12px14px16px18px

Xocalı faciəsi Naxçıvanda “İnsanlığa qarşı cinayət” mövzulu elmi konfransla xatırlanıb

10:46 / 29.02.2012
XX əsrin tarixinə qara hərflərlə yazılmış Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar AMEA Naxçıvan Bölməsində tədbirlər planına uyğun olaraq “Xocalı faciəsi: insanlığa qarşı cinayət” mövzusunda elmi konfrans keçirilib. Xocalıda həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq qeyd edib ki, hər il ölkəmizdə və ölkəmizdən kənarda Xocalı şəhərində törədilən soyqırımın qurbanları anılır, ermənilərin günahsız əhaliyə qarşı törətdikləri vəhşiliklərdən söz açılır.
Ermənilərin cinayətlərinin mahiyyətini tədbir iştirakçılarına açıqlayan akademik İ.Hacıyev erməni quldurlarının Azərbaycan xalqının başına gətirdikləri soyqırım aktının, faciələrin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında ümummilli lider Heydər Əliyevin imzaladığı tarixi sənədlərin əhəmiyyətindən bəhs edib. İ.Hacıyev son illər beynəlxalq ictimaiyyətin faciə ilə bağlı ətraflı məlumatlandırılması istiqamətində ölkədə həyata keçirilən işlərdən danışaraq qeyd edib ki, ermənilərin Azərbaycan xalqına qarşı zaman-zaman apardığı məqsədyönlü soyqırım, repressiya və deportasiya, etnik təmizləmə, işğal siyasətinin əsaslı şəkildə araşdırılıb dünyaya çatdırılması istiqamətində işlər davam etdirilməlidir.
Tədbirdə Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyevin “Xocalı faciəsinə gedən yol”, həmin institutun böyük elmi işçiləri Zakir Rzayevin “Xocalı faciəsi: səbəbləri, nəticələri, dərsləri”, Sara Hacıyevanın “Xocalı faciəsi ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım siyasətinin tərkib hissəsidir” mövzusunda məruzələri dinlənilib.
Elmi konfransın sonunda Xocalı faciəsi barədə videokadrlar göstərilib, “Əsrin faciəsi – Xocalı soyqırımı” başlığı altında təşkil edilmiş sərgi nümayiş olunub.



Bu yazı ( 96 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar