12px14px16px18px

Şamaxıda Mirzə Ələkbər Sabirlə bağlı müsabiqə çərçivəsində tədbirlər keçirilir

00:36 / 01.03.2012
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondu (SAMF) Şamaxıda böyük şair M.Ə.Sabirin yaradıcılığına həsr olunan ikinci bədii qiraət müsabiqəsinə start verib. SAMF-dan “525”ə verilən məlumata görə, iki mərhələdə keçiriləcək müsabiqəyə klassik şairin 150 illik yubileyi ərəfəsində yekun vurulacaq. Müsabiqənin birinci mərhələsi rayonun bütün təhsil müəssisələrində, o cümlədən orta məktəblərdə, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı Filialında, Şamaxı Humanitar Kollecində keçiriləcək.
Fevralın 28-də müsabiqənin təşkilatçıları Şamaxı şəhərində olub, müsabiqənin təhsil və mədəniyyət ocaqlarında birinci mərhələsinin gedişi ilə bağlı fikir mübadiləsi aparıblar. Daha sonra Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Səadət Veysova, Mədəniyyət və Turizim şöbəsinin müdiri Məleykə Kamilova, Şamaxı Humanitar Kollecinin direktoru Rauf Əliyevlə və digərlər məsul şəxslərlə görüşərək, müsabiqənin birinci mərhələsinin gedişini müzakirə ediblər. Görüşlərdə 13 martda rayonun bütün təhsil ocaqlarında çalışan Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iştirakı ilə seminarın keçirilməsi qərara alınıb. Seminar müsabiqədə iştirak edəcək təhsil ocaqlarının müəllimlərinin tədbirə daha da məsuliyyətlə yanaşması məqsədilə keçiriləcək. Sonda müsabiqə ilə bağlı Şamaxıda yerləşən bütün təhsil və mədəniyyət ocaqlarına təşkilatçılar tərəfindən müsabiqə üçün hazırlanmış buklet və plakatlar paylanılıb.
Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, habelə şairin yaradıcılığının tədris prosesində tətbiqinə metodiki dəstək vermək, tədris prosesində fəal şagird və tələbələri üzə çıxarmaqla onları ədəbiyyata həvəsləndirməkdir. Yekun mərhələdə qalibləri tanınmış mədəniyyət və incəsənət xadimlərinin, habelə Şamaxıda fəaliyyət göstərən elm adamlarının qatıldığı münsiflər heyəti seçəcək. Müsabiqə qaliblərinə qiymətli hədiyyələr və diplom veriləcək.
BƏXTİYAR



Bu yazı ( 144 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar