kimi fəaliyyət göstərmək istəyənlərə əsasən uşaq intellektualının artırılması, uşaq enerjisinin müsbət yönlərə istifadəsi, yaradıcılıq qabiliyyətlərinin inkişafı istiqamətində olan dərslər keçirilir. Bundan əlavə, xüsusi pediatrlar qadınlara uşaqların qidalanması və gigiyenası sahəsini öyrədirlər”.
F.Kələntərli vurğulayıb ki, kurslar hamı üçün açıq olsa da, dayə kimi fəaliyyət göstərməyə zəmanət kursu bitirən hər kəsə verilmir. Belə ki, dərslərdə iştirak ediyi müddətdə onların davranışları və psixologiyası nəzərə alınır. Kursda qadınlara uşaq hüquqları və dayənin məsuliyyətləri xüsusi olaraq öyrədilir: “Dayələrə məsuliyyətləri öyrədilərkən onlara başa salınır ki, maddi məsuliyyəti də nəzərə alsınlar. Belə ki, bəzən dayələr uşaqlarla düzgün davranmır, çalışdıqları evə maddi zərər vururlar. Bu səbəbdən də məktəbimizdə kursa götürməmişdən əvvəl dayə kimi çalışmaq istəyənlərin psixoloji portreti hazırlanır. Kursu bitirən, amma psixoloji durumu uşaq baxıcılığı üçün uyğun olmayan şəxslərə zəmanət verilmir”. O qeyd edib ki, valideynlər dayə üçün müraciət edərkən daha çox rusdilli və yaşlılara üstünlük verirlər. Ailələr nadir hallarda cavan dayəyə üstünlük verirlər. Xüsusi təbəqə var ki, uşaqlarına daha intellektual səviyyəyə malik olan dayə axtarışında olur. Ailənin məsuliyyətləri müqavilə ilə tənzimlənsə də, bəzi insani faktorlar var ki, nəzərə alınmalıdır. “Ailədə hər hansı əmlaka, əşyaya ziyan vurmaq, oğurluq, uşağa qarşı hər hansı zorakılıq davranışı dayənin məsuliyyəti çərçivəsindədir. Bəzən olur ki, ailələr təkcə ailə deyil, ev işlərinin görülməsini də tələb edirlər. Təbii ki, hər bir hal müqaviləyə əsasən tənzimlənir. Dünya təcrübəsi göstərir ki, bütün ölkələrdə dayə işə götürülərkən agentliklər və ya şirkətlər tərəfindən təklif edilən dayələrə zəmanət verilir. Amma Azərbaycanda bu, hələ ki, inkişaf etməyib. Hər qadın dayə kimi fəaliyyət göstərə bilməz. Dayə işə götürülərkən sağlamlıq haqqında arayış, psixoloji durumu və dayə kimi fəaliyyət göstərə bilməsi üçün zəmanət tələb edilməlidir”.
“Caspian Plaza”nın 13-cü mərtəbəsində yerləşən şirkətin Facebook səhifəsi də var: https://www.facebook.com/pages/Professional-Training-and-Consulting-LLC/215357251829812 ünvanına daxil olmaqla şirkət və onun fəaliyyəti haqda ətraflı məlumat əldə etmək olar.
S.QARAYEVA





Bu yazı ( 208 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar