12px14px16px18px

“Sənətin keçdiyi yollar” mədəniyyət tariximizlə bağlı qiymətli mənbə kimi

13:42 / 02.03.2012
Əməkdar jurnalist Telman Qarayevin “Sənətin keçdiyi yollar” kitabı işıq üzü görüb. Kitab müəllifin 50 il ərzində Azərbaycanın musiqi dünyası ilə təmasının mənzərəsini əks etdirir. Topludakı məqalələri müəllif öz yaradıcılıq imkanlarına görə qruplaşdırıb. Üzeyir Hacıbəyovdan tutmuş müasir bəstəkarlıq məktəbinə qədər keçirdiyi 75 illik yol bu topluda geniş əhatə olunub. Nəşrə son illər həyatımızda baş verən ictimai-siyasi hadisələrlə bağlı məqalələr da daxil edilib.
Kitabın birinci fəsili “Üzeyir dünyası” adlanır. Fəsilə dahi Üzeyir Hacıbəyli haqqında yerli və xarici bəstəklarların, o cümlədən Q. Qarayevin, F.Əmirovun, Niyazinin, S. Rüstəmovun, S.Ələsgərovun, V.Adıgözəlovun, H.Xanməmmədovun, Dmitri Zənkinov, Raisa Qlezer, Arno Babacanyan, Y. Soloduxo, Qriqori Şantır və başqalarının ürək sözləri, həmçinin “Leyli və Məcnun”dan “Koroğlu”yadək, “Ölməz bəstəkar”, “Millətin Üzeyir bəyi”, 1985-ci ildə Azərbaycan radiosunda lentə alınmış “El qədrini bilənlər” verilişinin mətni, “Dahiyanə çıxış”, “Əsrimizin Üzeyiri”, “Üzeyirşünaslığın daha bir səhifəsi”, “Üzeyir ocağında daha bir görüş”, “Üzeyir Hacıbəyov şəcərəsi: Məhbubə Paşayeva və başqaları”, “Böyük ilhamın bəhrəsi”, “Əsrin tələblərinə cavab verək”, “Əsl sənət ocağı”, “Sözü kafedra müdirlərinə veririk”, “Yeni yaradıcılıq həvəsi ilə”, “Mənəvi dünyamız” başlıqlı məqalə və araşdırmaları daxil edilib.
“Musiqimizin problemləri” adlanan ikinci fəsildə müəllif vaxtilə respublikamızın musiqi həyatında baş verən mövcud problemləri işıqlandıran “Ədəbiyyat və incəsənət “ qəzetində dərc edilmiş məqalələr öz əksini tapıb. Qədim xalq sənətimiz olan rəqslərimizin vəziyyəti, xalq musiqimizin, folklor qaynaqlarımızın, xor sənətimizin səviyyəsi, mahnılarımızın inkişafı, vokal sənətimizin durumu, muğamlarımızın taleyi və digər həlli vacib məsələlər bu məqalələrdə əks olunub.
Milli rəqslərimiz haqqında “Rəqslərimizə geniş meydan açaq”, “Müzakirəyə yekun vururuq” başlıqlı məqalələrdə ilk Azərbaycan rəqsinin yaranmasından, bu mövzuya xalq artisti Əminə Dilbazinin münasibəti, Cahangir Cahangirovun o dövr üçün rəqs sənətinin aşağı səviyyədə olmasının səbəblərinə görə verdiyi maraqlı açıqlamalar yer alıb. “Bir xəbərin izi ilə”, “Musiqimizin şöhrəti”, “Oxu, tar, qoy nəğmələrin ucalsın”, “Janrın tələblərini unutmaq olmaz”, “Musiqi əsərlərinin təbliği”, “Mahnılar yaranır ancaq...”, “Mahnı insanın qanadıdır”, “Söhbət faydalı oldu”, “Xalq sənəti tədqiq olunur”, “Vokal sənətimizin dünəni, bu günü və sabahı”, “Hər şeyi özümüzdə axtarmalıyıq”, “Dinləyici çaşmasın, neyləsin” və s. məqalələrdə bəstəkar Oqtay Kazımov, Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnsitutunun musiqi şöbəsinin müdiri Qubad Qasımov, Ağabacı Rzayeva, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Tofiq Quliyev, Şahmalı Kürdoğlu və başqa unudulmaz mədəniyyət və incəsənət adamları ilə aparılan müsahibə və söhbətlər qələmə alınıb. “Sənət müjdələri” adlı üçüncü fəsildə yer alan “Musiqi ocaqlarında”, “Həyat nəğməsi”, “Yeni mövsüm, yeni tədbirlər”, və “Mənalı ömür yolu” başlıqlı məqalələrdə Azərbaycan musiqi mədəniyyəti üçün hadisə sayılan xəbərlər işıqlandırılıb. Toplunun dördüncü fəsilində “Yubileylər, xatirələr, təəssüratlar” la bağlı məqalələr verilib. Fəsildə müəllifin Bülbülün 75, Maestro Niyazinin 60, Fikrət Əmirovun 50, Qara Qarayevin 75, Süleyman Ələsgərovun 50, Əfrasiyab Bədəlbəylinin 100, Rəşid Behbudovun 90 illik yublieyləri ilə bağlı məqalələri, o cümlədən Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Merəliyeva, Rübabə Muradova, “ Qaya” vokal kvarteti, Fərhad Bədəlbəyli, Lüftiyar İmanov və bir sıra korifey sənətkarlarımız haqqında yazıları da var. Azərbaycan musiqi mədəniyyətinin keçmişini öyrənmək baxımından Telman Qarayevin “Sənətin keçdiyi yollar” toplusu qiymətli bir mənbə hesab edilə bilər. Kitaba ön söz yazan xalq artisti Ramiz Zöhrabovun da qeyd etdiyi kimi, “Telman müəllimin səs xəzinəsində hər hansı bir lenti tərpətsən oradan Azərbaycanın sənət korifeyləri Q. Qarayevin, F. Əmirovun, Niyazinin, Ə. Bədəlbəylinin, V.Adıgözəlovun, Ş.Ələkbərovanın, C. Cahangirovun, X. Şuşinskinin, Ş.Behbudovun, Ə.Əliyevin və başqa el sənətkarlarının unudulmaz səslərini eşidərsən. Eləcə də müəllif dünyanın sənət xiridarlarının Azərbaycan musiqi mədəniyyəti və onun ifaçıları haqqında qiymətli ürək sözlərini lentə almaqla bu xəzinənin dəyərini artırmışdır”.
GÜNEL




Bu yazı ( 91 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar