12px14px16px18px

Azərbaycan şairləri Gürcüstanda Vaja Pşavela mükafatına layiq görülüblər

QİSMƏT VƏ ALİK ƏLİOĞLUNUN ŞEİRLƏRİNİ MÜSABİQƏYƏ SƏLİM BABULLAOĞLUNUN BAŞ REDAKTORU OLDUĞU “DÜNYA ƏDƏBİYYATI” DƏRGİSİ TƏQDİM EDİB

00:44 / 07.12.2011

– Bildiyimizə görə, iki gənc şairimiz – Qismət və Alik Əlioğlu, sizin baş redaktoru olduğunuz “Dünya ədəbiyyatı” dərgisinin təqdimatı ilə, Gürcüstanda keçirilən poeziya müsabiqəsinə qatılıb və uğur qazanıblar. Bu prosesin fəal iştirakçısı kimi fikirlərinizi bilmək istərdik.
– Bəli, bu il Gürcüstan Yazıçılar Birliyinin keçirdiyi Ümumqafqaz poeziya müsabiqəsində iki Azərbaycan şairi qaliblər sırasında yer alıb. Qismətin və Alik Əlioğlunun şeirləri təqdim olunmuşdu müsabiqəyə. Əslində mən hər iki şairin yaradıcılığı ilə yaxından tanışam, iş elə gətirib ki, onların hər ikisinin ilk kitablarının redaktoru olmuşam. Odur ki, bilirdim hansı mətnləri təqdim eləmək olar. Mətnləri, bizim sifarişimizlə, tanınmış şair-tərcüməçi İmir Məmmədli və tərcüməçi Nelli Məmmədli hazırlamışdılar. Qaydaya görə mükafat bir şairə təqdim olunmalıydı. Digər ölkələrlə bağlı belə də oldu. Amma bizdən hər iki şairin şeiri uğurluydu və Gürcüstan tərəfi də qərar verməyə çətinlik çəkdi deyə, axırda mən Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşviliyə təklif etdim ki, mükafat hər iki şairə verilsin, pul mükafatı da onların arasında bölünsün. Sevinirəm ki, “Dünya ədəbiyyatı” dərgisinin təqdimatı və təşkilatçılığı ilə bizim iki gənc və olduqca istedadlı şairimiz bu mükafatı aldı.
– Bu mükafat və onun mahiyyəti haqqında nələr demək olar?
– Vaja Pşavela gürcü klassikidir. XIX əsrin ortalarında anadan olub, ötən əsrin əvvəllərində vəfat edib. Gürcü şeirində onu yaradıcılığının özünəməxsus yeri var. Həm tematik, həm üslubi baxımdan. Onun adını daşıyan mükafat isə Gürcüstan Yazıçılar Birliyinin təsis elədiyi nüfuzlu mükafatlardan sayılır. Bunu vaxtilə Aleksandr Mejirov kimi tanınmış rus şairi alıb. Yaxud, tutalım, müasir gürcü poeziyasının istedadlı nümayəndələrindən olan Zviad Ratiani və başqaları da həmin mükafata layiq görülüblər. Şərtlərə görə, yaşı otuza qədər olan şairlər iştirak eləməliydi builki müsabiqədə. Və onların yeni, diqqətçəkən kitabları nəşr olunmalıydı ana dilində. Bizim seçimimiz düz oldu, gürcülər və ordakı münsiflər də bizim yanılmadığımızı sübut elədilər. Yaxın günlərdə Qismət də, Alik də Tbilisidə olacaqlar, həm mükafatlarını alacaqlar, həm də “Çağdaş ədəbi problemlər” mövzusunda dəyirmi masada iştirak edəcəklər. Mən gənc həmkarlarımı bu mükafat münasibətilə təbrik edir, Gürcüstan Yazıçılar Birliyinin sədri hörmətli Makvala Qonaşviliyə dərin təşəkkürümü çatdırıram.



Bu yazı ( 136 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar