12px14px16px18px

Əyyub Quliyev Polşada keçirilən simfonik konsertə dirijorluq edib

01:30 / 15.03.2012
Martın 9-da Polşanın Koşalin Filarmoniyasının böyük zalında Arturo Toskanini adına beynəlxalq müsabiqənin qalibi, Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin idarəsilə Polşa Dövlət Filarmonik orkestrinin konserti olub. Konsertin təşkilatçıları Polşa Mədəniyyət Nazirliyi, Koşalin şəhər meriyası və Monyuşko adına Dövlət Filarmoniyasıdır. Həmin gecə Polşada ilk dəfə olaraq Əyyub Quliyevin dirijorluğu ilə dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Don Kixot” simfonik qravürləri edilib. Əsər polşalı dinləyicilər tərəfindən çox böyük maraqla qarşılanıb və konsertə gələn qonaqların xüsusi marağını nəzərə alaraq ifaçılar Qara Qarayevin digər məşhur əsərini – “Yeddi gözəl” baletindən “Vals”ı səsləndiriblər. Polşa Filarmonik orkestrinin təbii ifası və məharəti nəticəsində həmin gecə Azərbaycan musiqisinə həsr olunmuş maraqlı bir təqdimat gerçəkləşib. “Yeddi gözəl” baletindən “Vals”ın ifasından sonra polşalı dinləyicilər musiqiçiləri ayaqüstə alqışlayıblar. Konsertin digər bölməsində isə dahi rus bəstəkarı P.Çaykovskinin məşhur instrumental və səhnə əsərləri səsləndirilib. Onun fortepiano və orkestr üçün 1 saylı konsertini beynəlxalq müsabiqələr laureatı Stanislav Jevitski (Polşa) özünəməxsus şəkildə təqdim edərək, dinləyicilərin yüksək qiymətini alıb. Konsertin sonunda isə Çaykovskinin “Yatmış gözəl” baletindən süitanın ifası gecənin uğurlu sonluğuna çevrilib. Konsertdən sonra Filarmoniya rəhbərliyi dirijor Əyyub Quliyevi növbəti mövsümdə yeni konsert salonun açılışına dəvət edib.
GÜNEL


Bu yazı ( 135 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar